Bloq / Tarixi yerlər
17

Azərbaycan Şərab Regionları və Şərab Zavodları

Azərbaycanın ən məşhur şərab zavodlarını ziyarət edərək yerli üzüm sortları ilə hazırlanan premium şərabları dadın. Şamaxı, Qəbələ, Şəki və Gəncə kimi bölgələrdə təşkil olunan turlar həm şərab dequstasiyası, həm də gözəl təbiət mənzərələri ilə yadda qalır. Tarixi və müasir şərabçılıq ənənələrini bir arada yaşamaq üçün ideal səyahət fürsətidir.

Azərbaycan Şərab Regionları və Şərab Zavodları

Azərbaycan üzümçülük və şərabçılıq baxımından dünyanın ən qədim bölgələrindən biridir. Ölkənin müxtəlif regionları fərqli iqlim və torpaq şəraitinə malik olduğundan, hər birinin özünəməxsus şərab və araq istehsalı mövcuddur. Gəlin Azərbaycanın əsas şərab zavodlarına nəzər salaq.

 

Bakı

Bakı şəhərində fəaliyyət göstərən zavod 1934-cü ildə fəaliyyətə başlayıb. Zavodda müxtəlif növ şərab və konyaklar istehsal olunur: adi və markalı süfrə şərabları, tünd və desert şərabları, markalı və adi konyaklar, habelə tünd üzüm içkiləri. Zavod həm yerli, həm də xarici bazara məhsul təqdim edir.

 

Abşeron — “Abşeron-Şərab” ASC

“Mehdiabad Üzüm Emalı Müəssisəsi”nin əsası 1967-ci ildə qoyulub və 2003-cü ildən “Abşeron-Şərab” ASC kimi fəaliyyət göstərir. Zavod üzümün qəbulundan emalına, hazır məhsul istehsalına və saxlanmasına qədər bütün dövrü əhatə edir. 2007-ci ildə modernləşdirilən müəssisə Avropa istehsalı olan avadanlıqlarla təchiz edilib və ISO 22000 standartına uyğun Qida Təhlükəsizliyi Sistemi tətbiq olunur. Zavod 70-dən çox məhsul istehsal edir və Rusiya, Belarus, Almaniya, Qazaxıstan, Ukrayna, İsrail, Çin və digər ölkələrə ixrac olunur.

 

Şamaxı — “Meysəri” Şərab Zavodu

“Şirvan şərabları” olaraq da tanınan “Meysəri” zavodu Azərbaycanda Avropa Birliyinin sertifikatına malik ilk orqanik şərab istehsalçısıdır. Zavodun üzüm bağları 2014-cü ildə salınıb və hazırda 160 hektar sahəni əhatə edir. Burada Pera-Pellenc tərəfindən hazırlanmış yüksək keyfiyyətli fransız avadanlıqları istifadə olunur. Zavodda şərabçılıq muzeyi, restoran və mehmanxana fəaliyyət göstərir. Qonaqlar orqanik şərabları dadmaq və masterklasslarda iştirak etmək imkanına malikdirlər.

 

Şəki — “Abrau-Durso / Şəki Şərab” Zavodu

“Abrau-Durso” markasının Azərbaycandakı zavodu 9 iyun 2023-cü ildə fəaliyyətə başlayıb. Müasir texnologiyalarla təchiz olunmuş zavod əsasən köpüklü şərab istehsal edir. Şəki bölgəsinin münbit torpaqları və üzüm bağları zavod üçün təbii xammal bazası yaradır. Zavod həm yerli, həm də ixrac bazarına keyfiyyətli məhsullar təqdim edir.

 

Qəbələ — Savalan Şərab Zavodu

Savalan Şərab Zavodu 2007-ci ildə İsmayıllı rayonunda, Savalan vadisində fəaliyyətə başlayıb. Zavod müasir texnologiyalarla təchiz olunub və qısa müddətdə premium şərab brendlərindən birinə çevrilib.
Mənbə:savalan.az

 

Ağsu — “AZGRANATA” MMC

2011-ci ildə fəaliyyətə başlayan “AZGRANATA” Cənubi Qafqazın ən böyük içki istehsalçılarındandır. Zavod 14 hektar ərazini əhatə edir və təbii meyvə şirələri, konsentratlar, kompotlar, limonadlar, şərab və araq istehsal edir. Zavod Almaniya, İsveçrə, İtaliya, Bolqarıstan və Fransadan gətirilmiş avadanlıqlarla təchiz olunub.
Mənbə:azgranata.az

 

Gəncə

Gəncə Şərab Zavodunun əsası 1984-cü ildə qoyulub. 1998-ci ildə tamamilə modernləşdirilən zavod müasir Avropa avadanlıqları ilə təchiz olunub. Zavod üzüm bağlarının salınması ilə başlayıb və bu gün “Mədrəsə”, “Rkatsiteli”, “Bayan Şirə”, “Cabernet Sauvignon”, “Chardonnay”, “Merlot”, “Pinot”, “Şiraz”, “Saperavi” kimi sortlardan şərab istehsal edir.
Mənbə:ganjasharab.com

 

Göyçay — “Göyçay Şərab” ASC

1985-ci ildə istifadəyə verilmiş müəssisə 2005-ci ildə ASC formatında fəaliyyətə başlayıb. Zavod mövsüm ərzində 15 min tona qədər üzüm qəbul edə bilir və məhsullarını Rusiyaya ixrac edir.

 

Göygöl — “Göygöl Şərab” ASC

1860-cı ildə alman mütəxəssislər tərəfindən təsis olunmuş müəssisə Azərbaycanın ən qədim şərab zavodlarından biridir. “Xan” ticarət nişanı altında şərab, konyak, şampan və araq istehsal edir. Zavod uzun illər Almaniya və Hollandiyaya şərab ixrac etmişdir.
Mənbə:xan.az

 

Şəmkir — “Şərq Ulduzu” Şərab Zavodu

2002-ci ildə təsis edilən zavod quru qırmızı şərablar və az spirtli yarımşirin şərab qarışıqları istehsal edir. Zavod həm də tur və dequstasiya proqramları təşkil edir, qonaqlar Şərq Ulduzu Muzeyini ziyarət edə bilirlər.
Mənbə:shargulduzu.com

 

Tovuz — “Tovuz Baltiya” Şərab Zavodu

1989-cu ildə yaradılan zavod 1993-cü ildən MMC formatında fəaliyyət göstərir. Zavod Sovet dövründə üzümçülük və şərabçılığın inkişaf etdirilməsi məqsədilə yaradılmışdır.

 

Cəlilabad — “Cəlilabad Şərab-9”

1981-ci ildə istifadəyə verilmiş zavod üzüm emalı ilə məşğuldur. Zavod “Şərq Mirvarisi”, “Hasilli” və “Nargiz” brendləri ilə tanınır və həmçinin vodka və digər spirtli içkilər istehsal edir.

 

İsmayıllı — “Chabiant” Şərabı

İsmayıllı Şərab-2 zavodunda istehsal olunan “Chabiant” üzümü Böyük Qafqazın cənub yamaclarında 750 metr yüksəklikdə yetişdirilir. Zavod yerli və italyan mütəxəssislərin iştirakı ilə yüksək keyfiyyətli şərab istehsal edir.

Şabran — “Merit Brand” MMC

2007-ci ildə fəaliyyətə başlayan zavod premium şərab və araq istehsal edir. 2024-cü ildə “Caspian Coast Vinery and Vineyards-2” MMC ilə birləşərək fəaliyyətini genişləndirmişdir.
Mənbə:merit-brand.com

Paylaş
Babək Orabanlı

Babək Orabanlı

Babək İsgəndərov (Orabanlı) – Peşəkar dağçı, dağ bələdçisi və təlimçi. 15 illik təcrübəyə malikdir, 100-dən çox zirvəyə qalxıb. Azərbaycanın ən yüksək zirvəsi Bazardüzü dağına qışda solo dırmanan ilk azərbaycanlıdır. Dağçılıq və bələdçilik sahəsində müxtəlif beynəlxalq kursları bitirib.

Rəylər (0)

Rəy Bildirin

English