Azərbaycanın şimalında, Böyük Qafqaz dağlarının qoynunda yerləşən Şahyaylaq, ölkənin ən gözəl və sirlərlə dolu yaylaqlarından biridir. Bura, həm təbiətsevərlər, həm də dağ yürüşü həvəskarları üçün əsl cənnətdir. Qəribə relyefi, zəngin florası və tarixi izləri ilə Şahyaylaq həm ekoturizm, həm də macəra dolu səfərlər üçün ideal məkandır.

Şahyaylaq Azərbaycanın şimalında, Qusar və Quba rayonlarının ərazisinə düşən yüksəkliklərdə Şahdağ Milli Parkının ərazisində yerləşir. Bu yaylaq Şahdağ massivinə yaxın olduğu üçün yerli əhali arasında “Şahdağın yaylağı” kimi də tanınır. Ərazinin hündürlüyü dəniz səviyyəsindən 2500-3000 metr aralığında dəyişir.
Burada hər fəsil öz gözəlliyini göstərir. Yay aylarında – geniş yaşıl çəmənliklər, alp çiçəkləri və qışlaqdan gəlmiş çobanların qoyunları ilə dolur. Oktyabr ayında çobanlar qışlağa geri döndükdən sonra yaylağa sükut çökür. Qışda – qarla örtülmüş dağ silsilələri və çılğın küləklər yaylağa xüsusi bir cazibə qatır və hər yer ağ örpəyə bürünür.
Şahyaylaqdan baxarkən Azərbaycanın ən yüksək zirvələrini görməyiniz mümkündür. Baş Qafqaz dağlarının silsiləsi boyunca Çingiz zirvəsi (4062m), Tufandağ (4191m), Cümhuriyyət zirvəsi (3740 m), Kürvədağ (3863 m), Bazaryurd(4126 m), Bazardüzü (4466m) və Yan silsilədə Şahdağ (4243m), Yarudağ (4116m),Qızılqaya silsiləsi Heydər(2751m) və Atatürk (3556m) zirvələrini görə bilərsiz. Bu isə buranı fotoqraflar və dağ yürüşçüləri üçün unikal bir məkan edir.
Zirvələrdən axan çaylardan ən böyük çayı Qusar çaydır. Qusar çaya Şahnabat çayı, Yatıqçay, Mahmudçay, Əbilçay, Tufançay və Kürvəçay tökülür. Şahyaylaq ərazisində bir neçə yerdə kiçik və böyük qəbirstanlıq görmək mümkündür. Qəbirlərin döyüşdə, karvanlarda və çobanların olduğu bildirilir. Yaylaq ərazisində Bazardüzü və Bazaryurd dağlarının ətəklərində yay aylarında böyük bazarın olduğu bildirilir. Bazaryurdun ətəyində tacirlərin yurdları yerləşdiyi üçün dağ belə adlanıb. Yay aylarında salınmış bazara Qəbələ-Laza- Şahyaylaq, Qəbələ- Qəmərvan- Şahyaylaq, Quba-Qrız-Xınalıq- Şahyaylaq, Şamaxı-Qonaq kənd- Xınalıq-Şahyaylaq, Şabran-Qonaqkənd-Xınalıq- Şahyaylaq, Qusar-Laza- Şahyaylaq, İsmayıllı-Qalacıq-Hapıt- Şahyaylaq və Dağıstan -Kuruş- Şahyaylaq istiqamətlərindən karvanların ticarət etmək üçün bu ərazilərə gəldiyi bildirilir.
Şahyaylaqın florası və faunası
Şahyaylaq Azərbaycanın ən yüksək və əlçatmaz yaylaqlarından biri olub, zəngin flora və faunaya malikdir. Burada subalp və alp çəmənlikləri geniş yayılmışdır. Subalp çəmənlərində yovşan, kəklikotu, çobanyastığı və digər aromatik bitkilər bitir. Daha yüksək zirvələrdə isə sərt iqlimə uyğunlaşmış yosunlar, likenlər və nadir otlar yayılıb. Bu yaylaq Azərbaycanın zəngin vəhşi təbiətinə sahib bölgələrindən biridir və burada müxtəlif məməlilər, quşlar və yırtıcılar yaşayır. Qafqaz dağlarında geniş yayılan canavarlar əsasən sürü halında yaşayan yırtıcılardır. Şahyaylaq quş növləri baxımından da zəngindir. Yüksək dağlıq ərazilərdə yaşayan nadir quşlardan biri Qafqaz ularıdır. Dağ zirvələrində və qayalıqlarda yuva quran qartal güclü qanadları ilə diqqət çəkir. Çox sürətli uçuş qabiliyyəti ilə tanınan şahin isə yırtıcı quşlar arasında xüsusi yer tutur.

Şahyaylaqda yerli yaşayış və çoban həyatı
Şahyaylaqda çoban həyatı, Azərbaycanın dağlıq bölgələrinin dərin və əsrarəngiz ənənələrinin bir parçasıdır. Bu torpaqlar əsrlərdir ki, çobanların öz adət-ənənələrinə sadiq qalaraq, təbiətə uyğun həyat tərzi qurduqları yerdir. May ayının sonunda çobanlar qışlaqlardan yola çıxır və yüksək dağ çəmənliklərinə doğru irəliləyirlər. Yola çıxmağın özü bir macəradır, çətin, bəzən sərt təbiətə qarşı mübarizə, amma həm də bir növ iç dünyanı zənginləşdirən, insanı öz kökləri ilə daha dərindən əlaqələndirən bir təcrübədir. Şahyaylağa gələn çobanlar qışı Hacıqabul, Şirvan, Qobustan, Şamaxı, Şabran və Siyəzəndəki qışlaqlarda keçirirlər. May ayının əvvəllərində Şahyaylaq və onun ətrafı yaylaqlara yola düşürlər və oktyabrın sonuna qədər yaylaqlarda qalırlar. Şahyaylaqda çobanlar, qoyun və keçiləri otararaq, təbiətin sükunətində həyatın təməlindəki sadəliyi və həqiqəti tapmağa çalışırlar. Bu həyat hər gün təbiətə daha yaxın olmaq, öz içindəki hər şeyi təmizləmək və təbiətin sonsuz dövrünə şahidlik etməkdir. Çadırların arasında, heyvanların nəfəs alışı, alovların parıltısı və dağların səssizliyi arasında, bir çoban üçün hər şeyin bir mənası var. Yay aylarında, çobanlar təkcə heyvanları qorumaqla qalmır, həm də çoxlu çətinliklərə qarşı bir araya gəlir, bir-birlərini dəstəkləyirlər. Çətinliklərə, hava şəraitinə, yırtıcı heyvanlara qarşı mübarizə, həyatın ən qiymətli dərslərini çobanlara öyrədir. Lakin burada ən mühüm şey, çətinliklərin üstəsindən gəlməyə davam edərkən təbiətə olan dərin hörmət və sevgidir. Hər bir çoban, bu torpaqların həqiqi sahibləri olaraq, ənənəvi təcrübələrini gələcək nəsillərə ötürür. Şahyaylaq sadəcə bir yer deyil. O, zamanla bağlanmış, əzəmətli dağlar arasında sıx bir məkandır. Hər çadırda, hər addımda, çobanların həyatına, onların ürəyinə və torpaqlara verdikləri dəyərə şahidlik etmək mümkündür. Bu, Azərbaycanın ruhunu hiss etmək istəyənlər üçün bir yerdir: buranın sükunətində həm özlərini, həm də təbiəti yenidən kəşf etmək mümkündür.
Şahyaylaqda trekking və yürüş marşrutları
Şahyaylaq bölgəsi Azərbaycanın şimalında, Böyük Qafqaz sıra dağlarında yerləşən və yürüş, trekking və alpinizm üçün olduqca əlverişli bir məkandır. Bu ərazi həm təcrübəli dağçılar, həm də yeni başlayan yürüşçülər üçün müxtəlif çətinlik səviyyəsində marşrutlar təqdim edir. Şahyaylaq strateji baxımdan elə bir mövqedə yerləşir ki, burada çadır quraraq Azərbaycanın ən yüksək zirvələrinə yürüşlər etmək mümkündür. Bu bölgə ölkənin ən hündür zirvələrinə çıxış imkanı yaradır. Buradan Azərbaycanın ən yüksək zirvəsi olan Bazardüzü (4466 m) də daxil olmaqla bir çox dağa yürüş təşkil etmək mümkündür. Digər mühüm zirvələrə aşağıdakılar daxildir:
-
Şahdağ (4243 m)
Tarixi və coğrafi baxımdan Azərbaycanın ən məşhur zirvələrindən biridir.
- Tufandağ (4191 m)
Qış aylarında sərt hava şəraiti ilə tanınan, qarlı və çətin marşrutlara malik bir zirvədir.
-
Çingiz (4062 m)
Böyük Qafqaz dağlarının önəmli yüksəkliklərindən biridir.
-
Gənclik (4042 m)
Təbiəti və mənzərələri ilə diqqət çəkən zirvələrdən biridir.
- Cümhuriyyət (3740 m)
Azərbaycan tarixini simvolizə edən, çətin, lakin maraqlı bir marşrut təqdim edən zirvədir.
-
Bazaryurd (4126 m)
Təcrübəli dağçılar üçün əlverişli və çətin marşrutlardan biri hesab olunur.
-
Yarudağ (4116 m)
Böyük Qafqaz dağlarının nadir rast gəlinən, lakin çox gözəl mənzərələr təqdim edən zirvələrindən biridir.
Tarixi Karvan Yolları və Trekking Marşrutları
Şahyaylaq bölgəsi təkcə dağ zirvələri ilə deyil, həm də qədim karvan yolları ilə tanınır. Tarixən ticarət yolları kimi istifadə olunmuş bu keçidlər günümüzdə yürüş və trekking həvəskarları üçün maraqlı marşrutlar təklif edir. Bu yollar Quba, Qusar və Qəbələ rayonlarını birləşdirərək, dağlıq ərazilərdən keçən möhtəşəm mənzərələri özündə birləşdirir. Ən məşhur trekking marşrutları aşağıdakılardır:
1. Laza (Qusar) – Şahyaylaq – Xınalıq – Laza (Qəbələ)
Bu marşrut Azərbaycanın ən hündür dağ kəndlərindən biri olan Xınalıqdan keçir və Böyük Qafqaz dağlarının gözəl mənzərələri ilə müşayiət olunur.
2. Laza (Qusar) – Şahyaylaq – Kürvədağ aşırımı – Laza (Qəbələ)
Bu cığır yüksək dağ aşırımlarını keçərək sıldırım qayalar, çaylar və yaşıl yaylaqlar boyunca uzanır. Bu marşrutlar həm təcrübəli yürüşçülər, həm də yeni başlayanlar üçün maraqlı və müxtəlif səviyyəli sınaqlar təqdim edir. Şahyaylaqda çadır quraraq və ya dağ evlərində gecələyərək çox günlük ekspedisiyalar təşkil etmək mümkündür. Şahyaylaq həm yay, həm də qış aylarında trekking və dağçılıq üçün əlverişli bir məkandır. Yayda yaşıl çəmənliklər və çiçəkli dağ yamacları ilə əhatələnmiş marşrutlar təqdim edərkən, qışda isə sərt hava şəraitində yürüş və alpinizm təcrübəsi qazanmaq istəyənlər üçün unikal imkanlar yaradır.
Şahyaylağa necə getmək olar?
Şahyaylağa getmək üçün bir neçə marşrut mövcuddur və bu yerlərə həm piyada yürüş edərək, həm də nəqliyyat vasitəsi ilə çatmaq mümkündür.
1. Qusar Marşrutu (Laza Kəndi Vasitəsilə)
Şahyaylağa piyada yürüş etmək istəyənlər üçün ən məşhur marşrutlardan biri Qusar rayonunun Laza kəndindən başlayır. Laza kəndi Qusarın məşhur turizm məkanlarından biridir və şəlalələri ilə tanınır. Buradan Şahyaylağa gedən yol əsasən Qusarçayın sahili ilə dağ cığırlarından və otlaqlardan keçir. Bu marşrut orta və çətin səviyyəli yürüşçülər üçün uyğundur və ümumilikdə 8-10 km məsafəni əhatə edir. Qış aylarında qar və buz səbəbindən çətin olur.
2. Qəbələ Marşrutu (Laza kəndi vasitəsilə)
Qəbələ rayonunun Laza kəndindən də Şahyaylağa yürüş etmək mümkündür. Bu marşrut dağlıq və meşəlik ərazidən keçdiyi üçün macərapərəst yürüşçülər üçün maraqlıdır. Buradan başlayan Dəmir aparan çayının sahili ilə davam edir və yürüş də təxminən 20 km məsafəni əhatə edir və orta səviyyədə çətindir.
3. Xınalıq Marşrutu (Ən Asan Yol)
Ən rahat marşrut Quba rayonunun Xınalıq kəndindən başlayır. Xınalıq Azərbaycanın ən yüksək yaşayış məntəqələrindən biridir və Şahyaylağa ən yaxın başlanğıc nöqtələrindən biridir. Buradan Şahyaylağa olan məsafə təxminən 15 km təşkil edir. Yol əsasən çəmənlik və dağ cığırlarından keçir. Bəzi yerlərdə nisbətən dik yamaclar olsa da, ümumilikdə digər marşrutlara nisbətən daha asandır.Piyada yürüş edənlər üçün orta hesabla 5-7 saat vaxt tələb olunur. Bu marşrut həm piyada yürüşçülər, həm də 4x4 yolsuzluq avtomobilləri ilə getmək istəyənlər üçün uyğundur.