Bloq
6

Qafqaz Albaniyası Yolunu kim kəşf edib?

Qafqaz Albaniyası Cığırı Azərbaycanın qədim tarixi, dağları və mədəni irsini birləşdirən unikal trekking marşrutudur. Cığır boyunca qədim yaşayış məskənləri, Alban kilsələri, tarixi yollar və Qafqazın möhtəşəm təbiəti ilə tanış olmaq mümkündür. Bu marşrut Qafqaz Albaniyası tarixi, dağ yürüşləri, mədəniyyət və ekoturizm həvəskarları üçün xüsusi təcrübə təqdim edir. Qafqaz Albaniyasının izlərini təbiətin qoynunda kəşf etmək istəyənlər üçün bu cığır Azərbaycanın ən maraqlı tarixi-trekking istiqamətlərindən biridir.

Qafqaz Albaniyası Yolunu kim kəşf edib?

Alban yolunu kim kəşf edib?

Alban yolunun müasir trekking marşrutunu kim yaradıb?

Alban yolunun müasir trekking marşrutunun araşdırılması və formalaşdırılması mənim — Babək İsgəndərovun — uzun illər ərzində apardığım dağ və tarix araşdırmalarının nəticəsidir.

Amma mən “Alban yolunu mən yaratdım” deməyi düzgün hesab etmirəm.

Çünki bu yolları mən yaratmamışam.

Bu yollar məndən yüzlərlə, bəlkə də minlərlə il əvvəl insanların istifadə etdiyi yollardır. Mənim gördüyüm iş isə onların izlərini axtarmaq, bir-biri ilə əlaqəsini araşdırmaq, xəritələndirmək və müasir trekking marşrutu kimi yenidən insanlara təqdim etməkdir.

Bu fikrə gəlməyim isə heç də dağlarda bələdçi kimi fəaliyyət göstərdiyim dövrdən başlamayıb.

Əslində, hər şey uşaqlıqdan başlayıb.

Alban yolunun tarixi mənim üçün haradan başladı?

Mənim Alban tarixinə marağımın başlanğıcı doğulduğum Şəki rayonunun Oraban kəndi ilə bağlıdır.

Uşaqlıqda hər gün kəndin yuxarı hissəsində yerləşən, yerli insanların “Yamac” adlandırdığı ərazidə oynayardıq.

Orada böyük-böyük qəbir daşları var idi.

Daşlar səliqəli şəkildə düzülmüşdü. Biz uşaqlar onların üzərində oturur, oynayırdıq. Yuxarı məhəllənin sakinləri isə həmin daşların üzərində heyvanlara duz verirdilər.

O vaxt bunun nə olduğunu, bu daşların neçə yüz və ya neçə min illik tarixə malik ola biləcəyini təbii ki, başa düşmürdük.

Bizim üçün sadəcə uşaqlığımızın keçdiyi yer idi.

1990–1998-ci illər mənim uşaqlıq dövrüm idi. Həmin illər Qarabağ müharibəsinin davam etdiyi ağır dövrə təsadüf edirdi.

Sonralar həmin əraziyə münasibət də dəyişdi.

Bir müddət sonra yerli insanlar bu qəbiristanlığı “erməni qəbiristanlığı” adlandırmağa başladılar və nəticədə qəbir daşlarının bir hissəsi dağıdıldı.

Halbuki mənim uşaqlıq xatirələrimdə həmin yer qədim və sirli bir məkan kimi qalmışdı.

Qəbiristanlığın içərisində həmişəyaşıl bir ağac da var idi. Həmin ağacın dibindəki qəbir daşlarından birinin üzərində at nalına bənzər oyma, başqa bir daşda isə qab və ya banka izinə bənzəyən oyma diqqətimi çəkirdi.

O vaxt bunun mənasını bilmirdim.

Sonralar bu ərazidə qeyri-qanuni qazıntılar aparıldı və bəzi insanlar burada qiymətli əşyalar axtarmağa başladılar.

Beləliklə, uşaqlığımın bir hissəsi olan həmin qədim məkan zaman keçdikcə demək olar ki, tamamilə dağıldı.

Amma suallar məndə qaldı.

“Bu kənddə əvvəllər nə olub?”

Kənddə yaşlı insanların danışdıqlarından eşidirdik ki, Orabanda vaxtilə iki kilsə də olub.

Onların da sonradan dağıdıldığı deyilirdi.

Mən böyüdükcə tarixə marağım artmağa başladı.

Girdiman dövləti haqqında, Cavanşir haqqında və daha sonra Qafqaz Albaniyası haqqında oxuduqca uşaqlıqda gördüyüm o qəbir daşları, kənddə danışılan kilsələr və ətraf ərazilərdəki qədim izlər mənim üçün başqa məna qazanmağa başladı.

Mən özümə sual verməyə başladım:

Biz İslamdan əvvəl kim idik?

Bu kəndlərdə kimlər yaşayırdı?

Onlar bir-biri ilə necə əlaqə saxlayırdılar?

Dağların o biri tərəfindəki kəndə hansı yolla gedirdilər?

O vaxt hələ bilmirdim ki, bu suallar illər sonra məni Alban yolu layihəsinə gətirib çıxaracaq.

Dağçılıq mənə başqa bir qapı açdı

Tələbəlik illərimdə və xüsusilə 2010-cu ildən alpinizm və dağçılıqla məşğul olmağa başladıqdan sonra bu maraq tamam başqa istiqamət aldı.

Dağlara getdikcə Azərbaycanın ucqar kəndlərini, dərələri, dağ keçidlərini və köhnə cığırlarını görməyə başladım.

Mən başa düşdüm ki, dağları yalnız zirvələri ilə öyrənmək kifayət deyil.

Dağın özündə yaşayan insanların həyatı, kəndlər arasındakı yollar və qədim keçidlər də bu coğrafiyanın tarixidir.

2016-cı ildə kiçik bir turizm şirkəti yaratdım. Sonrakı illərdə təbiət və macəra turizmini inkişaf etdirməyə başladım.

Daha sonra Campsiz layihəsi yarandı və birgünlük hiking yürüşləri təşkil etməyə başladıq.

İlk yürüşlərimizdən biri Çıraqqala, digəri isə İsmayıllı rayonunun Talıstan kəndi yaxınlığında yerləşən Cavanşir qalasına oldu.

Cavanşir qalasına getmək mənim üçün adi bir hiking deyildi.

Uşaqlıqdan haqqında oxuduğum Cavanşirin adı ilə bağlı bir məkana bu dəfə dağçı və bələdçi kimi gedirdim.

Bu yürüşlər mənim üçün təbiət turizmindən daha böyük bir marağın başlanğıcına çevrildi.

Dağları gəzdikcə suallarım çoxaldı

Azərbaycanın dağ kəndlərinə getdikcə daha çox məlumat toplamağa başladım.

Kəndləri gəzdikcə, yerli insanlarla danışdıqca, tarixi mənbələri oxuduqca bir şey diqqətimi çəkirdi.

Qafqaz Albaniyası ilə əlaqəli olduğu düşünülən tarixi məkanlar və qədim dini abidələr Azərbaycanın şimal və şimal-qərb bölgələrində sanki bir xətt boyunca yerləşirdi.

Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ və digər ərazilərdə ayrı-ayrı tarixi məkanlara rast gəlirdik.

Mənim üçün təbii sual yarandı:

Bu kəndlər və yaşayış məntəqələri bir-biri ilə necə əlaqə saxlayırdı?

Əgər bu ərazilərdə insanlar yaşayırdısa, onların bir-birinə getməsi üçün yollar da olmalı idi.

Əgər ticarət aparılırdısa, karvan yolları olmalı idi.

Əgər kəndlər və dini mərkəzlər bir-biri ilə əlaqəli idisə, onları birləşdirən keçidlər olmalı idi.

Beləliklə, mənim üçün əsas araşdırma sualı artıq bu idi:

Alban irsi ilə bağlı bu məkanları birləşdirən qədim yollar haradan keçirdi?

2017-ci ildən Alban yollarını araşdırmağa başladım

2017-ci ildən etibarən bu istiqamətdə daha sistemli araşdırmalara başladım.

İlk olaraq Şəki və doğulduğum Oraban kəndinin ətrafındakı tarixi məkanları araşdırmağa başladım. Mövcud xəritələrə baxır, kəndləri və tarixi məkanları bir-biri ilə əlaqələndirməyə çalışırdım.

Sonra gördüm ki, ayrı-ayrı məlumatlar arasında əlaqələr yaranmağa başlayır. Qonşu kəndlərimizdən Küngüt kəndində Alban kilsəsi, Bideyiz kəndində kilsələr, Kəldəkdə isə Gavur qalası kimi Alban tarixi ilə əlaqəli əraziləri gəzməyə başladım.

Beləliklə, qarşıma maraqlı bir sual çıxdı: deməli, bu kəndləri birləşdirən yollar tarix boyu mövcud olub.

Bir kənd haqqında danışılan köhnə yol digər kənddə xatırlanan yol ilə üst-üstə düşürdü. Xəritədə bir xətt çəkdikdə isə bəzi tarixi məkanların bir-birinə yaxınlaşdığını görürdüm.

Bu məni daha da həvəsləndirdi.

Fikirlərimi bir neçə nəfərlə bölüşdüm. Lakin başlanğıcda bu ideyaya çox böyük maraq olmadı. Mən də gözləmək əvəzinə özüm xəritələr üzərində işləməyə başladım.

Getdikcə başa düşürdüm ki, araşdırdığım kəndlər, tarixi məkanlar və köhnə yollar ayrı-ayrı məlumatlar deyil. Onların arasında müəyyən bir əlaqə və bütöv bir coğrafi sistem ola bilərdi.

Mənim üçün artıq əsas məsələ yalnız tarixi abidələri tapmaq deyildi. Bu abidələri, kəndləri və yolları bir-biri ilə əlaqələndirmək və keçmişdə bu coğrafiyada necə bir hərəkət və əlaqə şəbəkəsinin mövcud olduğunu anlamaq idi.

 

Qəbələdə gördüyüm yollar

2018-ci ildə Qəbələ tərəfdən Dəmiraparançay istiqamətinə və Tufandağa getdim.

Dağların üzərində qayalara salınmış maraqlı yollar gördüm.

Bu yolların ölçüsü və quruluşu mənim diqqətimi çəkdi.

Mənə elə gəldi ki, bunlar sadəcə piyada cığırları deyil, müəyyən hissələrdə yük və araba daşınması üçün istifadə olunmuş yollar ola bilər.

Bu fikir məndə yeni suallar yaratdı:

Buradan nə daşınıb?

Bu yol haradan başlayıb?

Hara gedib?

Dağların o biri tərəfində hansı yaşayış məntəqəsinə çıxıb?

Bu yollar ticarət əlaqələrinin bir hissəsi ola bilərdimi?

Bu suallar mənim araşdırmaya olan həvəsimi daha da artırdı.

Bundan sonra dağlara etdiyim səfərlərdə artıq yalnız yürüş etmirdim.

Yol axtarırdım.

İz axtarırdım.

Köhnə keçidlərə baxırdım.

Daşların düzülüşünə, yolun istiqamətinə, kəndlərlə əlaqəsinə diqqət edirdim.

Dərbənd səfəri

Bu araşdırmanın başqa bir mərhələsi isə Dərbənd səfərimizlə bağlıdır.

2011-ci ildə dostum Elnurla Dərbəndə getmişdik.

Elnur tarixçi idi və həmin dövrdə magistr işi üçün Dərbəndi araşdırırdı.

O məni Dərbənddə yerləşən Alban kilsəsinə apardı.

Dərbəndin məşhur Dəmirqapı tarixi məkanı daxilində Alban irsi ilə bağlı bir abidənin mövcudluğu mənim üçün xüsusilə maraqlı idi.

Bu səfər mənim beynimdə başqa bir sual yaratdı:

Əgər Alban irsi ilə bağlı məkanlar Azərbaycanın şimal-qərbindən Dərbəndə qədər uzanırdısa, bu ərazilərdə yaşayan insanlar arasında hansı əlaqələr mövcud olub?

Və ən əsası:

Onları birləşdirən yollar haradan keçib?

Balakəndən Dərbəndə qədər...

Araşdırmalarım dərinləşdikcə məndə belə bir fikir formalaşmağa başladı:

Bəlkə də Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ və daha şərqdə yerləşən ərazilər bir-birindən təcrid olunmuş yaşayış məntəqələri deyildi.

Bəlkə bunlar daha böyük tarixi coğrafiyanın hissələri idi.

Və əgər belə idisə, onların arasında əlaqə yolları mütləq mövcud olmalı idi.

Mən artıq yalnız bir kəndin və ya bir abidənin yolunu axtarmırdım.

Böyük bir yol sistemini axtarmağa başlamışdım.

2024-cü ildə Elnurla bu işi sistemləşdirdik

2024-cü ildə bu layihə haqqında dostum Elnura danışdım.

O, ideyanı müsbət qarşıladı və bu işi birlikdə daha sistemli şəkildə aparmağı təklif etdi.

Bu əməkdaşlıq mənim üçün çox əhəmiyyətli oldu.

Çünki mən əsasən dağları, yolları, keçidləri və trekking marşrutlarını araşdırırdım.

Elnur isə tarixi mənbələri və Alban irsi ilə bağlı məsələləri araşdırmağa başladı.

Beləliklə, iki istiqamət birləşdi:

Mən – dağ və yol.

Elnur – tarix və mənbələr.

Bu əməkdaşlıq Alban yolu layihəsinin daha sistemli şəkildə inkişaf etməsinə imkan verdi.

2025-ci ildə Şəki ərazisinə aid araşdırmalarımızın nəticəsi olaraq “Alban yolu” adlı kiçik bir kitab hazırladıq.

Bu kitab bizim üçün sadəcə bir nəşr deyildi.

Bu, illərlə davam edən sualların ilk yazılı nəticələrindən biri idi. Sonra isə Albanyolu.az saytı oldu

Alban yolunu necə tapırıq?

Əslində, “Alban yolunu tapmaq” bir yol tapmaq qədər sadə deyil.

Çünki dağlarda bir yolun izini tapmaq üçün bəzən xəritə kifayət etmir.

Bəzən kənddə yaşayan yaşlı bir insanın yaddaşı daha qiymətli olur.

O deyir:

“Biz əvvəllər bu yolla yaylağa gedirdik.”

Və sən həmin istiqaməti araşdırmağa başlayırsan.

Bəzən çoban başqa bir keçiddən danışır.

Bəzən xəritədə görünməyən cığır peyk görüntüsündə müəyyən edilir.

Bəzən isə meşənin içində daş döşəmənin qalıqları qarşına çıxır.

Sonra həmin yolu piyada keçmək lazımdır.

Əgər keçmək mümkündürsə, GPS trekini götürürəm.

Məsafəni ölçürəm.

Yüksəklik fərqini qeyd edirəm.

Su mənbələrini müəyyənləşdirirəm.

Kəndlərə giriş və çıxışları yoxlayıram.

Yolun təhlükəli hissələrini qeyd edirəm.

Sonra həmin məlumatları xəritəyə köçürürəm.

Beləliklə, şifahi yaddaş → xəritə → sahə araşdırması → GPS → trekking marşrutu mərhələləri yaranır.

Xəritədə olmayan yol

Mənim üçün ən maraqlı məqam budur ki, bu gün xəritədə olmayan yol dünən insanların gündəlik həyatı üçün çox vacib ola bilərdi.

İndi avtomobil yolu var.

İnsanlar maşınla gedir.

Amma bundan əvvəl kənddən kəndə piyada və ya atla getmək lazım idi.

Dağ keçidləri, çoban yolları, yaylaq yolları və karvan yolları insanların həyatının bir hissəsi idi.

Bu yolların bir hissəsi artıq unudulub.

Bəzilərinin izi isə hələ də dağlarda qalır.

Mənim məqsədim həmin izləri tapmaqdır.

Alban yolu nədir?

Alban yolu mənim üçün sadəcə bir trekking turu deyil.

Bu, Azərbaycanın tarixini piyada araşdırmaq layihəsidir.

Mən istəyirəm ki, yürüşçü bir kənddən digərinə gedərkən yalnız təbiəti görməsin.

O, yol boyunca tarixi də görsün.

Qədim yaşayış məntəqəsini görsün.

Alban irsi ilə bağlı abidəni görsün.

Köhnə kənd yolundan keçsin.

Dağ keçidini keçsin.

Yerli insanlarla tanış olsun.

Kənd evində gecələsin.

Yerli yeməkləri dadsın.

Və günün sonunda başa düşsün ki, keçdiyi yol sadəcə bir cığır deyil.

Bu yolun öz tarixçəsi var.

Alban yolu gələcəkdə hara qədər uzana bilər?

Mən Alban yolunu tamamlanmış layihə hesab etmirəm.

Əksinə, bu iş hələ başlanğıcdadır.

Azərbaycanın dağlarında hələ araşdırılmamış çoxlu ərazilər var.

Xəritələrdə görünməyən yollar var.

Yaşlı insanların yaddaşında qalan, amma artıq istifadə olunmayan keçidlər var.

Qədim yaşayış məntəqələri var.

Araşdırılmalı abidələr var.

Və bütün bunları bir-birinə bağlayan yolların olduğunu düşünürəm.

Mənim məqsədim bu yolları təkcə tapmaq deyil.

Onları:

araşdırmaq,

piyada keçmək,

GPS ilə xəritələndirmək,

sənədləşdirmək,

tarixi mənbələrlə müqayisə etmək

və gələcəkdə uzun məsafəli trekking marşrutları şəklində insanlara təqdim etməkdir.

Mən Alban yolunu yaratmıram

Bəzən məndən soruşurlar:

“Alban yolunu sən yaratmısan?”

Mənim cavabım belədir:

Xeyr. Mən bu yolu yaratmamışam.

Mənim yaratdığım şey onun müasir trekking marşrutu kimi araşdırılması və sistemləşdirilməsidir.

Bu yollar məndən çox əvvəl mövcud olub.

Bu yollardan kəndlilər keçib.

Çobanlar keçib.

Tacirlər keçib.

Səyyahlar keçib.

Bəlkə də əsrlər əvvəl bu yollardan bizim heç bilmədiyimiz insanların ayaq izləri keçib.

Mən sadəcə onların izlərini yenidən axtarıram.

Onları xəritəyə köçürürəm.

Və istəyirəm ki, bu gün unudulmuş yollar gələcəkdə yenidən yaşasın.

Mənim üçün Alban yolu nə deməkdir?

Uşaqlıqda Orabanda qəbir daşlarının üzərində oynayan bir uşaq idim.

O vaxt həmin daşların tarixini bilmirdim.

Sonra tarix haqqında oxudum.

Dağlara çıxdım.

Kəndləri gəzdım.

Qədim yolları gördüm.

Cavanşir qalasına getdim.

Dərbənddə Alban irsi ilə bağlı abidəni gördüm.

Şəki, Qax, Qəbələ və Azərbaycanın digər dağlıq ərazilərində yolları araşdırdım.

Və illər sonra uşaqlıqda özümə verdiyim suallar yenidən qarşıma çıxdı:

Bu insanlar kim idi?

Harada yaşayırdılar?

Bir-birləri ilə necə əlaqə saxlayırdılar?

Hansı yollardan keçirdilər?

Bu gün mən həmin sualların cavablarını dağlarda axtarıram.

Bəlkə də Alban yolunun ən böyük kəşfi yeni bir yol tapmaq deyil.

Ən böyük kəşf odur ki, Azərbaycanın dağlarında hələ də bizi gözləyən çox böyük bir tarix var.

Mənim işim isə həmin tarixin yollarını tapmaqdır.

Babək İsgəndərov

Paylaş
Babək Orabanlı

Babək Orabanlı

Babək İsgəndərov (Orabanlı) – Peşəkar dağçı, dağ bələdçisi və təlimçi. 15 illik təcrübəyə malikdir, 100-dən çox zirvəyə qalxıb. Azərbaycanın ən yüksək zirvəsi Bazardüzü dağına qışda solo dırmanan ilk azərbaycanlıdır. Dağçılıq və bələdçilik sahəsində müxtəlif beynəlxalq kursları bitirib.

Rəylər (0)

Rəy Bildirin

English