Bloq / Outdoor yazılar
8

Dağ Yürüşü üçün Praktik Tövsiyələr

Dağ yürüşü və hiking sevənlər üçün hazırlanmış bu praktik tövsiyələr təhlükəsiz və rahat yürüş təcrübəsi əldə etməyə kömək edir. Marşrut planlaması, düzgün avadanlıq seçimi və hava şəraitinə uyğun hərəkət dağ yürüşlərində riskləri minimuma endirir. Peşəkar dağ bələdçilərinin tövsiyələri ilə trekking turları həm təhlükəsiz, həm də daha zövqlü olur.

Dağ Yürüşü üçün Praktik Tövsiyələr

1. Marşrutu əvvəlcədən düzgün planlaşdırın.
Yürüşə çıxmazdan əvvəl marşrutun uzunluğu, yüksəklik fərqi, keçid nöqtələri və hava proqnozu barədə ətraflı məlumat toplayın. Gözlənilməz hallara qarşı alternativ marşrutunuz (Plan B) mütləq olsun.

2. Çantanızı yüngül və funksional hazırlayın.
Yalnız həqiqətən lazım olan avadanlıqları götürün. Artıq çəki hərəkəti çətinləşdirir, sürəti azaldır və yorğunluğu artırır.

3. Bədənin yüksəkliyə uyğunlaşmasına vaxt verin.
İlk günlərdə qısa və yüngül yürüşlər planlaşdırın. Yüksəklikdə baş ağrısı və halsızlıq yarana bilər; əlamətlər güclənərsə dərhal aşağı enmək lazımdır.

4. Qısa və müntəzəm fasilələr edin.
Uzun fasilələr bədənin soyumasına və ritmin pozulmasına səbəb olur. Qısa, lakin tez-tez verilən fasilələr daha səmərəlidir.

5. Su balansını daim qoruyun.
Susuzluq hissini gözləmədən az-az, amma tez-tez su için. Yüksək dağlarda susuzluq hissi gec ortaya çıxır.

6. Enerji verən və yüngül qidalar seçin.
Tez həzm olunan və kalorili qidalara üstünlük verin: quru meyvə, şokolad, qoz-fındıq və enerji batonları yürüş zamanı idealdır.

7. Yürüş tempini əraziyə uyğunlaşdırın.
Yüksəliş zamanı kiçik addımlarla, tələsmədən irəliləyin. Düz ərazidəki sürət dağlıq sahələr üçün uyğun olmaya bilər.

8. Nəfəs alma ritminə diqqət edin.
Ritmli və dərin nəfəs alma enerjiyə qənaət etməyə kömək edir. Yürüş zamanı rahat danışa bilirsinizsə, düzgün tempdə hərəkət edirsiniz.

9. Sağlamlıq və təhlükəsizliyi hər zaman ön planda saxlayın.
Daimi istifadə etdiyiniz dərmanlar, fərdi ilk yardım çantası, elastik sarğı, uyğun geyim və sürüşməyən altlıqlı dağ ayaqqabısı mütləq yanınızda olmalıdır. Günəşdən qorunmaq üçün papaq, gün eynəyi və SPF krem istifadə edin.

10. Naviqasiya və zaman idarəsinə diqqət yetirin.
Telefonla yanaşı offline xəritə və ya kağız xəritə saxlayın, marşrutu gün batımına qədər tamamlayacaq şəkildə planlaşdırın və hava şəraitini daim izləyin.

11. Təbiətə hörmətlə yanaşın.
Zibili özünüzlə geri aparın, bitkilərə və heyvanlara zərər verməyin, təbiətin sakitliyini qoruyun.

12. Tək yürüşdən çəkinin və lazım gəldikdə bələdçi seçin.
Xüsusilə dağlıq və tanımadığınız ərazilərdə qrup halında hərəkət etmək daha təhlükəsizdir. Marşrutu yaxşı tanımırsınızsa, peşəkar dağ bələdçisi ilə yürüş edin.

13. Təcili vəziyyətlərə hazır olun.
Sakit qalın və dərhal yardım çağırın: 112 (FHN). Gecə və ya dumanlı havada diqqət çəkmək üçün işıqla 1 dəqiqə ərzində 6 dəfə siqnal verin, 1 dəqiqə fasilə edin və təkrar edin.

 

Paylaş
Babək Orabanlı

Babək Orabanlı

Babək İsgəndərov (Orabanlı) – Peşəkar dağçı, dağ bələdçisi və təlimçi. 15 illik təcrübəyə malikdir, 100-dən çox zirvəyə qalxıb. Azərbaycanın ən yüksək zirvəsi Bazardüzü dağına qışda solo dırmanan ilk azərbaycanlıdır. Dağçılıq və bələdçilik sahəsində müxtəlif beynəlxalq kursları bitirib.

Rəylər (0)

Rəy Bildirin

English