Azərbaycanda qayayadırmanma məkanları əsasən Bakı və ətraf bölgələrdə yerləşir. Nardaran, Bibiheybət, Kühül Mağarası və Beşbarmaq kimi ərazilər fərqli reliefləri ilə dırmanış üçün əlverişlidir.

Azərbaycan zəngin təbii coğrafiyası ilə yalnız dağçılar və təbiətsevərlər üçün deyil, həm də qayayadırmanma həvəskarları üçün əsl cənnətdir. Dağlıq ərazilər, sahilyanı qayalıqlar və maraqlı relyeflər ölkənin müxtəlif bölgələrində fərqli çətinlik səviyyələrinə uyğun dırmanış marşrutları təklif edir. Qayayadırmanma həm fiziki güc, həm də zehni fokus tələb edən bir idmandır və ölkəmizdə bu sahəyə olan maraq getdikcə artır.
Aşağıda Azərbaycanda yerləşən və aktiv şəkildə istifadə olunan əsas qayayadırmanma məkanları ilə tanış ola bilərsiniz:
1. Nardaran Mayakı (Bakı)
Bakıdan 40 dəqiqə məsafədə yerləşən bu ərazi həm top rope, həm də lead climbing üçün uyğundur. Nardaran qayalarında çoxsaylı divarlar mövcuddur və çətinlik dərəcələri 4-dən 7-yə qədər dəyişir. Kifayət qədər marşrut seçimi olduğu üçün həm təcrübəli, həm də orta səviyyəli dırmanışçılar üçün ideal seçimdir.
2. Bibiheybət Mayakı (Bakı)
Bakıdan cəmi 20 dəqiqə uzaqlıqda yerləşən bu ərazi, şəhər daxilində sürətli və əlçatan bir dırmanış təcrübəsi üçün idealdır. Burada dırmanma divarlarının maksimal hündürlüyü 16 metr, ərazinin isə dəniz səviyyəsindən hündürlüyü 130 metrə yaxındır. Təxminən 400 metr uzunluğundakı qaya silsiləsində çətinlik dərəcələri 3-dən 5-ə qədər dəyişir. Bu ərazidə yalnız top rope dırmanış mümkündür və yeni başlayanlar üçün çox münasibdir. Üstəlik, dəniz mənzərəsi bura xüsusi atmosfer qatır.
Şəhər mərkəzindən cəmi 15 dəqiqəlik məsafədə yerləşən bu ərazi həm yaxınlığı, həm də müxtəlifliyi ilə seçilir. Burada 7 fərqli dırmanma divarı mövcu
ddur. Çətinlik dərəcələri 3 ilə 6 arasında dəyişir və ərazi həm top rope, həm də lead climbing üçün istifadə olunur. Dırmanışla yanaşı, mağaranın təbii forması və atmosferi də bu məkanı maraqlı edir.
4. Bakı Qulaqları Dağı (Lökbatan qəsəbəsi)
Bu dağ iki zirvədən ibarətdir və Abşeron yarımadasının ən yüksək nöqtəsi hesab olunur (təxminən 400 m). Cənub zirvəsində müxtəlif çətinliklərdə qısa divarlar, təbii mağara sistemləri və lead/top rope climbing üçün imkanlar var. Şimal zirvəsində isə 30-40 metr hündürlüyündə qayalar yerləşir və onlar həm top rope, həm də trad climbing üçün uyğundur. Bakıdan təxminən 1 saatlıq məsafədə yerləşir.
5. Beşbarmaq Dağı (Siyəzən rayonu)
Azərbaycanın ən tanınmış simvolik dağlarından biri olan Beşbarmaq, sırf dırmanış üçün unikal imkanlar təqdim edən nadir məkanlardandır. Dağ dəniz səviyyəsindən 535 metr, qaya divarlarının hündürlüyü isə 20-dən 100 metrə qədər dəyişir. Bura həm lead, həm də trad climbing üçün uyğundur. Ölkənin yeganə multi-pitch marşrutu da məhz burada yerləşir. Beşbarmaq həm texniki çətinlikləri, həm də mənzərəsi ilə peşəkar dırmanışçılar üçün əvəzsiz məkandır. Bakıdan təxminən 1 saat 15 dəqiqə uzaqlıqdadır.
6. Unudulmuş Qayayadırmanma Məkanları
Beşbarmaqdan başlayaraq Şahdağ silsiləsi Rusiya sərhədinədək uzanır. Azərbaycanda bu idman növünün (qayayadırmanmanın) kifayət qədər inkişaf etməməsi silsilə boyunca yüksələn, dırmanmaq üçün əlverişli qayaları diqqətdən kənarda qoyur.
Bu silsilə üzərində yerləşən Aydaq Qala (2930 m), Qızılqaya (3726 m) və Şahdağ (4243 m) zirvələrinin qayalıqları dırmanış üçün olduqca əlverişlidir. Şahdağ silsiləsinin Rusiya sərhədində yerləşən Eri Dağ (3925 m) boyunca, artıq Dağıstan ərazisində, bir neçə ip boyu dırmanma marşrutları olan uzun divarlar mövcuddur.
Şahdağın, Aydaq Qalanın və Qızılqayanın cənub qayalarında UIAA 3, 4 və 5 çətinlik dərəcələrində çoxsaylı uzun ip boyu marşrutlar açılmışdır. Dünyada hələ tanınmayan bu qayalıqlar, səssiz və toxunulmamış halda, öz dırmanma həvəskarlarını gözləyir.
Təhlükəsizlik və Təcrübə
Qayayadırmanma — hərəkətli, emosional və bəzən təhlükəli bir idmandır. Hər bir əraziyə uyğun təhlükəsizlik tədbirləri, texniki avadanlıqlar, və təcrübəli bələdçilərlə birlikdə dırmanış tövsiyə olunur. Əraziyə gedərkən hava şəraitini diqqətlə izləmək və əvvəlcədən planlama aparmaq vacibdir.
Sonda
Azərbaycanda qayayadırmanma imkanları ildən-ilə genişlənir və müxtəlif səviyyələrdə olan idmançılar üçün möhtəşəm fürsətlər təqdim edir. Əgər siz də təbiətlə iç-içə, adrenalini yüksək, fiziki və zehni sınaqdan keçəcəyiniz bir macəra axtarırsınızsa — qayalar sizi çağırır!