Zeyid kəndi, Quba rayonunun Buduq inzibati ərazi dairəsinə daxil olan qədim dağ kəndidir. Kənd qədim Alban yolu üzərində yerləşir və zəngin tarixi ilə diqqət çəkir, burada hicri 1261-ci ilə aid qədim məscid mövcuddur. Zeyid kəndi yerli mədəniyyət, ənənələr və dağ həyatının sükunəti ilə tanınır. Bu kənd etno-turizm və Azərbaycan kənd mədəniyyətini kəşf etmək istəyənlər üçün unikal istiqamətdir.
Alban yolu üzərindəki kəndlərdən biri də Zeyid kəndidir. Quba rayonunun Buduq kənd inzibati ərazi dairəsinə daxildir. Buduq bələdiyyəsinin tərkibinə daxildir. Baş Qafqaz silsiləsinin yamacındadır. Yerli əhali kəndin adını Seyid sözündən yaranma hesab edir və kənd əsasən Seyid adı ilə tanınır. Həqiqətən də kəndin 6 məhəlləsindən ən qədimi Əmir Seyidlidir. Digər məlumata görə, kəndin adı bəzi türk dillərindəki zəy (sulu yer, bulaqlı yer) sözündən və - t cəm şəkilçisindən ibarət olub bulaqlı yer mənasındadır. Kənd ərazisi zəngin su etiyatına, bolsulu bulaqlara malikdir. Deyilənə görə, Zeyid hələ kənd yaranmamışdan əvvəl həmin yeri adı olmuşdur. Yaşayış məntəqəsi də həmin yerin adını qəbul etmişdir. Kənd beş dəfə yerini dəyişmişdir. Kəndin aşağısında Ağqaya deyilən yerdən bəri daşlıqlarda əvvəlcə məskən salan kənd camaatına ilan daraşdığına görə kəndin yeri Babaçayın kənarındakı Şəhərgah deyilən yerə - Qaraçayın sol sahilində Qəbələ–Xınalıq–Şamaxı karvan yolunun üzərinə köçürülüb. Orada da sel gəldiyinə görə Zeyid camaatı Qubanın Zeyid kəndindəki hazırki yerində məskən salmışdır. Kənddə yolsuzluq ucbatından ailələrin köçməsinə görə 2025-ci ilə olan məlumata görə 20 təsərrüfat qalıb. Kənddə məktəb, tibb məntəqəsi, kitabxana, kənd klubu mövcuddur. Kənd camaatı əsasən heyvandarlıqla məşğul olur. Son 2 ildə isə dağın üzərində kartof əkini ilə də məşğul olur. Kəndə Ağqayadan 3 km məsafədə su çəkilib. Quba rayon mərkəzindən Zeyid kəndinə 40 km yoldur. Zeyid kəndində hicri tarixi ilə 1261-ci ilə aid qədim tarixi məscid var. Miladı tarixi ilə 1845/1846-cı illərə uyğun gəlir.
Kənd sonradan yeddi yerə bölünmüşdür. Bunlardan beşi Quba və Xaçmaz rayonları ərazisindədir. Zeyid (Quba), Aşağı Zeyid (Xaçmaz), Qacar Zeyid (Alekseyevka kənd inzibati ərazi dairəsində kənd), Qaracıq Zeyid (Xaçmazın Aşağı Zeyid kənd inzibati ərazi dairəsində kənd), Ağbil (Quba r-nunun Vladimirovka i.ə.v.-də kənd). XIX əsrin ortalarında Zeyid kəndindən çıxmış ailələr həmin kəndə məxsus qışlaqlarda 3 yeni məntəqə salmışdılar. Həmin məntəqələri fərqləndirmək üçün biri Qacar kəndi yaxınlığında yerləşdiyinə görə Qacar Zeyid, Qaracıq kəndi yaxınlığında yerləşdiyinə görə Qaracıq Zeyid, digəri isə Ağbil kəndi yaxınlığında yerləşdiyinə görə Ağbil Zeyid adlandırılmışdır.
Kənd hazırkı yerinə XVII əsrin axırı XVIII əsrin əvvəllərində köçmüşdür. 1796-cı il məlumatlarına görə Quba xanlığının Dağıstan mahalına aid 18 kənddən biridir. 1831-ci il Quba əyalətinin kameral təsvirində Abdulla Abdurrəhman oğlunun (55 yaş) kəndxudası olduğu Zeyid kəndində cəmi 213 nəfər sünni məzhəbli kişi və oğlanın qeydə alınması məlum olur. Bu kəndin sakinləri oturaq həyat tərzi sürür, taxılçılıq və qoyunçuluqla məşğul olurdular. Yüzbaşı xəzinəyə ildə 3 rubl 50 qəp., rəiyyətlərin hər bir ailəsi isə 1 rubl 50 qəp. pul və 1 ruba buğda ödəyirdilər. Kənddə 103 ruba əkinə yararlı, 100 ruba yararsız, 90 ruba biçənək, 100 ruba otlaq sahəsi vardı. Kəndin yanında uzunu və eni 1 verst olan yaylaq vardı.
Bu gün Zeyid kəndi azsaylı əhalisinə baxmayaraq, tarixi yaddaşı, qədim məscidi və dağların qoynunda yerləşən sakit həyatı ilə Azərbaycan kənd mədəniyyətinin canlı nümunələrindən biri olaraq qalır.
Mənbə: Qədim Alban Yolu