2017-ci ildə Tufandağda baş verən qar uçqunu faciəsi Azərbaycanın dağçılıq tarixində ən ağır hadisələrdən biri kimi yadda qalıb. Güclü qar yağışı və əlverişsiz hava şəraiti nəticəsində baş verən uçqun bir neçə alpinistin həyatına son qoymuşdu. Bu hadisə Tufandağ marşrutlarında təhlükəsizlik qaydalarının və hava proqnozunun əhəmiyyətini bir daha gündəmə gətirdi. Qar uçqunu riski və dağlarda təhlükəsizlik mövzusu bu gün də Tufandağ yürüşləri üçün əsas prioritetlərdən hesab olunur.
2017-ci ilin dekabr ayında Azərbaycan dağçılıq tarixində ağır faciə baş verdi. 23 dekabr 2017-ci il tarixində “Gilavar” Hava və Ekstremal İdman Klubunun üzvləri olan üç alpinist — Babur Hüseynov, Namin Bünyadzadə və Fəridə Cəbrayılzadə Quba rayonunun Xınalıq kəndindən Tufandağ zirvəsinə doğru qış yürüşünə başladılar.
Alpinistlərlə sonuncu dəfə 24 dekabr axşam saatlarında əlaqə saxlanılmışdı. Onlar hava şəraitinin kəskin pisləşdiyini və düşərgə qurduqlarını bildirmişdilər. Bundan sonra onlarla əlaqə tamamilə kəsildi. Ailələrin və dostların narahatlığı artdıqdan sonra rəsmi qurumlara məlumat verildi və axtarış-xilasetmə əməliyyatları başladı.
Komandanın Heyəti:
Namin Bünyadzadə (Qrupun lideri)
Babur Hüseynov
Fəridə Cəbrayılzadə
Axtarış və çətin şərait
Axtarış işlərinə Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Hava və Ekstremal İdman Növləri Federasiyasının dağçıları və digər qurumlar cəlb olundu. Əraziyə helikopterlər, dağ-xilasetmə qrupları və könüllülər göndərildi. Lakin şiddətli qar yağışı, duman, güclü külək və yüksək qar uçqunu riski axtarışları son dərəcə çətinləşdirirdi.
İlkin ehtimallara görə, alpinistlər güclü qar uçqununa düşmüşdülər. Qış mövsümündə Tufandağ kimi yüksək və sərt relyefə malik dağlarda uçqun riski olduqca yüksəkdir və bu faciənin əsas səbəblərindən biri kimi göstərilirdi.
Faciənin acı sonu
Uzun müddət davam edən axtarışlardan sonra 2018-ci ilin may ayında, Tufandağın yüksək hissələrində təxminən 4 metr qalınlığında qar qatının altında alpinistlərin düşərgəsi və hər üç nəfərin meyiti tapıldı. Ekspertiza nəticələrinə əsasən, onların qar uçqunu altında qalaraq soyuqdan donduğu, bədənlərində zorakılıq və ya digər xəsarət izlərinin olmadığı bildirildi.
Hadisə ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işi açıldı və təhlükəsizlik məsələləri araşdırıldı. Bu faciə dağçılıq icması üçün böyük itki olmaqla yanaşı, qış yürüşlərində risklərin düzgün qiymətləndirilməsinin vacibliyini bir daha göstərdi.
Qrup niyə qar uçqununa düşdü?
Qar uçqunundan heç kəs sığortalanmayıb. Bu hadisə hər kəsin başına gələ bilər. Amma bəzi səbəblər var ki, uçquna düşməmək mümkündür. Bu hadisədə isə səbəblər çoxdur.
Ölkədə normal olaraq qış dağçılıq təlimlərinin olmaması
Azərbaycanda qış dağçılığı üzrə peşəkar təlim proqramları, qar uçqunu riskinin qiymətləndirilməsi, təhlükəsizlik protokolları və praktiki maarifləndirmə demək olar ki, mövcud deyil. Bu sahədə məsul olan federasiyalar və qurumlar isə illərdir passiv mövqe nümayiş etdirirlər.
Nəticədə, dağa gedən insanlar qış şəraitində hərəkət qaydalarını, qar örtüyünün davranışını və uçqun risklərini bilmədən bu fəaliyyətlərə qoşulurlar. Təcrübəsizlik və məlumat çatışmazlığı isə təbiətin sərt şərtləri ilə üz-üzə qalanda faciə ilə nəticələnir.
Bu hadisə bir daha göstərdi ki, dağ təkcə fiziki güc deyil, həm də bilik, hazırlıq və məsuliyyət tələb edir. Qış dağçılığı ilə bağlı ciddi təlimlərin təşkili, federasiyaların aktivləşdirilməsi və maarifləndirmə işlərinin aparılması gələcək faciələrin qarşısını almaq üçün həyati əhəmiyyət daşıyır.
Qrupun qış dağçılığı üzrə bilik və bacarıqları aşağı səviyyədə idi. İlk öncə Dövlət Sərhəd Xidməti və Ekologiya Nazirliyinə müraciət olunmuşdu ki, onların dağa getməsinə icazə verilsin. Ekologiya Nazirliyi qrupda minimum 3 nəfər olduqda dağa getməyə icazə verir. Qrup isə 3 nəfəri tamamlamq üçün heç bir qış dağçılığı təcrübəsi olmayan Fəridəni qrupa götürmüşdü. Qrupun səhvi elə buradan başlamışdır.
Tufandağ Hadisəsinin Təhlili
1. Qış fəaliyyəti üçün dekabr ayının uyğunluğunun düzgün qiymətləndirilməməsi
Dekabr ayı qış dağçılığı üçün hələ optimal deyil. Bu ayda ərazilərə qar tam olaraq yağıb möhkəmlənmədiyi üçün qar təbəqələri hələ bərk deyil və yürüş zamanı ayaq basmaq çətinləşir. Qarın qeyri-sabitliyi və təbəqələrin bərkiməməsi uçqun riskini xeyli artırır, bu isə dağçılıq fəaliyyəti üçün ciddi təhlükə yaradır.
Bundan əlavə, dekabr ayında hava şəraiti tez-tez dəyişir, temperatur çox aşağı olur və küləkli günlərdə soyuqluq və qar fırtınası riski yüksək olur. Bu amillər yürüşü çətinləşdirir, iştirakçıların təhlükəsizliyini risk altına qoyur və planlaşdırılmış marşrutların vaxtında tamamlanmasını çətinləşdirir.
Ümumilikdə, dekabr ayında qış dağçılığı yalnız xüsusi təcrübəsi olan və təhlükəsizlik tədbirlərini tam şəkildə təmin edən qruplar üçün tövsiyə olunur. Həmçinin, bu dövrdə uçqun riskinə qarşı əlavə təhlükəsizlik avadanlığı və ehtiyat planlarının olması vacibdir.
2. Marşrut planının zəif hazırlanması – xəritə üzərində bir neçə alternativ olsa da, real risklər nəzərə alınmayıb
Marşrut planının hazırlanmasında ciddi zəifliklər müşahidə olunub. Xəritədə bir neçə alternativ marşrut nəzərdə tutulsa da, real risklər və qış şəraitinin çətinlikləri kifayət qədər qiymətləndirilməyib.
Qrup yürüş zamanı bir neçə marşrut seçimi arasından qərar verə bilirdi: Tufandağın sağ və sol qanadı, yaxud da Mahmuda dərəsinin içindən buzlaqdan keçən marşrut. Nəticədə qrup Mahmuda dərəsinin içindən keçən marşrutu seçib.
Qış mövsümündə günün qısa olmasını, düşərgə seçimlərini və çadırların təhlükəsiz şəkildə qurulmasını nəzərə almadan dərənin içində düşərgə qurmaq riskli oldu. Dekabr ayında günün qısa olması səbəbindən qrup çadırları qaranlıq düşməmişdən əvvəl qurmalı oldu ki, bu da təhlükəsizlik və rahatlıq baxımından əlavə çətinlik yaratdı.
3. Qış dağçılığı təcrübəsi olmayan iştirakçının (Fəridə) qrupa daxil edilməsi
Fəridənin yalnız yay mövsümü üçün təməl dağçılıq təlimi keçməsi və qış şəraitində təcrübəsinin olmaması səbəbindən onun qış zirvələri üçün qrupa daxil edilməsi həm özünü, həm də qrupun digər üzvlərini təhlükə altında qoymuşdur.
4. Hava şəraitinin və proqnozların düzgün analiz edilməməsi
Dekabr ayında hava şəraitinin və proqnozların düzgün analiz edilməməsi ciddi risklər yaratmışdır.
Qış mövsümündə temperatur, qar örtüyü, külək və görünmə şəraiti sürətlə dəyişir. Əgər bu faktorlar əvvəlcədən dəqiq qiymətləndirilməzsə, yürüş zamanı gözlənilməz çətinliklər və təhlükələr meydana çıxa bilər.
Yerində qiymətləndirilən hava məlumatına görə, həmin günlərdə ərazidə güclü külək olub və qar əsasən dərələrə yığıldığı üçün uçqun riski artmışdır. Dərələrdəki qar qısa müddətdə həddindən artıq toplanır, alt qata bərkimədən qalır və nəticədə toz qar uçqunu yaranır. Qrupun uçquna düşməsi elə budur.
5. Qrupun qış dağçılığı üzrə yetərli bilik və bacarıqlara malik olmaması
Qrupun qış dağçılığı üzrə yetərli bilik və bacarıqlara malik olmaması ciddi təhlükə yaratmışdır.
Qış şəraiti dağçılıq üçün xüsusi təcrübə, uçqun riskini qiymətləndirmə bacarığı, düzgün düşərgə və marşrut seçimi, həmçinin soyuq havada hərəkət və xilasetmə biliklərini tələb edir. Qrupun bu sahədə kifayət qədər təcrübəyə malik olmaması yürüş zamanı risklərin artmasına və fövqəladə vəziyyətlərin yaranmasına səbəb olmuşdur.
6. Əraziyə daxil olduqdan sonra qar örtüyünün vəziyyətinin yerində qiymətləndirilməməsi
Əraziyə daxil olduqdan sonra qar örtüyünün vəziyyətinin yerində düzgün qiymətləndirilməməsi ciddi risklər yaratmışdır.
Qar örtüyünün qalınlığı, möhkəmliyi və alt qatının sabitliyi uçqun və sürüşmə riskini birbaşa təsir edir. Əgər bu amillər yerində düzgün qiymətləndirilməzsə, qrup yürüş zamanı gözlənilməz təhlükələr və yaralanma riskləri ilə üzləşə bilər.
7. Qış fəaliyyəti planlaşdırılan əraziyə yay mövsümündə əvvəlcədən kəşfiyyat yürüşünün aparılmaması
Qış fəaliyyəti planlaşdırılan əraziyə yay mövsümündə əvvəlcədən kəşfiyyat yürüşünün aparılmaması ciddi hazırlıq çatışmazlığı yaratmışdır.
Yay mövsümündə ərazidə marşrut, düşərgə yerləri, su mənbələri və təhlükəli zonaların öyrənilməsi qışda təhlükəsiz və effektiv fəaliyyət üçün vacibdir. Əgər bu kəşfiyyat aparılmayıbsa, qış şəraitində qrup gözlənilməz çətinliklər və risklərlə üzləşə bilər.
8. Qar uçqunu riski ilə bağlı rəsmi məlumat və bülletenlərin araşdırılmaması
Qar uçqunu riski ilə bağlı rəsmi məlumat və bülletenlərin araşdırılmaması ciddi təhlükə yaratmışdır.
Qış dağçılığında uçqun riski ərazinin təhlükəsizlik planlamasında əsas rol oynayır. Əgər rəsmi hava məlumatları, qar örtüyü vəziyyəti və uçqun bülletenləri yoxlanılmayıbsa, qrup gözlənilməz uçqun və sürüşmə riskləri ilə üzləşə bilər.
Təəssüf ki, məsuliyyətli qurumlar hələ də bu məlumatları hazırlamağa qadir deyillər.
Qeyd etmək lazımdır ki, ölkəmizdə uçqun təhlükəsi olan dağlar və uçqun zonalarının yerləşdiyi ərazilərin dəqiq xəritəsi hələ hazırlanmayıb. Bu isə qış dağçılığı planlamasında əlavə çətinlik yaradır və qrupun riskləri düzgün qiymətləndirməsini daha da mürəkkəbləşdirir.
9. Zəruri təhlükəsizlik avadanlıqlarının olmaması – uçqun ötürücüsü (beacon), prob və kürək təmin edilməyib
Xüsusilə, qar uçqunu təhlükəsi olan ərazilərdə uçqun ötürücüsü (beacon), prob və kürək kimi əsas avadanlıqlar qrup tərəfindən təmin edilməmişdir. Bu avadanlıqların yoxluğu, fövqəladə vəziyyətlərdə qrupun üzvlərinin tapılmasını və xilas edilməsini çətinləşdirir, qış dağçılığı zamanı təhlükəsizlik səviyyəsini xeyli azaldır.
Əlavə olaraq qeyd etmək lazımdır ki, qrup çadırda olarkən uçquna düşmüşdür. Hətta zəruri təhlükəsizlik avadanlıqlarının təmin olunması halında belə, bu avadanlıqlar onların tam təhlükəsizliyini təmin edə bilməzdi. Bu, qış dağçılığı zamanı çadır düşərgələrinin uçqun riski altında qurulmasının nə qədər təhlükəli olduğunu göstərir.
10. Qrup rəhbərinin risklərin idarə olunması üzrə zəif qərarverməsi
Qrup rəhbərinin marşrut seçimi, düşərgə yeri, təhlükəsizlik avadanlıqlarının təminatı və iştirakçıların bacarıqlarının qiymətləndirilməsi ilə bağlı qərarları qrupun təhlükəsizliyinə birbaşa təsir edir. Zəif və ya təcrübəsiz qərarlar nəticəsində risklər düzgün idarə olunmayıb, bu isə qrupun üzvlərinin təhlükəsizliyini xeyli azaldıb və fövqəladə vəziyyətlərin yaranmasına səbəb olmuşdur.
11. Vaxt amilinin düzgün hesablanmaması – qısa gün işığı və gecikmə riski
Qış mövsümündə gün işığı qısa olur və marşrut üzrə hərəkət zamanı gecikmələr qaçılmazdır. Əgər yürüş planı zamanı bu faktor düzgün nəzərə alınmazsa, qrup qaranlığa qalıb düşərgəni vaxtında qura bilməz və bu, həm təhlükəsizlik, həm də rahatlıq baxımından əlavə risklər yaradır.
12. Psixoloji təzyiq və “zirvəyə çatmaq istəyi”nin təhlükəsizlikdən üstün tutulması
Qrup üzvləri və ya rəhbərlik şəxsi motivasiya və prestij məqsədilə təhlükəsizlik qaydalarını gözardı edə bilər. Bu vəziyyət qərarverməni təsir edir, riskləri düzgün qiymətləndirməyə mane olur və qış dağçılığı şəraitində qəzalar və fövqəladə halların yaranma ehtimalını artırır.
13. Rəsmi icazənin 3 gün verilməsi və iştirakçıların bunu nəzərə alaraq eyni tarixdə zirvəyə getməyə cəhd etmələri
Rəsmi icazənin yalnız 3 gün üçün verilməsi və iştirakçıların bunu nəzərə alaraq eyni tarixdə zirvəyə çatmağa cəhd etməsi ciddi risk yaratmışdır.
Qısa icazə müddəti qrup üzvlərində vaxt təzyiqi yaradır və planlaşdırma zamanı risklərin düzgün qiymətləndirilməsinə mane olur. Nəticədə qrup eyni gündə zirvəyə çatmaq üçün tələsir, bu isə təhlükəsizlik tədbirlərinin yetərincə tətbiq olunmamasına, yorğunluğun artmasına və fövqəladə vəziyyətlərin yaranma ehtimalının yüksəlməsinə səbəb olur.
Həmin Günlərdə Baş Verənlər, Danışılanlar və Edilənlər
Qrup 24 dekabr günortadan sonra, təxminən saat 15:00–16:00 radələrində Xınalıqdan Mahmud dərəsinin girişindəki qəbirstanlıq ərazisində maşından enərək yürüşə başlamışdır. Əraziyə daxil olduqdan sonra apardığım hesablamalara görə, qrup maksimum 1 saat ərzində düşərgə yerinə çataraq çadırı qurmuşdur. Dekabr ayında gün işığının qısa olması səbəbindən onlar qaranlıqda hərəkət etməmişdir; əraziyə çatdıqda artıq günəş batmış və çadırlar qurulmuşdu.
Gecə və səhər boyunca əsən külək əraziyə böyük kütlə qar yığılmasına səbəb olmuşdur. Əvvəlki köhnə qar üzərinə yığılan bu qar təbəqəsi həddindən artıq qalın olmuşdur. Qrup 25 dekabr axşamına qədər çadırda qalmış, havada günəşli şərait olmasına baxmayaraq zirvəyə cəhd etməmişdir. Bu müddət ərzində ərazi və uçqun təhlükəsini dəyərləndirmək üçün imkanları olmuşdur.
Lakin 25 dekabr saat 17:00-dan sonra qar uçqunu baş vermiş, çadırı qurduqları yer isə uçqun dərəsinin ağız hissəsində olduğundan çadırın üzərinə böyük qar kütləsi düşmüşdür. Bu faciə qrupun təhlükəsizlik tədbirlərini kifayət qədər nəzərə almadan düşərgəni riskli sahədə qurmasının nəticəsi olmuşdur.
Onlar uçqunda sag çıxa bilərdilər mi?
Bu vəziyyət çox kritikdir və real ehtimalları qiymətləndirmək üçün hadisənin şərtlərini nəzərə almalıyıq.
Çadırın yeri: Qrup çadırı uçqun dərəsinin ağız hissəsində qurmuşdu. Bu, qar kütləsinin tam düşəcəyi nöqtədir. Belə şəraitdə uçqun baş verərkən çadır və içində olanlar çox yüksək sürətlə qar kütləsi altında qalır. Çıxmaq mümkünsüzdür.
Təhlükəsizlik avadanlığı: Qrupda uçqun beacon, prob və kürək kimi həyati avadanlıqlar yox idi. Bu avadanlıqlar yalnız xilasetmə prosesini asanlaşdırır; uçqun anında qoruma təmin etmir və qarın altından çıxmağa kömək etmir.
Qar kütləsinin həcmi və sürəti: Ekspert rəylərinə görə, uçqun çadırın üzərinə böyük kütlə ilə düşmüşdür. Belə sürət və ağırlıq altında fiziki olaraq sağ qalmaq ehtimalı mümkün deyil.
İştirakçıların bacarıqları və reaksiya: Qış dağçılığı təcrübəsi olmayan iştirakçılar üçün (xüsusilə Fəridə) uçqun anında sağ qalmaq praktik olaraq mümkün deyil.
Şərtlər nəzərə alınarsa, uçqunda sağ qalmaq ehtimalı çox aşağıdır və real həyatda demək olar ki, mümkün deyildi. Təhlükəsiz çadır yeri, avadanlıq və qabaqlayıcı tədbirlər olsaydı, risk xeyli azala bilərdi, amma seçilmiş yer və şəraitdə uçqundan qaçmaq praktiki olaraq mümkün deyildi.
Mənim Məlumatım və Reaksiyam
23–24 dekabr 2017-ci il tarixində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının “Climbaku” dırmanma zalında duatlon üzrə Respublika çempionatı keçirilirdi. Fəridə həmin yarışda hakim kimi iştirak etməli idi. Hakimlər siyahısını hazırladığımız zaman Fəridə mənə bildirdi ki, həmin tarixlərdə hansısa düşərgəyə qatılacaq.
Yarışı keçirdikdən sonra 25 dekabrda mən Naxçıvana ezam olunmuşdum. Oradakı federasiyada təlimi bitirdikdən sonra Ərzuruma getdim.
25 dekabrda federasiyadan mənə məlumat gəldi ki, Babur, Namin və Fəridə Tufandağa gediblər və onlarla əlaqə yoxdur. Babur və Naminin dağlara tez-tez çıxdığını bilirdim, lakin Fəridənin bu planı barədə məlumatım yox idi. Tez Facebook vasitəsilə ona yazdım, lakin cavab gəlmədi. Daha sonra digər yoldaşlara soruşdum; dedilər ki, bir neçə gün öncə Fəridə dağa getmək üçün kranpon axtarırmış və bu dəfə mənim icazəmi gözləmədən qərar vermişdi.
Fəridə Dağçılıq Məktəbinin tələbəsi olduğundan əvvəlki fəaliyyətlərini həmişə mənimlə məsləhətləşirdi. Artıq onun bu qrupda iştirak etdiyini öyrəndikdən sonra tez federasiyaya məlumat verdim ki, ərazi uçqun zonasıdır və indi dağa getmək təhlükəlidir. Həmçinin Şahyaylaqda yerləşən Hidrometeorologiya Xidmətinə məlumat verildi ki, əraziyə baxış keçirilsin. Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumatlandırıldı və həmin gün axtarış əməliyyatları başlandı.
Təcili olaraq geri döndüm: gecə Türkiyədən Naxçıvana, ordan Bakıya sonra isə birbaşa Xınalığa yola düşdüm və zəruri hazırlıqları etdim.
Axtarış-Xilasetmə Əməliyyatı
Xınalıqda olduğum zaman ərazidə artıq dağlarda yüzlərlə adamın olduğu və könüllü qrupların yaradıldığı barədə məlumat aldım. Fövqəladə Hallar Nazirliyi (FHN) də əraziyə daxil olmuşdu.
Axtarış prosesini müşahidə etdikdə anladım ki, vəziyyət kritikdir. Ərazidə çoxlu sayda insanın olması və hər kəsin eyni vaxtda daxil olması itkin düşən qrup üçün iz və qalıq tapmaq ehtimalını azaldırdı. Əraziyə çatanda vəziyyət gözlənildiyi kimi gərgin idi. Federasiya rəhbərliyinə, Ekologiya və digər müvafiq qurumlara bildirdim ki, axtarışların nəticəsi əraziyə çoxlu insanın girməsi səbəbindən səmərəsizdir.
Həmin gün və səhər bütün təcrübəsiz qrupları ərazidən çıxartdıq, çünki onlar yalnız problem yarada bilərdilər. Zirvədə və təpələrin başında dolaşan insanlar axtarışın effektivliyini azaldırdı.
Səhəri gün kiçik alpinist və FHN qrupu ilə əraziyə daxil oldum. Qrupun paylaşdığı plan üzrə hərəkət etdik və növbəti gün məlumat verdim ki, yuxarıda axtarış aparmaq artıq mənasızdır.
30 dekabrda bütün məlumatları topladıqdan sonra, qrupun yürüşə başladığı yerdən tək olaraq Mahmud dərəsinə girdim. Qrupun həmin gün yürüş etmək üçün təxminən 1–2 saat vaxtı var idi; mən Fəridənin tempi ilə hərəkət etdim. Mahmud dərəsinin bitdiyi və sirkin başladığı yerə çatdım, ərazini analiz etdim.
Ərazidə 3 uçqun baş vermişdi. Birinci uçqunun daxil olduğu sahəni əvvəlki qrup tamamilə axtarmışdı. Ərazidə olan hər kəsə məlumat verdim ki, itkin düşənlər çadırın altında qalıblar. Bütün qrupu həmin sahəyə yönləndirdim və axtarışı hissə-hissə aparmaqla qazıntıya başladıq, çünki qar artıq donmuş və səthi qazıntılar mənasız idi.
Lakin digər qruplar öz bildikləri kimi axtarır, qazdıqları yerləri işarələmirdilər. Növbəti gün gəldikdə isə əvvəl qazdığımız sahənin külək tərəfindən doldurulduğunu gördük. Bu, axtarışın səmərəsini xeyli azaldırdı. Ərazidə böyük kütlə qar düşməsi və bütün sahənin qazılması insanları passivləşdirir; onlar isə asan sahələrə yönəlirdilər.
Əsas məqsəd bütün qüvvəni və qrupları inandırmaq idi ki, çadırın olduğu yerə fokuslansınlar. Onlar həmin ərazini axtarırdılar, mən isə axtarışı hissə-hissə qazaraq və işarələyərək davam etdirdim.
Mətbuat və bəzi şəxslərin yanlış məlumat verməsi insanların buna güvənməsinə və axtarışın gecikməsinə səbəb olurdu. Effektiv axtarış yalnız ərazini hissə-hissə qazmaq və düzgün işarələmək yolu ilə mümkündür.
Nəticədə axtarış uzun çəkdi və yalnız qazıntı yolu ilə nəticəyə nail olmaq mümkün oldu. 2018-ci il mayın 16-da, saat 18:00 radələrində, dediyim ərazidə aparılan qazıntı zamanı itkin düşənlərin cansız bədənləri tapıldı.
Axtarış- Xilas etmə necə aparılmalıdır?
1️.Məlumatın qəbulu və ilkin qiymətləndirmə
-
Hadisə yeri (dəqiq koordinat və ya son görülmə nöqtəsi)
-
İtən şəxsin adı, yaşı, təcrübə səviyyəsi
-
Üzərindəki geyim və avadanlıq
-
Son əlaqə vaxtı
-
Hava şəraiti
-
Ərazinin tipi (meşə, qar, qayalıq və s.)
-
Qrupun sayı və vəziyyəti
2️.Qərargahın qurulması və planlama
-
Hadisə üçün məsul rəhbər təyin olunur
-
Ərazi xəritəsi açılır və sektorlaşdırma edilir
-
Son görülmə nöqtəsi (LSP) əsas istinad nöqtəsi kimi götürülür
-
Hava proqnozu və relyef riski analiz olunur
-
Lazım olan resurslar müəyyən edilir (xilasedicilər, texnika, dron və s.)
3️.Qrupun səfərbər olunması
Vəziyyətə görə aşağıdakılar təşkil olunur:
-
Yerüstü axtarış komandaları
-
Axtarış itləri
-
Dron və termal kamera
-
Qar şəraitində – qar uçqunu avadanlığı
-
Zəruri hallarda helikopter
Eyni zamanda hadisə yerindəki qrupla telefon əlaqəsi saxlanılır və onlara təhlükəsiz gözləmə təlimatı verilir.
4. Axtarış strategiyası
Adətən 3 əsas metod istifadə olunur:
-
Hasty Search (Sürətli ilkin axtarış) – ehtimal olunan marşrutlar üzrə
-
Grid Search (Şəbəkə metodu) – sektorlaşdırılmış sistemli axtarış
-
Track & Sign – ayaq izi və fiziki izlərin izlənməsi
Qar və soyuq şəraitdə vaxt faktoru kritikdir – hipotermiya riski nəzərə alınır.
5.Ən vacib prinsip
Zaman = həyat.
İlk 6–12 saat kritik hesab olunur.
6. Tapılma və tibbi müdaxilə
Şəxs tapıldıqda:
-
ABC qiymətləndirmə (nəfəs, dövran, şüur)
-
Hipotermiya və travma yoxlanılır
-
Stabilizasiya edilir
-
Evakuasiya planı tətbiq olunur
7. Sənin tur rəhbəri kimi etməli olduğun ən vacib şey:
-
Dəqiq koordinat vermək
-
Qrupun panikaya düşməsinin qarşısını almaq
-
Özbaşına geniş axtarış etməmək
-
Xilasedicilərlə daimi əlaqədə qalmaq
Qar uçqunu nədir?
Qar uçqunu – yamacda toplanmış qar kütləsinin müxtəlif səbəblərdən qoparaq aşağı doğru böyük sürətlə hərəkət etməsidir. Adətən dik yamaclarda (30–45°), təzə yağan qar və küləkdən sonra baş verir.
Qar uçqununa səbəb olan əsas amillər
Həddindən artıq qar yağışı – qarın kütləsinin sürətlə artması, mövcud layların altındakı sabitliyi pozur.
Külək nəticəsində qarın bir yamacda yığılması – yüngül qarın yığılması və bərkiməməsi uçqun riskini artırır.
Temperaturun qəfil dəyişməsi – qarın əriməsi və donması, laylar arasında sürüşmə potensialını yüksəldir.
Zəif qar layları – qarın lay-lay strukturunun qeyri-sabit olması, üst qatın asanlıqla sürüşməsinə səbəb olur.
İnsan faktoru – alpinistlər, xizəkçilər, yürüşçülərin hərəkəti qar təbəqələrinə əlavə yük gətirir və uçqunu tetikləmiş olur.
Əlavə amillər:
Ərazinin relyefi və yamacın bucağı – 30–45° bucaq ilə meylli yamaclar uçqun üçün ən riskli sayılır.
Əvvəlki uçqun tarixi və qarın vəziyyəti – əvvəllər uçqun düşmüş yamaclar təkrar uçqun üçün daha həssasdır.
Günəş şüalarının təsiri – gün ərzində bəzi yamaclarda qarın əriməsi və gecə donması qarın qeyri-sabitliyini artırır.
Yağış və ya qar qarışığı – üst qatın çəkisini artırır və alt qatın sabitliyini azaldır.
Dərələrin və dağlıq ərazilərin forması – qarın yığılma potensialını və uçqun başlanğıc nöqtələrini müəyyən edir.
Tufandağ bölgəsində uçqun riski
Tufandağ və Böyük Qafqaz silsiləsi Azərbaycan üzrə uçqun riski yüksək olan zonalara daxildir. Qış aylarında (dekabr–mart) bu ərazilər xüsusilə təhlükəlidir. Dərin dərələr, küləkli aşırımlar və şimal yamacları uçqun üçün riskli sahələrdir.
Tufandağ Azərbaycanın uçqun riski ən yüksək olan bölgələrindən biridir. Dağın sağ və sol qanadlarının içində Qəbələdən dəmir aparan çayın vadisi, Qusardan Qusar çayın vadisi və ardından Mahmuda dərəsi yerləşir. Tufançay və Qudialçay dərələrinin külək axınları bir-birinə qarşı təsir göstərir ki, bu da şimala tərəf böyük qar kütlələrinin yığılmasına səbəb olur. Yay mövsümündə isə bu vadilər tamamilə buzlaq olur. Adını da “Tufan” olaraq alması buradakı güclü küləklərlə əlaqədardır: zirvədə hava axınlarının toqquşması həmişə güclü küləklər yaradır.
Təcrübə göstərir ki, xüsusilə bu ərazilərdə qış şəraitində yürüş və düşərgə qurmaq ciddi hazırlıq və təhlükəsizlik tədbirləri tələb edir. Dik yamaclarda və dərələrdə qar qatları qeyri-sabit olur və hərəkət zamanı uçqun riski yüksəkdir. Bu səbəbdən Tufandağa çıxış zamanı yerli hava şəraiti, qar örtüyü və külək axınları diqqətlə qiymətləndirilməli, qrup yalnız təcrübəli alpinistlər və zəruri avadanlıqla hərəkət etməlidir.
Yaddaşlarda qalan dərs
Sonrakı illərdə alpinistlərin xatirəsi dağçılar tərəfindən anıldı, adları xüsusi xatirə lövhələrində əbədiləşdirildi. Tufandağ hadisəsi bu gün də Azərbaycanda dağçılıq və alpinizm fəaliyyətlərində təhlükəsizlik, hava proqnozu, uçqun riski və düzgün hazırlıq mövzularının həyati əhəmiyyət daşıdığını xatırladır.
Bu faciə bir daha sübut etdi ki, dağlar yalnız gözəlliyi ilə deyil, ciddi riskləri ilə də tanınır. Hər bir yürüş maksimum məsuliyyət, hazırlıq və peşəkar yanaşma tələb edir. Təcrübə göstərir ki:
- Qış dağçılığı üçün əvvəlcədən təlim və planlaşdırma həyati vacibdir.
- Marşrut və düşərgə yerləri diqqətlə seçilməli, hava və qar şəraiti hərəkət öncəsi təhlil edilməlidir.
- Qrup yalnız təcrübəli alpinistlərdən ibarət olmalı və zəruri təhlükəsizlik avadanlığı təmin edilməlidir.
- Uçqun riskinin qiymətləndirilməsi, sürüşmə və fövqəladə hallar üçün ehtiyat planı olmadan heç bir fəaliyyətə başlanmamalıdır.
- Bu dərslər gələcəkdə həm təcrübəli, həm də yeni dağşların həyatı üçün önəmli bir xəbərdarlıq olaraq qalır.
Tufandağ Hadisəsinin Xatirəsinə Anım
Hər il Tufandağ hadisəsinin ildönümündə biz Azərbaycanın dağçılıq və alpinizm icması olaraq itirilmiş alpinistlərimizi yad edirik. Onların adları xüsusi xatirə lövhələrində əbədiləşdirilmiş, gənc nəsillərə məsuliyyət, hazırlıq və təhlükəsizlik dərsləri vermək üçün bir nümunə olmuşdur.
Bu faciə bir daha xatırladır ki, dağlar yalnız gözəlliyi ilə deyil, ciddi riskləri ilə də tanınır. Hər bir yürüş maksimum diqqət, planlaşdırma və peşəkar yanaşma tələb edir. Tufandağda itirilən dostlarımızın xatirəsi hər zaman qəlbimizdə yaşayacaq və onların dərsləri gələcək alpinistlərin təhlükəsizliyi üçün bir yol göstərici olacaqdır.
Biz onları unutmuruq, onların şücaəti və sevgisi dağlarda hər zaman bizimlədir
Nəticə
Tufandağ faciəsindən sonra qış aylarında dağlarımız tamamilə bağlı oldu. Federasiyalar, əvvəlki illərdə təlimləri gücləndirmək və dağçılıq məktəblərini inkişaf etdirmək əvəzinə, dağlara çıxışa icazə verməməyi üstün tutdular. Bu qərar nəticəsində ölkədə dağçılıq fəaliyyəti idman növündən çıxaraq əsasən turizm fəaliyyəti statusuna keçdi.
Bu vəziyyət bir sıra problemləri artırdı:
Federasiyaların fəaliyyətsizliyi: İdmançıların yetişdirilməməsi və dağçılıq təlimlərinin kifayət qədər keçirilməməsi gənc və təcrübəsiz dağçıların təhlükəli şəraitdə fəaliyyət göstərməsinə səbəb oldu.
Təlim əvəzinə qadağa: Təlimlər və sistemli hazırlıq yerinə dağlara çıxışın qadağan edilməsi, real şəraitdə təcrübə qazanmaq imkanlarını məhdudlaşdırdı.
Uyğun olmayan seçimlər: Təcrübəsiz şəxslər üçün dağlara çıxış təhlükəli oldu, təcrübəli idmançılar üçün isə dağçılıq fəaliyyətinin məhdudlaşdırılması onların peşəkar inkişafını əngəllədi.
Nəticə olaraq, Tufandağ faciəsi və onun ardınca görülən tədbirlər göstərdi ki, dağçılıq üzrə təlim və hazırlığın gücləndirilməsi vacibdir və qadağalar yalnız qısa müddətli təhlükəsizlik təmin edə bilər, lakin uzunmüddətli riskləri aradan qaldırmır.
"Ən yaxşı dağçı zirvəyə çatan yox, evinə sağ qayıdandır"