Bloq / Kəndlər
12

Buduq kəndi

Buduq kəndi, Azərbaycanın Şimal-Qərb bölgəsində yerləşən qədim dağ kəndidir və unikal təbii mənzərələri ilə tanınır. Kənd qədim etnik mədəniyyət, özünəməxsus dil və ənənələrlə zəngindir. Burada yerli həyat tərzi və qədim adət-ənənələri öyrənmək mümkündür. Buduq kəndi mədəniyyət və etno-turizm üçün xüsusi maraq doğuran məkanlardan biridir.

Buduq kəndi

Alban yolu üzərində yerləşən ən mühüm kəndlərdən biri də Buduq adlanır. Buduq kəndi Qubanın 64 km cənub-qərbində, Qaraçayın sol sahilindən 2 km aralı, Böyük Qafqazın Yan silsiləsinin yamacında yerləşir. Buduqluların ən mühüm yaşayış məntəqəsidir.

Buduq yastanında Gülxana (yerli əhali arasında Çiləxana kimi də tanınır) karst mağarası və eləcə də Qaraçayın sol sahilində Əmbərə dağında insan əli ilə yonulmuş Qoşa mağara var. 

Meşəsiz daşlıq yamacda yerləşən Buduq strateji əhəmiyyətə malikdir. Buduğun görünüşü, təbii mənzərələri, xüsusilə Buduq dərəsi – Axçid şəlaləsi (Axçid – “hündürdən tökülən su” deməkdir) görkəminə və quruluşuna görə insanı valeh edir. 

Buduq uzun müddət mahal mərkəzi olmuş və bir çox kəndlər məhz bu kənddən idarə olunmuşdur. Buduqda Nizami adına sovxoz fəaliyyət göstərirdi. Buduq sovetliyi Buduq, Yalavanc və Dağüstü kəndlərini birləşdirirdi. Dialektlərə bölünməyən vahid dildə danışan buduqlular coğrafi məkan baxımından müxtəlif adlarla – “Baş buduqlu (yəni, buduqda yaşayan buduqlu), Ağyazı; Qarabulaq, Qaraqız (Buduqdan cənub-şərqə tərəf); Qaradağ; Qaraçay (Buduqdan cənuba tərəf), Dəliqaya (Buduqdan şərqə tərəf), Yergüc (Buduqdan şimal-şərqə tərəf); Mədək, Suxtəkələ buduqlusu və s. kimi tanınırlar. 

1831-ci ilə aid Quba əyalətinin kameral təsvirində Buduq kəndi barədə belə qeyd edilmişdir: “Cəmi 993 nəfər sünni məzhəbli kişi və oğlanın qeydə alındığı bu kəndin sakinlərinin oturaq, kiçik bir qismi isə köçmə həyat tərzi keçirir, taxılçılıq, bez parçalar toxunması və qoyunçuluqla məşğul olurdular. İki yüzbaşı ailəsinin hər biri xəzinəyə 3 rubl 50 qəp., rəiyyətərin hər bir ailəsi isə 1 rubl 50 qəp. pul və 1 ruba arpa ödəyir, bundan əlavə torpaq sahibinin xeyrinə mükəlləfiyyətlər ödəyirdilər. Kənddə 750 ruba əkinə yararlı, 3000 ruba yararsız, 1000 ruba biçənək, 1000 ruba otlaq sahəsi və 5 dəyirman vardı.” Buduq kəndi xanlar tərəfindən Rüstəm bəyin sələflərinə mahal naibi olduğu üçün tiyul kimi verilmiş, rus hakimiyyət orqanları da Rüstəm bəyin bu hüququnu təsdiq etmişdilər. Vergi verməyən rəncbərlərin ilk dörd ailəsi Rüstəm Məhəmməd bəy oğluna məxsus idi, (sələflərinə Qubalı Fətəli xan tərəfindən verilmişdir) iki ailə İsmayıl bəy ağaya, iki ailə Mustafa bəy Hüseynxan bəy oğluna, iki ailə Mustafa əfəndiyə, iki ailə Şixican Əfəndi oğluna mənsub idi.

Tarixən 2500-3500 sakini olan kənddə 1991-ci ildə cəmi 527 nəfər (98 təsərrüfat) var idi. Buduq sovetliyində isə 154 təsərrüfatda 780 nəfər var idi. Buduğa aparan yollardakı və kəndin içindəki şəraitsizlik əhalinin sayının azalmasına səbəb olmuşdur. Son 50 ildə buduqların kütləvi halda kəndlərindən getmələri, xüsusi əlifbaya, yazılı ədəbiyyata malik olmamaları onların soy köklərindən uzaqlaşmalarına gətirib çıxarmışdır. XX əsrin 90-cı illərində Qaradağ-Buduq, Güney-Buduq, Bədirqala, Bostançı, Qıraqlı, Qəcər-Zeyid, Vəlvələçay, Qudyalçay, İqriq, Həsənqala, Ködüklü, Amsar palasası, Hacıqayıb, Ərməki, Mirzəqışlağı, Yelenovka, Cek palasası, Sudur oba və s. kəndlərdə onlarla buduqlu ailələrinə təsadüf etmək mümkündür. Suxtəkələ, Dəliqaya, Yalavanc tamamilə buduqlulardan ibarətdir. Qaradağ-buduqda 1990-cı illərdə cəmi 20 buduqlu ailəsi yaşayırdı, Ağyazı-Buduqda isə 101 buduqlu ailəsində 462 nəfər buduqlu yaşayırdı. Onlardan da 100 nəfərdən bira çoxu buduq dilini bilirdi. Qubanın Bağbanlı kəndli buduqlarının ən çox cəmləşdiyi kəndlərdən biri idi. Maraqlıdır ki, kəndin bütün sakinləri XX əsrin 50-ci illərdə buduq dilində danışırdı. XX əsrin 90-cı illərində Bağbanlı əhalisinin 75%-dən çoxunu buduqlular təşkil edirdi və 600 nəfərə yaxın idi. Lakin onların təxminən yarısı (282 nəfər) buduq dilini bilirdlər. Suxtəkələ kəndi tamamilə buduqlu ailələrindən ibarətdir. Bugün buduqluların daha çox cəmləşdikləri şəhərlər Quba, Xaçmaz və Bakıdır. XX əsrin 90-cı illərinin hesablamalarına görə buduqluların sayı 15.000 nəfərdən bir qədər artıq idi. Müasir buduqluların əksəriyyəti öz dillərini bilmir və ya az bilir. Buduqlu hesab edilənlərin 1990-cı illərdə cəmi 30-35 faizi, təxminən 3000 nəfər buduq dilində danışırdı. Hal-hazırda isə Buduq kəndinin özündə demək olar ki, buduq dili tamamilə unudulub getməkdədir. Buduqda qalan buduqlular maldarlıqla, Xaçmaz rayonundakıların əsas hissəsi isə tərəvəzçilik sahəsində çalışırlar.

(Material əsasən Vaqif Buduqlu – Piriyevin “Buduq və buduqlular” (1994) əsəri əsasında hazırlanıb.)

Mənbə: Qədim Alban yolu

Paylaş
" alt="Elnur Nəciyev">

Elnur Nəciyev

Təcrübə: 13 il Zirvələr: 15+ İxtisas: Dağ bələdçisi, tarix üzrə fəlsəfə doktoru, tarix müəllimi. 1989-cu ildə Bakı şəhərində anadan olmuşam. Tarixə olan marağım məni elm yoluna istiqamətləndirdi və bu sahədə ixtisaslaşaraq, Azərbaycan tarixinin müxtəlif dövrlərini dərindən araşdırmağa başladım. Bakı Dövlət Universitetində bakalavr və magistr təhsilimi fərqlənmə ilə başa vuraraq, akademik fəaliyyətə atıldım. Müəllim, elmi işçi və tədqiqatçı kimi çalışaraq, Səfəvi dövrünün əhalisi üzrə elmi tədqiqatımı tamamlayıb tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazandım. Hazırda Bakı Mühəndislik Universitetində Azərbaycan tarixi üzrə baş müəllim kimi fəaliyyət göstərirəm. Elmi fəaliyyətim təkcə universitet divarları ilə məhdudlaşmır. 1 kitab müəllifi, 5 kitabın həmmüəllifi, 1 Atlasın redaksiya heyətinin üzvü və 7 kitabın redaktoru kimi Azərbaycan tarixinin öyrənilməsinə töhfə verməkdə davam edirəm. 30-dan çox elmi məqalə müəllifi olmaqla yanaşı, beynəlxalq platformalarda — Arizona Dövlət Universiteti, Stenford Universiteti, Kaliforniya Universiteti və digər nüfuzlu ali məktəblərin ixtisaslaşma kurslarını uğurla tamamlamışam. Lakin tarix yalnız arxivlərdə yazılmır — o, dağların zirvələrində, unudulmuş kəndlərdə, insan talelərində yaşayır. 2012-ci ildən etibarən dağ kəndlərinə səyahət edərək, yerli mədəniyyəti və qədim tariximizi araşdırmaq mənim üçün əsl ehtirasa çevrilib. Hər bir səyahətim təkcə keçmişi öyrənmək deyil, həm də tariximizin unudulmuş səhifələrini üzə çıxarmaqdır. Araşdırmalarımı məqalələrdə toplayır, tarixi və mədəni irsimizi geniş auditoriya ilə bölüşməyə çalışıram. Keçmişin izlərini yalnız kitab səhifələrində deyil, torpağın özündə tapmaq üçün yola çıxmışam. Tarix danışır — mən isə onu dinləyir və paylaşmaq üçün buradayam.

Rəylər (0)

Rəy Bildirin

English