Bloq / Outdoor yazılar
4

Bazardüzü Dağına Qış Dırmanışı

Qış dırmanışı dağçılığın ən riskli və çətin növlərindən biridir və ciddi fiziki, psixoloji hazırlıq tələb edir. Qar, uçqun riski, sərt hava şəraiti və düzgün marşrut seçimi qış dağ yürüşlərində təhlükəsizliyin əsas amilləridir. Xüsusilə Bazardüzü kimi yüksək dağlarda qışda dırmanış edərkən təcrübə, uyğun avadanlıq və doğru qərarvermə həyati əhəmiyyət daşıyır. Bu məqalədə qış dağçılığının əsas təhlükələri, çətinlikləri və praktik tövsiyələr ətraflı izah olunur.

Bazardüzü Dağına Qış Dırmanışı

Giriş

Bazardüzü dağı — Azərbaycanın ən hündür zirvəsi (4 466 m) — ölkənin ən ciddi və çətin dağçılıq çağırışlarından biri hesab olunur. Dağa ən yaxın yaşayış məntəqələri Quba rayonunun Xınalıq, Qusar rayonunun Laza, Qəbələ rayonunun Qəmərvan kəndləri və Dağıstan ərazisində yerləşən Kuruş kəndidir.

Bazardüzü dağına ilk qeydə alınmış çıxış 1847-ci ildə A. Aleksandrov tərəfindən həyata keçirilmişdir. Daha geniş tanınan zirvə yürüşü isə 1890-cı ildə ingilis dağçısı və botaniki George Percival Baker (G. P. Baker) və onun dostu George Yeld tərəfindən baş tutmuşdur. Bu ekspedisiyalar əsasən elmi tədqiqat və topoqrafik araşdırma məqsədi daşıyırdı.

Azərbaycan müstəqillik əldə etdikdən sonra sovet alpinizmindən ayrılan Azərbaycan alpinizmi Mübariz Rəhimovun rəhbərliyi ilə 29 avqust 1993-cü ildə Bazardüzü dağına uğurlu dırmanış həyata keçirmişdir. Sonrakı illərdə müxtəlif idman klubları və təşkilatlar tərəfindən zirvə yürüşləri təşkil olunmağa başlanmışdır.

Bazardüzü dağına bir neçə dəfə qış ekspedisiyaları təşkil edilsə də, uzun müddət uğurlu nəticə əldə olunmamışdır. Bunun əsas səbəbi zirvə yürüşlərinin Qusar rayonunun Laza kəndindən başlanması və uzun piyada məsafənin qət edilməsidir. Ərazidə intensiv qar yağışı bu ekspedisiyaların uğursuzluqla nəticələnməsinə səbəb olmuşdur.

Sonrakı illərdə əraziyə Dövlət Sərhəd Xidmətinin nəzarəti gücləndirilmiş, həmçinin dağlıq sahə Şahdağ Milli Parkının ərazisinə daxil edilmişdir. Bu da dağçılıq fəaliyyətini daha da çətinləşdirmiş, rəsmi icazə prosedurlarını zəruri etmişdir. Qış aylarında isə əksər hallarda icazələr ümumiyyətlə verilməmişdir.

 

2017-ci il Qafqaz Ekspedisiyası

2017-ci ilin fevral ayının əvvəlində beynəlxalq tərkibli bir qrup “Qafqaz Ekspedisiyası 2017” adlı layihə ilə çıxış etmişdir. Ekspedisiyanın planına əsasən Xəzər dənizindən başlayan velosiped yürüşü Xınalıq kəndinə qədər davam etməli, buradan xizək vasitəsilə Bazardüzü zirvəsinə qalxılmalı, daha sonra Böyük Qafqaz silsiləsi boyunca Gürcüstana keçilərək ekspedisiya Qara dəniz sahilində başa çatmalı idi.

Azərbaycan ərazisi üçün rəsmi icazələrin alınması çətin olsa da, mümkün oldu. Ekspedisiyanın Azərbaycan hissəsinə mənim də qoşulmağım Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən əlavə edildi. Mənim ekspedisiyaya qoşulma nöqtəm Xınalıq kəndi idi.

 

Xınalıqdan Şahyaylağa Yürüş

Laza kəndində keçirilən buzadırmanma üzrə ölkə çempionatındakı (4–5 fevral 2017) təşkilati işləri tamamladıqdan sonra Xınalıq kəndinə yollandım. Velosipedlə bir neçə gün öncə yola çıxmış qrup 5 fevral axşam saatlarında Xınalığa çatdı.

Xəritə üzərində marşrutu dəqiqləşdirdikdən sonra 6 fevral tarixində xizəklə Xınalıqdan Şahyaylağa doğru hərəkətə başladıq. Ərazidə qarın çox olması xizəkçilər üçün ideal şərait yaratsa da, xizəksiz hərəkət edən mənim üçün ciddi çətinlik idi.

Bir il əvvəl — mart ayının sonu, aprel ayının əvvəlində avstriyalı qrupla Bazardüzü dağına etdiyim yürüş zamanı Əbil dərəsində qarın həddindən artıq çox olması səbəbindən irəliləyə bilməmiş və geri dönmüşdüm. Həmin vaxt xizək qrupu əvvəlcədən razılaşdırılmış marşrutla fevral ayında zirvəyə çatmışdı. Mən isə Şahyaylaq ərazisində yeni yağan 1,5 metr qalınlığında qar səbəbindən geri dönməyə məcbur qalmışdım.

Bu dəfə isə əvvəlki təcrübəm, fiziki hazırlığım və psixoloji inamım mənə əlavə güc verirdi.

 

1-ci gün

Xınalıqdan başlayan yürüşümüz növbəti dayanacaq olan Şahyaylaq meteoroloji stansiyasına qədər son dərəcə çətin keçdi. Qarın çox və boş olması enerjimi sürətlə tükədirdi. Bəzən cəmi 10 metr irəliləmək üçün uzun vaxt sərf etməli olurdum. Xizək qrupu isə rahat hərəkət edir və getdikcə məndən uzaqlaşırdı.

Yay aylarında avtomobil yolu kimi istifadə etdiyimiz ərazidə qarın hündürlüyü olduqca çox idi. Bu səbəbdən yolun içi ilə deyil, dağın sırtı boyunca 2 800 metr yüksəklikdəki keçidə doğru dırmaşmağa qərar verdim. Qrup üçün bu hissə nisbətən asan idi və 2 800 metrə qalxıb Şahyaylağa enmək 5–10 dəqiqə çəkirdi. Mənim üçün isə bu proses həm vaxt baxımından qeyri-müəyyən, həm də fiziki cəhətdən çox ağır idi.

Qar örtüyünün qalınlığı və hərəkət marşrutu daim sual altında idi. 2 800 metr yüksəklikdən sonra dağın sırtı ilə enişə başladım. Şahyaylaq ərazisində qar daha da dərin idi və artıq qalxa biləcəyim uyğun bir sırt qalmamışdı. Meteoroloji stansiyaya qədər getməyin çətin olacağını anlayırdım.

Xizəkçilər qarda batmadıqları üçün rahat irəliləyirdilər. Mən isə Şahnabad çayının üzərinin donmuş ola biləcəyini düşünərək oradan keçməyi planlaşdırdım. Kramponları ayağıma taxıb çayın üzərində yerləşən daş körpüyə doğru hərəkət etdim. Qarın çox olması səbəbindən Şahyaylaq ərazisini ziq-zaqla keçməli oldum. Harada qarın üstündə ot və ya təpəcik görürdümsə, bilirdim ki, orada qar daha azdır.

Nəhayət, Şahnabad çayına çatdım. Gözlədiyim kimi çayın üzəri tamamilə buz bağlamışdı. Kramponlarla ehtiyatla hərəkət edərək axşamüstü meteoroloji stansiyaya çatdım. Qarın hündürlüyü o qədər idi ki, stansiyanın tualetinə belə qar səviyyəsindən aşağı enərək daxil olurduq.

Qısa istirahətdən sonra ertəsi günün planını müzakirə etdik. Xəritə üzərində marşrutu dəqiqləşdirdik və hərəkət strategiyasını müəyyənləşdirdik. Plana görə səhər saat 04:00-da bir başa zirvəyə cəhd edəcəyimizin üzərində dayandıq. 

2-ci gün

Səhər saat 05:00-da zirvəyə doğru yürüşə başladıq. Hava qaranlıq idi, temperatur xeyli aşağı düşmüşdü. Güclü külək və gecənin sərt soyuğu qarın üzərində toz kimi yayılırdı. Meteoroloji stansiyanın ətrafını əhatə edən, hündürlüyü təxminən 2 metr olan setka tamamilə qarın altında qalmışdı və demək olar ki, görünmürdü.

Qarın üstü ilə getmək nisbətən rahat idi, lakin bəzən üst qat qırılır, dizə qədər qara batırdım. Xizəkçi qrupunun açdığı izlərlə irəliləməyə çalışırdım. Gecə qarın nə qədər dərin olduğunu bilmirdim. Külək getdiyimiz istiqamətdə əsir və hərəkətimi ciddi şəkildə yavaşladırdı.

Əbil dərəsinə çatanda düşündüm ki, vəziyyət ötən ilki kimi olacaq. Elə də oldu. Yenidən qara batdım. 2016-cı ildə bu dərədə cəmi 50 metrlik məsafəni 2 saata qət etməyə çalışmış, lakin keçə bilməmişdim. Bəzi yerlərdə boğaza qədər qara batırdım. Bir gün əvvəl mərhum Akif dayı ilə durbin vasitəsilə Əbil dərəsinə baxarkən orada keçilər və ərazidə dolaşan iki canavar görmüşdük. Səhər eyni yerdən keçərkən, canavarları gördüyümüz nöqtənin bir az aşağısında qara batıb qalmışdım.

Ərazi dumanlı idi. Düşünürdüm ki, canavarlar bir azdan yenidən görünə bilər. Nə irəli gedə bilirdim, nə də geri qayıda. Qar adamı udurdu. Çomaqları güclə basdıqca qarın içində itib-batırdı. İrəliləmək mümkün deyildi. Bu səbəbdən geri dönmək qərarı verdim. Yayda 20–30 dəqiqəyə qət etdiyim məsafəni 3–4 saata gedib-gəldim.

Xizəkçi qrup isə planlaşdırdığımız marşrutla 1 aprel tarixində zirvəyə çatdı. Eyni ərazidə yenə qara batmalar olsa da, bu dəfə dərədən keçmək mümkün olmuşdu. Mən isə yuxarı qalxdıqda artıq xizəkçi qrup gözə dəymirdi və yenə özümlə baş-başa qaldım.

Yuxarı hissələrdə qar boş idi və bu da hərəkəti daha da çətinləşdirirdi. Ziqzaqla irəliləməyə başladım. Elə bil Şahyaylaqda ziqzaqla gedirdim — lazımsız məsafə itirir, enerjimi sürətlə tükədirdim. Gözlədiyimdən qat-qat çox vaxt itirirdim. Günəş artıq doğmağa başlamış, ulduzlar isə səmadan çəkilmişdi.

Təxminən iki saatlıq yürüşdən sonra Yatıq çaya çatdım. Xizəkçilər hələ də görünmürdü. Burada donmuş çayın üzəri ilə və ziqzaqla hərəkət etməli idim. Çayın görünməz təhlükələri vardı. Qar enerjimi ciddi şəkildə azaldırdı. Çayın bəzi hissələri tam donmuşdu, lakin su axan yerlərin ətrafı buzla örtülmüşdü.

Tufançayı keçib Yatığa doğru ziqzaqla yoluma davam edirdim. Qar məni xeyli yormuşdu. Bir müddət sonra 2900 metr düşərgəsi istiqamətində xizəkçilərin fənərlərinin işığını gördüm. Aramızda təxminən 3 km məsafə vardı. Donmuş çayın üzəri ilə hərəkət etdikcə sürətim bir qədər artdı.

Dərənin içində külək güclü idi. Öz təhlükəsizliyimdən çox qrup üçün narahat olurdum. Amma qrup üzvləri məndən daha təcrübəli və peşəkar idilər. Çayın üzəri ilə 2900 metrə çatdım. Buradan sonra daha çətin və riskli sahələr başlayırdı: hər tərəfi uçqun təhlükəsi olan, dərin və dar dərə.

Bir müddət sonra qar yenidən batmağa başladı. Çayın üzəri ilə davam etməyin təhlükəli olduğunu düşünüb indiki Zəfər zirvəsinin sağ qanadındakı qayalıq hissəyə yönəldim. Orada qar az idi və çıxış nisbətən rahat görünürdü. Xizəkçi qrup isə razılaşdığımız marşrutla irəliləyirdi. Zəfərə çıxan sırta çatsam, onları izləyə biləcəyimi düşündüm.

Qayalıqla qalxmaq işi bir qədər asanlaşdırdı. Sırtda qar sərt idi və kranponla hərəkət etdim. Yüksəldikcə qarın miqdarı azalırdı. Gecə əsən güclü külək yumşaq qarı süpürmüşdü. Yuxarı hissələrdə qar tam sərt idi.

Psixoloji olaraq beynimdə fərqli fikirlər dolaşırdı. Birdən çantamdan həmişə özümlə gətirdiyim ətirin qoxusu gəldi. Çantanı açanda tam dağıldığını gördüm. Normalda ətir qoxusunu sevməsəm də, o an məni qəribə şəkildə rahatlaşdırdı. Çay içirdim, enerjim yüksək idi.

Nəhayət Zəfər zirvəsinə çatdım və sırta çıxaraq Bazardüzü dağına doğru yoluma davam etdim. Saat 16:40-da zirvəyə çatdım. Hava möhtəşəm idi — külək yox idi, soyuq hiss olunmurdu və zirvədə qar da az idi. Lakin xizəkçi qrupun hələ zirvəyə gəlməməsi məni ciddi narahat edirdi.

Saat 17:00-a qədər gözləyib sonra enişə başlamağı planladım. Şəkillər çəkdim, zirvəyə çatmağın sevincini yaşadım, amma qrupla bağlı narahatlıq keçmirdi. Bir qərar verməli idim: gəldiyim  marşrutla, yoxsa qrupla planlaşdırdığımız yol ilə enməliydim. Qrupla planlaşdırılan marşrutun riskli olacağını anlayırdım.Xizək qrupunu burda görmək ümidi ilə marşrutla enişə başladım.

İlk mərhələdə eniş nisbətən rahat idi. Lakin 3800 metr aşağıdan sonra qar daha çox və toz kimi boşalmağa başladı. Aşağı endikcə vəziyyət ağırlaşırdı — addım atanda sinəmə qədər qara girirdim. Qar tutmur, tamamilə boş idi. Bu artıq təhlükəli görünürdü.

Ziqzaqlı əraziyə çatanda günəş dağın arxasına keçmişdi. Ziqzaqla enərkən qəfil çatlaq səsi eşitdim. Geri çəkildikcə səs artdı və sol tərəfdəki dərəyə doğru uzandı. Yumalanaraq qaçmağa başladım. Bir an sonra qar qopdu və arxamda toz qar uçqunu yarandı. Son anda uçquna düşmədim. Dərə tamamilə qarla doldu.

Hərəkət etmək son dərəcə çətin idi. Enerjim və suyum tükənmişdi. Hava qaralırdı. Yatıq çayın aşağı hissəsində su tapacağıma ümid edərək enişi davam etdirdim. Xizək izlərini görəndə sevindim — demək, qrup geri dönmüşdü.

Axşam saatları idi. Qar hər addımda vaxtımı alırdı, amma mübarizəni davam etdirirdim. Ay artıq görünməyə başlamışdı. Uçqun zonasından ehtiyatla keçərək nəhayət birinci düşərgəyə çatdım. Bu, ən təhlükəli hissəni arxada qoyduğum demək idi.

Son problem su idi. Dərə tamamilə donmuşdu. Suyun səsini eşitsəm də, ətrafı qalın buzla örtülü idi. Fəxinin yaylağına, Şahnabat çayının birləşdiyi yerə qədər ümidlə irəlilədim. Sərhəd postu yaxınlığında telefon tutdu — meteoroloji stansiyanın əməkdaşları zəng etmişdilər. Gəldiklərini dedilər və mən onlardan yalnız bir şey istədim: su.

Nəhayət Əbil dərəsi yaxınlığında görüşdük. Onlar su yox, çay gətirmişdilər. Artıq fərqi yox idi. Ən önəmlisi, hər şeyin nəzarət altına düşməsi idi. 00:40-da meteoroloji stansiyaya çatdıq — artıq növbəti gün başlamışdı.

Xizəkçi qrupun zirvəyə çıxa bilməməsi və mənim təkbaşına zirvəyə çatmağım onları təəccübləndirmişdi. Üzlərində məyusluq vardı.

Ertəsi gün Kürvə dağ yolu ilə Qəbələyə enmək istədiklərini dedilər. Etiraz etdim — qar çox, uçqun riski yüksək idi. Məni dinləmədilər. Səhər saat 05:00-da stansiyanı tərk etdilər, lakin bir qədər sonra geri qayıtdılar. Qar həddindən artıq idi.

Beləliklə, yürüşün bu hissəsini tamamladıq və Bakıya qayıtmaq qərarı verdik. Sonradan çalışdığım Ekologiya Nazirliyi və Hava və Ekstremal İdman Növləri Federasiyası mənim yenidən yola çıxmağıma icazə vermədi. Qrup isə ekspedisiyanı tamamladı.

Riskli, ağır və qışda az sayda cəhd edilən bir zirvəyə təkbaşına çıxmaq inanılmaz bir hiss idi. Təəssüf ki, həmin ilin dekabrında Tufandağda baş verən faciədən sonra qış yürüşlərinə icazə verilmədi və bütün qış planlarım təxirə düşdü.


Qış Dırmanışının Təhlükələri və Çətinlikləri

Qış dağçılığı sadəcə dağa qalxmaq deyil. Bu, insanın öz sərhədləri ilə üz-üzə qalmasıdır. Yayda tanış olan cığırlar qışda itib gedir, torpaq yerini qara, sükut isə səsə çevrilir. Qar, külək və soyuq təkcə bədəni deyil, insanın düşüncəsini də sınağa çəkir. Qışda dağ səni buraxmır — səni ölçür.

Bu yürüş mənə bir daha göstərdi ki, qış dırmanışı fiziki gücdən çox ağıl, səbr və doğru qərar tələb edir.

 Qarın Aldadıcı Təbiəti

Qışda qar bəzən möhkəm, etibarlı bir döşəmə kimi görünür. Addım atırsan, hər şey qaydasındadır. Amma bir neçə metr sonra üst qat qırılır və sən dizə, bəzən sinəyə, hətta boğaza qədər qara batırsan. Qar insanı səssizcə içinə çəkir. Xüsusilə dərələrdə və küləkdən qorunan yerlərdə qarın dərinliyi gecə ilə gündüz arasında tam fərqli olur. Gecə açılan izlər səhər sanki heç olmayıb.

Bu anlarda anlayırsan ki, qışda qar dost deyil — onu oxumağı bacarmasan, düşmənə çevrilir.

 

Qar Uçqunu Riski

Qış dırmanışının adı çəkiləndə ilk ağla gələn təhlükə uçqundur. Amma uçqun həmişə gurultu ilə gəlmir. Bəzən bir çatlaq səsi, bəzən ayağın altında yaranan zəif titrəyiş kifayət edir. Toz qar, sərt alt qat və küləyin yığdığı qar kütləsi bir anın içində hərəkətə keçir.

Dar dərələrdə qaçış yoxdur. Orada səhv addım ölümcül ola bilər. Uçqun təhlükəsi olan yerdə insan artıq zirvəni yox, çıxış yolunu düşünməlidir.

Görünüşün Məhdudluğu və İtən Marşrutlar

Qışda dağ tanınmaz olur. Yayda əl kimi bildiyin relyef qarın altında yoxa çıxır. Duman, qaranlıq və qar yağışı istiqamət hissini alır. GPS, xəritə, kompas kömək edir, amma hər şeyi həll etmir. Əsas məsələ təcrübə və instinktdir.

Bəzən dayanıb ətrafına baxırsan və anlayırsan ki, dağ səni sınağa çəkir: “Davam edəcəksən, yoxsa geri dönəcəksən?”

 Soyuq, Külək və Enerji Mübarizəsi

Qışda hər addım ikiqat enerji aparır. Toz qarda irəliləmək, kranponla sərt qar üzərində tarazlıq saxlamaq, küləyə qarşı hərəkət etmək — bunların hamısı bədəni tükədir. Amma ən təhlükəlisi su və enerji itkisidir. Susuzluq və halsızlıq qərarverməni zəiflədir.

Bu anlarda insan bədəni ilə deyil, iradəsi ilə hərəkət edir.

 Tək Qalmaq və Psixoloji Yük

Qış dağlarında səssizlik var. Elə bir səssizlik ki, insan öz nəfəsini belə eşidir. Uzun saatlar tək qalanda beynin səninlə danışmağa başlayır. Qorxu, şübhə, suallar…
– Davam edim?
– Geri dönüm?
– Vaxtım yetərmi?

Tək qalmaq insanı gücləndirə də bilər, sındıra da. Qışda psixoloji dözümlülük fiziki gücdən daha önə çıxır.

 

Qrup, Tək Hərəkət və Risk

Qışda tək hərəkət riskin bir neçə dəfə artması deməkdir. İz açmaq, qərar vermək, səhvi tək düzəltmək məcburiyyəti insanı yorar. Qrupla hərəkətdə belə fikir ayrılığı, temp fərqi, marşrut seçimi problem yarada bilər. Amma qrupda risk bölünür, tək olanda isə hamısı sənin üzərinə düşür.

 

Geri Dönməyi Bacarmaq

Qış dırmanışında zirvəyə çatmaq əsas məqsəd deyil. Əsas məqsəd geri qayıtmaqdır. Hava dəyişəndə, qar ağırlaşanda, vaxt uzananda geri dönmək qorxaqlıq deyil — bu, peşəkarlıqdır. Qış dağları tələskənliyi bağışlamır.

Dağ həmişə oradadır. İnsan isə yox.

 

Bu Ekspedisiyanın Mənə Öyrətdikləri

Bu yürüş mənə bir daha xatırlatdı:

  • Qışda hər qərarın qiyməti var

  • Marşrutdan çox vəziyyəti oxumaq vacibdir

  • Tək qalmaq güc verir, amma risklidir

  • Geri dönmək bəzən ən doğru zirvədir

 

Bazardüzüyə Qışda Getmək İstəyənlərə

Bu dağ qışda hər kəs üçün deyil.
Təcrübəsi olmayan, uçqun biliyi zəif olan, solo dırmanışa meyilli insanlar üçün Bazardüzü qışda bağlanmış bir qapıdır.

Hazırlıqlı, təcrübəli və dağa hörmətlə yanaşanlar üçün isə bu dağ insanın özünü tanıdığı bir məktəbdir.

 Qış dırmanışı romantik fotolardan ibarət deyil. O, səssizlik, qorxu, qərar və məsuliyyətdir. Bu ekspedisiya bir daha göstərdi ki, dağ səni zirvəyə görə deyil, yolda necə davrandığına görə qiymətləndirir.

Dağ səni sınayır.
Zirvə isə sadəcə sonda verilən cavabdır.

Paylaş
Babək Orabanlı

Babək Orabanlı

Babək İsgəndərov (Orabanlı) – Peşəkar dağçı, dağ bələdçisi və təlimçi. 15 illik təcrübəyə malikdir, 100-dən çox zirvəyə qalxıb. Azərbaycanın ən yüksək zirvəsi Bazardüzü dağına qışda solo dırmanan ilk azərbaycanlıdır. Dağçılıq və bələdçilik sahəsində müxtəlif beynəlxalq kursları bitirib.

Rəylər (0)

Rəy Bildirin

English