Bloq / Outdoor yazılar / Dağlar və Zirvələr
26

Bazardüzü Dağına Qalxmaq Üçün Ən Yaxşı Vaxt

Bazardüzü dağına qalxmaq üçün ən ideal vaxt iyul, avqust və sentyabr aylarıdır. Bu dövrdə hava şəraiti daha stabil olur və uçqun riski minimum səviyyəyə enir. Yay mövsümü həm ilk dəfə qalxanlar, həm də peşəkar dağçılar üçün təhlükəsiz zirvə turu imkanı yaradır.

Bazardüzü Dağına Qalxmaq Üçün Ən Yaxşı Vaxt

 

Bazardüzü dağı Azərbaycanın ən yüksək zirvəsi (4 466 m) olmaqla yanaşı, ölkənin ən məşhur alpinizm və yüksək dağ turizmi marşrutlarından biridir. Lakin bu zirvəyə qalxmaq ilboyu mümkün deyil. Düzgün ay seçimi həm təhlükəsizlik, həm də uğurlu nəticə baxımından həlledici rol oynayır.

Bu yazıda Bazardüzü üçün ən uyğun ayları, hava şəraitini, riskləri və hansı tip turistlər üçün hansı mövsümün daha ideal olduğunu ətraflı izah edirik.

Əgər dağa dırmaşmaq sizin üçün sadəcə fiziki sınaq deyilsə və nəfəs kəsən mənzərələrdən, mifoloji ab-havadan və romantik sərgüzəştlərdən zövq alırsınızsa, Bazardüzü mütləq dırmaşmalı olduğunuz bir dağdır. Texniki baxımdan Bazardüzü Qafqaz dağlarının ən asan dırmaşılan zirvələrindən biri sayılır. Məhz buna görə də Kazbek, Elbrus və Ağrı dağına hazırlaşan dağçılar yüksəkliyə uyğunlaşma üçün çox vaxt ilk sınaqlarını Bazardüzüdə edirlər.

 

Bazardüzü üçün ən yaxşı aylar: iyul – avqust – sentyabr

Bu üç ay Bazardüzü zirvəsinə standart dırmanış üçün ən ideal dövr hesab olunur.

İyul

  • Qar örtüyü əsasən stabilləşir
  • Hava nisbətən açıq olur
  • Texniki risklər azalır
  • İlk dəfə qalxanlar üçün uyğundur

Avqust (ən populyar ay)

  • Gündüz temperaturu +5°C – +10°C
  • Güclü küləklər nadir hallarda olur
  • Zirvə günləri daha sabit keçir
  • Xarici turistlərin ən çox seçdiyi dövrdür

Sentyabr

  • Hava daha sərin olur
  • Turist sayı azalır
  • Dağ mənzərələri maksimum estetik görünür
  • Peşəkarlar üçün çox ideal ay sayılır

Əgər təhlükəsiz, komfortlu və texniki cəhətdən rahat bir zirvə turu istəyirsinizsə, iyul–avqust–sentyabr aralığı qızıl mövsüm hesab olunur.

Çətin və riskli aylar

Noyabr – Mart (Qış mövsümü)

  • Temperatur -20°C və daha aşağı düşür
  • Şiddətli küləklər və fırtına riski yüksəkdir
  • Güclü qar uçqunları müşahidə olunur
  • Yalnız peşəkar alpinizm ekspedisiyaları üçün uyğundur

🚫 Turizm qrupları üçün tövsiyə edilmir.

Aprel – May (Keçid mövsümü)

  • Qarın əriməsi səbəbilə sürüşmə riski artır
    Uçqun təhlükəsi yüksək olur
  • Hava proqnozu tez-tez dəyişir
  • Marşrutlar tam açıq olmur

Yalnız çox təcrübəli dağçılar üçün məsləhət görülür.

Bazardüzü dağına dırmaşmaq haqqında tez-tez verilən suallar

Sual: Bazardüzü dağına qalxmazdan əvvəl iqlimləşmə nə üçün vacibdir?

Cavab: İqlimləşmə (akklimatizasiya) bədənin yüksək hündürlükdə aşağı oksigen səviyyəsinə uyğunlaşmasına kömək edir və hündürlük xəstəliyi riskini azaldır. Bunun üçün zirvəyə qalxmazdan əvvəl 1–2 gün daha aşağı hündürlüklərdə qalmaq tövsiyə olunur

Sual: Bazardüzü dağında hansı yaşayış variantları mövcuddur?

Cavab: Bazardüzü ərazisində stasionar çadır düşərgələri yoxdur. Çadırları ya özünüz daşımalısınız, ya da tur şirkətləri atlarla daşınmanı təşkil edir. Gəlməzdən əvvəl tur şirkəti ilə əvvəlcədən sifariş vermək tövsiyə olunur.

Sual: Bazardüzü dağında əsas dırmaşma marşrutları hansılardır?

Cavab:

Şimal marşrutu: Dağıstan tərəfindən keçdiyi üçün icazə almaq çətindir və texniki baxımdan mürəkkəbdir.

Cənub marşrutu: Ən asan və texniki bacarıq tələb etməyən əsas marşrutdur.

Qərb marşrutu: Orta çətinlik dərəcəsindədir, Qəbələ tərəfdən gələn az istifadə olunan yoldur

Sual: Qalxma üçün hansı avadanlıqlar lazımdır?

Cavab (yay mövsümü üçün):

  • Çadır
  • Dağ ayaqqabısı
  • Su keçirməz isti şalvar (Gore-Tex)
  • Su keçirməz isti gödəkcə (Gore-Tex)
  • Yataq kisəsi
  • Yürüş çomaqları
  • Qaz başlığı və balon
  • Yemək bişirmə ləvazimatı
  • Baş fənəri
  • Tozluq, papaq, eynək, əlcək
  • Termo içlik, polar gödəkcə
  • Mat (altlıq)

Sual: Bazardüzüyə qalxmaq üçün ən yaxşı vaxt nə vaxtdır?

Cavab: İyundan sentyabr ayına qədər olan yay mövsümü hava şəraitinin sabit və uçqun riskinin minimal olduğu ideal dövrdür.

Sual: Bakıdan Bazardüzü dağına necə getmək olar?

Cavab: Bakıdan Qubaya avtomobillə təxminən 3 saatlıq yol var. Qubadan Xınalığa 2 saatlıq əlavə dağ yolu ilə gedilir. Xınalıqdan isə 4×4 avtomobillərlə Bazardüzünün ətəyinə təxminən 2 saata çatmaq mümkündür.

Sual: Dağda fövqəladə hallar və xilasetmə işləri necə aparılır?

Cavab: Təcili hallarda Xınalıqdakı Şahdağ Milli Parkının müvafiq xidmətlərinə məlumat verilir. Dağın ucqar yerləşməsi səbəbilə peyk telefonu və ya radio əlaqə vasitəsi həyati əhəmiyyət daşıyır.

Sual: Qalxmağa fiziki və psixoloji cəhətdən necə hazırlaşmalıyam?

Cavab: Qalxmadan ən azı 2–3 ay əvvəl dözümlülük, ürək-damar və güc məşqlərinə başlamaq tövsiyə olunur. Yüksək hündürlük şəraitinə uyğunlaşma haqqında məlumatlanmaq da zehni hazırlığa kömək edir.

Sual: Bazardüzü dağına getmək üçün rəsmi icazə tələb olunurmu?

Cavab: Bəli. Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və Şahdağ Milli Parkına ən azı 20 gün əvvəl qalxacaq şəxslərin pasport məlumatları təqdim edilərək icazə alınmalıdır. Bu prosesi adətən yerli turizm şirkətləri həyata keçirir. Xarici vətəndaşların və fərdi şəxslərin icazəni təkbaşına alması mümkün deyil.

Paylaş
Babək Orabanlı

Babək Orabanlı

Babək İsgəndərov (Orabanlı) – Peşəkar dağçı, dağ bələdçisi və təlimçi. 15 illik təcrübəyə malikdir, 100-dən çox zirvəyə qalxıb. Azərbaycanın ən yüksək zirvəsi Bazardüzü dağına qışda solo dırmanan ilk azərbaycanlıdır. Dağçılıq və bələdçilik sahəsində müxtəlif beynəlxalq kursları bitirib.

Rəylər (0)

Rəy Bildirin

English