Bloq / Səyahət Gündəliyi
4

Dağlarda bir ailə kimi – Dubaydan Qafqazın qədim kəndlərinə

Dubaydan gələn qonaqlarımızla Azərbaycanın qədim və yüksək dağ kəndlərinin tarixi cığırları boyunca Qafqaz dağlarının ətəklərində maraqlı trekking səyahəti etdik. Yol boyunca müxtəlif dillərin danışıldığı kəndləri ziyarət edərək yerli xalqların adət-ənənələri, həyat tərzi və mətbəxi ilə tanış olduq. Bir neçə ailədən ibarət qrupumuz səyahət boyunca böyük bir ailə kimi mehribanlıqla vaxt keçirdi. Xüsusilə 13 yaşlı iştirakçımızın ailəsi ilə birlikdə təbiəti kəşf etməsi bu səfəri mənim üçün daha da yaddaqalan etdi.

Dağlarda bir ailə kimi – Dubaydan Qafqazın qədim kəndlərinə

Bəzi səyahətlər var ki, insanın yaddaşında yalnız gördüyü mənzərələrlə deyil, birlikdə yol getdiyi insanlarla və kəşf etdiyi yeni mədəniyyətlərlə də qalır.

Bu dəfə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən gələn qonaqlarımızla Azərbaycanın qədim və yüksək dağ kəndlərinin tarixi cığırları boyunca Qafqaz dağlarının qoynunda trekking səyahətinə çıxdıq.

Səyahət boyunca keçdiyimiz kəndlər qonaqlarımıza Azərbaycanın zəngin mədəni müxtəlifliyini yaxından tanımaq imkanı verdi. Müxtəlif dillərin danışıldığı, fərqli xalqların özünəməxsus adət-ənənələrini qoruyub saxladığı bu yaşayış məntəqələrində yerli həyat tərzi ilə tanış oldular. Kənd sakinləri ilə ünsiyyət, ənənəvi evlər və yerli mətbəxin dadına baxmaq səfərə tamam başqa bir rəng qatdı.

Qrupumuzda bir neçə ailə var idi. İlk baxışdan fərqli ailələrdən ibarət bir qrup olsa da, səyahət boyunca onların bir-birinə münasibəti, qarşılıqlı dəstəyi və mehribanlığı bizə böyük bir ailəni xatırlatdı. Birlikdə gəzdiq, söhbət etdik, yeni yerlər kəşf etdik və proqramımızı xoş əhval-ruhiyyə ilə başa vurduq.

Bu səfərdə diqqətimi çəkən məqamlardan biri qrupda 13 yaşlı bir uşağın da olması idi. Ailəsi ilə birlikdə dağ cığırlarında addımlayan, təbiəti kəşf edən və bu səyahətin bir hissəsi olan gənc iştirakçımızı görmək məni xüsusilə sevindirdi.

Bu gün uşaqların vaxtlarının böyük hissəsini telefon və kompüter qarşısında keçirdiyi bir dövrdə onların ailələri ilə birlikdə dağlara çıxması, təbiəti yaxından tanıması və yeni yerlər kəşf etməsi məncə, çox dəyərlidir.

Düşünürəm ki, uşaqlar üçün ən gözəl xatirələrdən bəziləri məhz belə səyahətlərdə yaranır. Dağ cığırlarında atılan addımlar, ilk dəfə görülən mənzərələr, yerli insanlarla tanışlıq və ailə ilə bölüşülən macəralar illər sonra da unudulmur.

Bizim üçün də bu səfər sadəcə bir trekking turu deyildi. Fərqli ölkədən gələn insanlarla eyni yollarda addımlamaq, onlara Azərbaycanın təbiətini, mədəniyyətini və qonaqpərvərliyini tanıtmaq gözəl təcrübə oldu.

Qafqaz dağlarının yolları bizi yenə yeni insanlarla tanış etdi. Bu dəfə isə yolumuzdan gözəl mənzərələrlə yanaşı, xoş təəssüratlar və səmimi xatirələr də qaldı.

Paylaş
Babək Orabanlı

Babək Orabanlı

Babək İsgəndərov (Orabanlı) – Peşəkar dağçı, dağ bələdçisi və təlimçi. 15 illik təcrübəyə malikdir, 100-dən çox zirvəyə qalxıb. Azərbaycanın ən yüksək zirvəsi Bazardüzü dağına qışda solo dırmanan ilk azərbaycanlıdır. Dağçılıq və bələdçilik sahəsində müxtəlif beynəlxalq kursları bitirib.

Rəylər (0)

Rəy Bildirin

English