Bloq / Tarixi yerlər / Aqro turizm
9

Xınalıq və Köç Yolu: Azərbaycanın Yarımköçəri Mədəni Landşaftı

Köç Yolu, Xınalıq sakinlərinin ilin iki fəslində – yaz və payız aylarında heyvan sürülərini yaylaq və qışlaq arasında hərəkət etdirdiyi tarixi marşrutdur. Bu yol üzərində qədim qəbiristanlıqlar, müqəddəs pirlər və təbiət möcüzələri yerləşir, çobanlara həm qorunacaq yerləri, həm də təbii resursları göstərir. Hər il minlərlə qoyun və yüzlərlə çoban bu marşrutu keçərək nəsillərdən gələn yarımköçəri mədəniyyət ənənələrini yaşadır.

 

Xınalıq və Köç Yolu: Azərbaycanın Yarımköçəri Mədəni Landşaftı

Azərbaycanın təbii və mədəni zənginlikləri arasında Xınalıq kəndi və onun Köç Yolu xüsusi yer tutur. 2023-cü ilin 18 sentyabr tarixində UNESCO tərəfindən Ümumdünya İrs Siyahısına daxil edilən “Xınalıq və Köç Yolu mədəni landşaftı” nominasiya ərazisi, əsrlərdən bəri qorunmuş yarımköçəri həyat tərzinin nadir nümunəsidir.

Yarımköçəri həyat tərzi və mövsümi köçlər

Xınalıq icmasının sakinləri ildə iki dəfə yaylaq və qışlaq arasında köç edirlər. Dörd ayını Böyük Qafqazın alp-subalp çəmənliklərində keçirən çobanlar, ilin qalan hissəsini Mərkəzi Aranın qışlaqlarında yaşayırlar. Bu mövsümi hərəkət yalnız heyvandarlığın idarə edilməsi üçün deyil, həm də nəsildən-nəslə ötürülən bilik və ənənələrin qorunması üçün vacibdir.

Yaylaq-qışlaq köçləri Xınalıq sakinlərinin təbiətə uyğunlaşmasının və dayanıqlı resurs istifadəsinin əyani nümunəsidir. Hər köç zamanı çobanlar otlaqlar, su mənbələri və təbii resurslardan ən optimal şəkildə istifadə etməyi bacarırlar. Bu təcrübə minilliklər ərzində formalaşmış və bugün də yaşadılır.

Qışlaqlar: Sakitlik və davamlılıq

  Xınalıqlılar üçün qışlaqlar, yarımköçəri həyat tərzinin üç əsas   komponentindən biridir. Qış aylarını burada keçirən ailələr,   heyvanlarını mülayim iqlim şəraitində saxlayır, onları ilboyu təzə   yemlə təmin edirlər. Qışlaqlar adətən Hacıqabul,Qobustan, Siyəzən,   Xızı və Abşeron ərazilərində yerləşir və hər biri 500-1500 hektarlıq   sahəni əhatə edir. Bir neçə çoban və onların ailəsi qışlaqdan birgə   istifadə edir və yarısı yerin altında yerləşən qazmalarda yaşayırlar.

Yaylaqlar: Təbiətin qoynunda həyat

  Xınalıq icmasının həyatında eyni dərəcədə vacibdir. Ailə üzvləri   burada ilin isti aylarını keçirir, mal-qaranı açıq havada saxlayır və təbii   otlaqlardan maksimum istifadə edirlər. Yaylaq sahələrinin sərhədləri     tarixən müəyyən edilib və böyük sürülərin ehtiyacını ödəyəcək   şəkildə  qorunur. Çobanlar bəzən yaylaq sahəsini icarəyə götürür və     bir neçə işçi ilə birlikdə sürünü qoruyur. 

Köç prosesi və mədəni irs

Xınalıq köçəri ailələrinin hər bir üzvü təsərrüfat işlərində iştirak edir. Kişilər sürünü otarır, qadınlar isə yun məmulatları hazırlayır və ev işlərini görür. Köç yolu boyunca hər gün 15-20 km məsafə qət olunur və gecələmək üçün alaçıqlar qurulur.Köç olunacaq əraziyə görə köçün müddəti 10-15-20 gün davam edə bilir. Alaçıq, torpağa basdırılmış çubuqlardan hazırlanır və üstü suya davamlı keçə ilə örtülür. 

Köç yolunun ətrafında qədim qəbiristanlıqlar, müqəddəs pirlər, məscidlər və digər mədəniyyət abidələri yerləşir. Bu yerlər həm tarixi, həm də dini əhəmiyyətə malikdir və Xınalıq icmasının mədəni irsini qoruyur.

UNESCO-nun təsdiqi 

“Xınalıq və Köç yolu mədəni landşaftı” nominasiya sənədi 3-cü və 5-ci meyarlarla təqdim edilib. Bu meyarlar Xınalıq icmasının köçəri heyvandarlıq mədəniyyətini və insan-təbiət harmoniyasını vurğulayır. UNESCO-nun qərarı, bu unikal yarımköçəri həyat tərzinin qlobal əhəmiyyətini təsdiqləyir.

Xınalıq və onun Köç Yolu, Azərbaycan üçün yalnız mədəni irs deyil, həm də təbiət və insan arasında balansın nadir bir nümunəsidir. Burada yaşamaq, minilliklərdən gələn bilik və ənənələrin şahidi olmaq deməkdir.

 

Paylaş
Babək Orabanlı

Babək Orabanlı

Babək İsgəndərov (Orabanlı) – Peşəkar dağçı, dağ bələdçisi və təlimçi. 15 illik təcrübəyə malikdir, 100-dən çox zirvəyə qalxıb. Azərbaycanın ən yüksək zirvəsi Bazardüzü dağına qışda solo dırmanan ilk azərbaycanlıdır. Dağçılıq və bələdçilik sahəsində müxtəlif beynəlxalq kursları bitirib.

Rəylər (0)

Rəy Bildirin

English