Bloq / Outdoor yazılar
15

Dağçılığın Növləri

Dağçılıq, Azərbaycan və dünyanın müxtəlif dağlıq ərazilərində həyata keçirilən məşhur təbiət idmanıdır. Qaya dırmanması, alpinizm, buzlaq dırmanması və trekking kimi növləri ilə həm əyləncə, həm də fiziki dözümlülük təmin edir. Təhlükəsizlik avadanlığı və texniki bacarıqlar dağçılığın əsas tələblərindəndir. Dağçılıq həvəskarları və peşəkarları üçün macəra dolu marşrutlar və təlim imkanları mövcuddur.

Dağçılığın Növləri

Dağçılıq

Dağçılıq — dağlarda yürüş etməyi, düşərgə qurmağı və texniki avadanlıqlardan istifadə etməklə həyata keçirilən dırmanma fəaliyyətlərini əhatə edən bir təbiət idman növüdür. XVIII–XIX əsrlərdə əsasən Avropalı (xüsusilə ingilis və fransız) varlı təbəqənin boş vaxtlarını dəyərləndirmək və gündəlik həyatın rutinindən çıxaraq yeni macəralar axtarması nəticəsində bir idman növü kimi formalaşmağa başlamışdır. XX əsrin əvvəllərində isə digər xalqlar da dağçılığa maraq göstərməyə başlamışdır.

Dağçılığın beynəlxalq idman növü kimi tanınması 1931-ci ildə, mərkəzi Cenevrədə yerləşən Beynəlxalq Dağçılar Birliyi (UIAA) yaradılmaqla mümkün olmuşdur. Sonrakı illərdə texniki və təhlükəsizlik üsullarının inkişafı ilə dağçılıq özünəməxsus intizam və prinsiplərə malik bir idman sahəsinə çevrilmiş, eyni zamanda digər təbiət idman növlərinin yaranmasına zəmin yaratmışdır.

Bu gün dağçılıq ən çox maraq göstərilən təbiət idmanlarından biridir. Lakin əlavə edilə biləcək yeniliklərin azalması və yeni nəslin daha fərqli təbiət idmanlarına yönəlməsi səbəbindən XX əsrin əvvəllərindəki populyarlığını qismən itirməyə başlamışdır.


Dağçılığın növləri

1. Alpin növ (Alpinizm) — dağçılığın əsas ruhunu əks etdirən, sürət, yüngüllük və texniki dırmanmanın ön planda olduğu üslubdur. “Təmiz dırmanış” adlanan bu üsulda marşrutdan sonra heç bir iz və ya süni vasitə qoyulmur; dırmanıcı bütün risk və çətinliklərlə yalnız öz bacarıqları hesabına mübarizə aparır. Bu səbəbdən alpin üslub “macəra ruhu” ilə qidalanan bir dırmanış növü sayılır.

   

2. Qaya dırmanması — təbii qaya səthləri və ya süni divarlar üzərində əl və ayaq tutacaqlarından istifadə etməklə həyata keçirilən dağçılıq idman növüdür. Fiziki güc, texnika, balans və konsentrasiya tələb edir. 


Qayayadırmanmanın növləri

İdman dırmanması  — marşrut boyunca əvvəlcədən bərkidilmiş boltlar və ankerlər üzərindən sığortalanaraq həyata keçirilir. Təhlükəsizlik sabit sığorta nöqtələri vasitəsilə təmin olunduğu üçün texnika, güc və sürətin inkişafına yönəlir və yeni başlayanlar üçün trad dırmanmaya nisbətən daha təhlükəsizdir.

 

Trad (klassik) dırmanma — marşrut boyunca hazır bolt və ankerlərdən istifadə edilməyən, sığortanın dırmanışçı tərəfindən təbiətdə mövcud çat və boşluqlara yerləşdirilən xüsusi avadanlıqlar (friend, stopper və s.) vasitəsilə qurulduğu dırmanma növüdür. Yüksək texniki bilik, riskin düzgün qiymətləndirilməsi və təcrübə tələb edir. Məqsəd qayaya minimum müdaxilə etməklə təhlükəsiz qalxış həyata keçirməkdir.

 

Boulderinq — aşağı hündürlüklü (adətən 3–5 m) qaya və ya süni divarlar üzərində, təhlükəsizlik ipi olmadan edilən dırmanma növüdür. Təhlükəsizlik xüsusi döşəklər (crash pad) vasitəsilə təmin olunur. Boulderinq güc, texnika, balans və problem həll etmə bacarığını ön plana çıxarır.

 

Multi-pitch (uzun marşrutlar) — bir neçə ip uzunluğundan (pitch) ibarət, mərhələli şəkildə dırmanılan qaya marşrutlarıdır. Hər pitch-in sonunda ara stansiya qurularaq sığorta yenidən təşkil edilir və növbəti mərhələyə davam olunur.

 

Free-solo — heç bir təhlükəsizlik avadanlığı (ip, sığorta, kask) olmadan həyata keçirilən yüksək riskli dırmanma növüdür. Maksimum diqqət, texnika və fiziki dözümlülük tələb edir.

 

Top-rope dırmanışı — ipin zirvədən aşağı asılması və dırmanıcının yuxarıdan sığortalanması prinsipi ilə həyata keçirilir. Xüsusilə başlanğıc səviyyəli dırmanışçılar üçün təhlükəsiz və öyrədici üsuldur.

 

Sərbəst dırmanış  — yalnız əl və ayaq texnikasından istifadə edərək irəliləmə və qalxış həyata keçirilir. Təhlükəsizlik üçün ip və sığorta yalnız düşməni önləmək məqsədilə istifadə olunur.

 

3. Buzlaq dırmanması  — donmuş şəlalələr, buz divarları və buzlaq səthləri üzərində buz baltası, krampon və digər xüsusi avadanlıqlardan istifadə etməklə həyata keçirilir. Yüksək texniki bacarıq, fiziki güc və təhlükəsizlik bilikləri tələb edir.

 

Alt növləri:

Duratinlik — buz dırmanması və yaxın avadanlıqlardan istifadə edilərək, zal şəraitində dırmanma tutacaqları üzərində xüsusi alətlərdən istifadə olunan idman növüdür. Yarışlarda marşrut daha maraqlı və çətin edilir.

 

Miks dırmanma - eyni marşrutda həm qaya, həm buz, həm də qar üzərində dırmanmanı birləşdirir. Xüsusi texniki bacarıq, avadanlıq və fiziki dözümlülük tələb olunur.

 

4. Hiking — işarələnmiş və nisbətən asan cığırlar üzrə, xüsusi texniki avadanlıq tələb etməyən qısa və orta məsafəli təbiət yürüşüdür. Məqsəd aktiv istirahət və təbiəti kəşf etməkdir.

 

5. Trekking — bir neçə gün davam edən, dağlıq və ya çətin relyefli ərazilərdə həyata keçirilən uzunmüddətli yürüşdür. Düşərgə qurma, yüngül dağçılıq bacarıqları və fiziki dözümlülük önəmlidir.

 

6. İdman dırmanması (zalda) — süni dırmanma divarlarında əvvəlcədən bərkidilmiş boltlar və sığorta sistemləri üzərindən həyata keçirilir. Üç əsas növü vardır: sürət dırmanması, boulderinq və çətinlik (lead) dırmanması.

 

7. Via ferrata — qayalara əvvəlcədən quraşdırılmış metal pillələr, troslar və sığorta xətləri vasitəsilə həyata keçirilən marşrutlardır. Təcrübəsi az olanlar üçün texniki qayalara çıxışı daha təhlükəsiz edir.

 

8. Kanyoning — dar dərələrdə, çay yataqları və şəlalələr boyunca yürümə, üzmə, sürüşmə və ip vasitəsilə enişləri əhatə edən ekstremal açıq hava idman növüdür.

 

9. Ekspedisiya — çətin və uzaq dağ ərazilərində, uzunmüddətli və planlı şəkildə həyata keçirilən dağçılıq fəaliyyətidir. Logistika, komanda işi, yüksək dözümlülük və risklərin idarə olunması tələb olunur.

 

10. Xizək-alpinizm (Ski-Alpinism) — dağlarda xizək ilə qalxış və eniş texnikasını birləşdirən dağçılıq növüdür. Qarla örtülü dağlıq ərazilərdə xizək və xüsusi avadanlıq (ski skins, xizək çubuqları, dağ xizəyi və s.) istifadə olunur.

 

Paylaş
Babək Orabanlı

Babək Orabanlı

Babək İsgəndərov (Orabanlı) – Peşəkar dağçı, dağ bələdçisi və təlimçi. 15 illik təcrübəyə malikdir, 100-dən çox zirvəyə qalxıb. Azərbaycanın ən yüksək zirvəsi Bazardüzü dağına qışda solo dırmanan ilk azərbaycanlıdır. Dağçılıq və bələdçilik sahəsində müxtəlif beynəlxalq kursları bitirib.

Rəylər (0)

Rəy Bildirin

English