Bloq / Milli Parklar və Qoruqlar
17

Azərbaycanda Milli Parklar

Azərbaycanın milli parkları ölkənin nadir təbiət incilərini və zəngin biomüxtəlifliyini qorumaq üçün yaradılıb. Bu parklar həm ekoturizm, həm də elmi-tədqiqat fəaliyyəti üçün əlverişli məkandır.

Azərbaycanda Milli Parklar

Milli parklar – xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi, təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlərlə istifadə olunan, təbiəti mühafizə və elmi müəssisə və ya təşkilat statusuna malik ərazilərdir. Azərbaycan Respublikasında milli parklar ətraf mühitin qorunması, bioloji müxtəlifliyin saxlanılması və təbii sərvətlərin gələcək nəsillərə ötürülməsi məqsədi ilə yaradılmışdır.

Milli parkların yaradılmasının əsas məqsədi nadir və nəsli kəsilməkdə olan heyvan və bitki növlərini, onların yaşadığı təbii mühitləri qorumaq, ekoloji tarazlığı saxlamaq və insan fəaliyyətinin təbiətə mənfi təsirlərini minimuma endirməkdir. Eyni zamanda, milli parklar elmi tədqiqatlar aparmaq, ekoloji maarifləndirmə işlərini genişləndirmək, əhalinin təbiətə olan münasibətini müsbət istiqamətdə formalaşdırmaq üçün mühüm vasitədir.

Bundan əlavə, milli parklar ekoturizmin inkişafı üçün əlverişli şərait yaradır. Təmiz hava, təbii gözəlliklər, unikal landşaftlar və nadir canlılar bu əraziləri yerli və xarici turistlər üçün cəlbedici edir. Milli parklar həm də mədəni və tarixi irsin qorunduğu, insanların istirahət etdiyi və təbiətlə birbaşa ünsiyyətə girdiyi məkanlardır.

Beləliklə, Azərbaycanın milli parkları həm təbiəti qoruma, həm də cəmiyyətin təbiətlə əlaqəsini gücləndirmə funksiyasını yerinə yetirən əvəzolunmaz ərazilərdir.

                                                                                                    Şirvan Milli Parkı

Yaradıldığı il: 2003
Sahə (hektar): 54373,5
Olduğu yer: Salyan, Qaradağ və Neftçala rayonlarının ərazilərində. 

Milli Parkın yaradılmasında əsas məqsəd yarımsəhra landşaftının başlıca komponentlərini, Azərbaycan Respublikasının "Qırmızı kitabı"na düşmüş ceyranları və o ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalini ekoloji maarifləndirmək, turizm və istirahət üçün şərait yaratmaqdır. Milli Parkın ərazisində relyefin, bitki və torpaq örtüyünün müxtəlifliyi burada bir sıra təbii landşaft sahələrini ayırmağa imkan verir. Ərazinin əsas hissəsini yovşanlı, şoranotlu yarımsəhra xırda təpəlikləri və şoranotlu yarımsəhra düzənliyi təşkil edir. Ərazidə yayı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır tipli iqlim hakimdir. Milli Parkın ərazisində qaraşoranlı, şahsevdi və duzlaq-çoğanlı, yarımsəhra bitkiləri və çərənli-yovşanlı, yovşanlı-efemerli, yovşanlı, xos təkli, dənli-müxtəlifotlu, efemerli, sahil qumlu və çala-çəmən (dəvəotlu) bitki formasiyaları üstünlük təşkil edir. Şirvan Milli Parkının ərazisində 4 növ suda-quruda yaşayan heyvanlara rast gəlinir. Bunlar Suriya sarımsaqiyli qurbağa (Pelobates syriacus), yaşıl quru qurbağası (Bufo viridis), Kiçik Asiya ağac qurbağası (Hyla arborea savigini) və göl qurbağasıdır (Rana ridibunda). Suriya sarımsaqiyli qurbağa nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş növ olduğu üçün "Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Siyahısı"na və Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmişdir, qanunla qorunur.

  

Şirvan Milli Parkının heterofaunasını 17 növ sürünən heyvanlar təşkil edir. Aralıqdənizi və ya quru tısbağası nadir və nəsli kəsilmək  təhlükəsi ilə üzləşmiş növ olduğu üçün "Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Siyahısı"na və Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmişdir, qanunla qorunur. Cənubi Qafqaz gürzəsi Milli Parkın ərazisində geniş yayılmış sürünən növlərdəndir. Tibbi xammal olan zəhərinə görə gürzə ilanları qiymətli sürünən növü hesab olunur. Quşların miqrasiyası və qışlama dövründə göllərin və dənizin dayaz yerlərində əsasən yaşılbaş ördəklər (Anas platyrhynhos), fitçi cürə (A.crecca), boz ördək (A.strepera), marek (A.penelope), bizquyruq (A. aguta), cırıldayan cürə (A. querqudela), enliburun ördək (A. clypeata), flaminqo (Phoenicopterus ruber), fısıldayan qu (Jygnus cygnus), qaşqaldaq (Fulica atra), dərin su sahələrində isə qırmızıburun (Netta rufina), qırmızıbaş (Aythya ferina), kəkilli (A. fuligula) və dəniz dalğıcları (A.marila), güləyən ördək (Bucephala clangula) və digər ördək növləri toplantılar əmələ gətirirlər. Göstərilən biotoplarda iyrəncələrə (Podicipedidae), qutanlara (Pelcanidae), qarabattaqlara (Phalacrocoracidae) və qağayılara (Laridae) rast gəlinir. Göllərin ətrafındakı açıq bataqlıq sahələrdə, dənizsahili nəmli qumsallıqlar və laqunalarda çovdarçılar (Jharadridae), bizdimdiklər (Recurvirostridae) və bekaslar (Scolopacidae) toplantılar əmələ gətirir.

Azərbaycan və dünya miqyasında təhlükədə olan quşlardan Milli Parkın ərazisində 34 növə rast gəlinir. Onlardan 14-ü yalnız Azərbaycanın "Qırmızı Kitabı"na, 10-u ancaq "Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısı"na, 10-u isə həm Azərbaycanın "Qırmızı Kitabı"na (1989), həm də "Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısı"na (2002) daxil edilmişdir. Ceyran, safsar və çöl pişiyi respublikamızın "Qırmızı Kitabı"na daxil edilmişdir. Xəzər suitisi, ceyran və safsar "Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısı"nda müxtəlif statusla qorunan növlər elan edilmişdir. Bütün yarasa növləri EUROBATS Sazişinə görə mühafizə olunurlar.

Şirvan Milli Parkının Turizm üçün Əhəmiyyəti

Şirvan Milli Parkı, nadir flora və fauna müxtəlifliyi ilə təbiət sevərlər, fotoqraflar, tədqiqatçılar və ekoturizm həvəskarları üçün unikal imkanlar təqdim edir. Parkın əsas turizm cəlbediciliyi ceyranların təbii şəraitdə müşahidəsi və yarımsəhra ekosistemləri ilə tanışlıq imkanlarıdır. 

Parkın düzənlikləri və gölləri quş müşahidəsi (birdwatching) üçün  olduqca əlverişlidir  – burada xüsusilə qış mövsümündə flaminqo, ördək və digər miqrasiya edən su quşları böyük sayda toplanır. Ekoloji turizm sahəsində parkın önəmi həm də təbiətin qorunması və maarifləndirmə məqsədlərinə xidmət etməsidir. Ərazidə yaradılmış müşahidə məntəqələri, təlim yolları və bələdçi xidmətləri turistlərə təbiətə zərər vermədən ərazini tanımaq imkanı verir. Əlavə olaraq, Şirvan Milli Parkı elmi tədqiqat, foto safari, yürüş və velotur kimi fəaliyyətlər üçün də potensiala malikdir.Əlverişli iqlimi, yol infrastrukturu və Bakıya yaxınlığı (təxminən 130 km) da parkın turizm cəlbediciliyini artırır. Yerli icmalar üçün isə turizm fəaliyyəti alternativ gəlir mənbəyi yaratmaqla, dayanıqlı inkişafın təşviqinə şərait yaradır.

                                                                                         Ağgöl Milli Parkı

Yaradıldığı il: 2003

Sahə (hektar): 17,924

Olduğu yer: Ağcabədi və Beyləqan rayonlarının ərazisində. 

 

Ağ göl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların və digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Ağ gölün qorunmasının beynəlxalq əhəmiyyəti vardır. Bu da göldə adları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahı"sına və Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmiş quşların məskunlaşması ilə bağlıdır. Ağ göl mühüm su-bataqlıq ərazisi kimi miqrasiya edən quş növlərinin qışlama yeri olub, 2001-ci il 25 may tarixində "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında" Ramsar Konvensiyasının "Ramsar Siyahısı"na daxil edilmişdir. Ağ göl Milli Parkının yaradılmasının əsas məqsədi mühüm su-bataqlıq ərazilərini, həmin əraziyə xas olan yarımsəhra landşaftını, göldə və onun ətrafında məskunlaşmış nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərini qorumaq, ərazi üçün xarakterik olan bəzi fauna növlərini keçmiş ərazilərinə reintroduksiya etmək, eləcə də ətraf mühitin monitorinqini, əhalinin ekoloji cəhətdən maarifləndirilməsini və ekoturizmin inkişafını təmin etməkdir. Göl əsasən qamışlıqlarla əhatə olunmuşdur.

Milli Parkın ərazisində yayı quraq keçən yarımsəhra və quru bozqırların mülayim-isti iqlim tipi hakimdir. Belə iqlim şəraiti (gölün suyunun bəzən qışda donması müstəsna olmaqla) burada quşlar və məməlilərin məskunlaşması üçün əlverişli şərait yaradır. Ağ göl Milli Parkında quşlardan mərmər cürə, turac, bəzgək, qara leylək, böyük və kiçik qarabattaqlar, harayçı və fısıldayan qu quşları, Misir vağı, çobanaldadan, böyük su fərəsi, sultan toyuğu, ərsindimdik, qıvrımlələk qutan, ağquyruq dəniz qartalı, ağgöz dalğıc, adi qızılqaz, yaşılbaş ördək, qazlar (boz, qaşqa və qırmızıdöş) və s. məskunlaşmışdır. Milli Parkın ərazisində məməli heyvan növlərindən canavar, çaqqal, çöl donuzu, tülkü, dovşan və müxtəlif yarasalara rast gəlinir. Qamışlıqlarda isə heyrətamiz qamış pişiyinin güclü populyasiyasına təsadüf olunur.

Turizm üçün Əhəmiyyəti

Ağgöl Milli Parkı özünün zəngin su-bataqlıq ekosistemi, quş müxtəlifliyi və sakit təbiət mənzərələri ilə ekoturizm və təbiət turizmi üçün əvəzsiz bir məkan hesab olunur. Xüsusilə quş müşahidəsi (birdwatching) sahəsində yüksək potensiala malik olan bu ərazi, yerli və beynəlxalq təbiətsevərləri cəlb edə bilər. Ramsar Konvensiyası ilə qorunan nadir və köçəri quş növlərinin burada müşahidə edilməsi parkı ornitoloqlar və fotoqraflar üçün maraqlı məntəqəyə çevirir.


Milli Park həmçinin təbiət tədqiqatçıları, ekoloji maarifləndirmə proqramları və təhsil turları üçün əlverişli şərait təqdim edir. Gölün ətrafındakı qamışlıqlar, açıq düzənliklər və yarımsəhra landşaftı ekosistemlərin müxtəlifliyini nümayiş etdirir və bu da ziyarətçilərə bənzərsiz təbiət təcrübəsi yaşadır.

Ağgölün mülayim iqlimi, sakin və müdaxiləsiz təbiəti, fotoqrafiya və təbiət gəzintiləri üçün mükəmməl mühit yaradır. Ətraf kəndlər üçün bu park dayanıqlı turizm fəaliyyətləri və alternativ gəlir mənbələri yaratmaqla həm iqtisadi, həm də ekoloji cəhətdən əhəmiyyətli rol oynaya bilər. Parkın turizm potensialı onun mühafizə statusuna zidd olmadan, idarə olunan və məsuliyyətli turizm fəaliyyətləri ilə inkişaf etdirilə bilər.

                                                           Akademik H.Əliyev adına Zəngəzur Milli Parkı
Yaradıldığı il: 2009
Sahə (hektar): 42797,4
Olduğu yer: Kiçik Qafqaz və Naxçıvan Muxtar Respublikası ərazisində.

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli Sərəncamı ilə Ordubad rayonunun inzibati ərazisinin 12131,0 hektar sahəsində Ordubad Milli Parkı yaradılmışdır. Milli Parka akademik Həsən Əliyevin adı verilmişdir. 2009-cu il 25 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ordubad Milli Parkının ərazisi Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına genişləndirilərək sahəsi 42797,4 hektara çatdırılmışdır. 

Eyni sərəncamla Milli Parkın adı dəyişdirilərək Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılmışdır. Milli Parkla yanaşı, xüsusi mühafizə olunan təbiət ərazisinin 27870,0 hektarında Ordubad Dövlət Təbiət Yasaqlığı yerləşir. Orta hündürlüyü 3200 metrə çatan Zəngəzur silsiləsi Kiçik Qafqazın bütün silsilələrindən yüksəkdir.

 

Onun ən yüksək zirvəsi olan Gəmiqaya Zəngəzur Milli Parkının ərazisində olmaqla 3906 metrdir. Bu, eyni zamanda Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisində ən yüksək zirvəsidir. Zəngəzur silsiləsinin sonuncu üçüncü hissəsi Soyuq dağdır ki, o da Zəngəzur Milli Parkının ərazisinə daxildir. Soyuq dağın mütləq yüksəkliyi 2000-3000 metr arasında tərəddüd edir. Zəngəzur Milli Parkının ərazisinin çox hissəsi dağlıqdır. Yayı quraq keçən soyuq iqlimi var. Orta temperatur yanvar ayında 3-10°C-dək, iyulda 10-25°C-dəkdir. İllik yağıntı 300-800 mm-dir. Zəngəzur Milli Parkının su şəbəkəsini, əsasən, ərazidən axan çaylar təşkil edir. Ordubad rayonunun ərazisində çay şəbəkəsi bərabər inkişaf etməmişdir. Ərazidən axan çaylardan Gilançay, Düylünçay, Vənəndçay, Əylisçay, Ordubadçay, Gənzəçay, Kotamçay, Kilitçay öz mənbələrini bulaqlardan, yağış və qar sularından götürür. Başlanğıcını Göy-göldən götürən Sağarsu çayı Gilançaya tökülür. Naxçıvan Muxtar Respublikası ərazisində 38 növ və yarımnöv sürünənlər mövcuddur. Bunlardan 5 növ tısbağa, 12 növ və yarımnöv ilanlara rast gəlmək olar. Naxçıvan Muxtar Respublikası öz quş faunasının zənginliyinə görə Azərbaycan Respublikasında özünəməxsus yer tutur. Ərazidə 217 növ və yarımnöv quşa rast gəlinir ki, bunlardan 15 növü "Qırmızı Kitab"a daxil edilmişdir. Naxçıvan Muxtar Respublikasında 62-yə qədər məməli heyvan növünə və ya yarımnövünə təsadüf edilir.

 

Bunlardan 32 növ və ya yarımnövə Zəngəzur Milli Parkının və Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisində rast gəlinir. Naxçıvan Muxtar Respublikası ərazisində 12 növ yırtıcı heyvan yayılmışdır. Bunlardan Milli Parkın ərazisində canavar, çaqqal, adi tülkü, zolaqlı kaftar, daşlıq dələsi, porsuq, meşə pişiyi və s. rast gəlmək mümkündür. Azərbaycan sularında 100-dən artıq balıq növü yaşayır. Bunlardan Naxçıvan sularında 16 növ balığın olması müəyyən edilmişdir. Zəngəzur Milli Parkının və Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisi ali və nadir bitkilərə görə də zəngindir. Belə ki, Muxtar Respublika ərazisində bitən 110 növ ali və nadir bitkidən 77 növü Milli Parkın və yasaqlığın ərazisində mövcuddur və əksəriyyətinin adları "Qırmızı Kitab"a daxil edilmişdir. Zəngəzur Milli Parkının və Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisi fauna və floranın zənginliyi ilə yanaşı, həm də təbii və tarixi abidələr diyarıdır.

 

Turizm üçün Əhəmiyyəti

Akademik H.Əliyev adına Zəngəzur Milli Parkı unikal təbiəti, zəngin biomüxtəlifliyi və bənzərsiz dağ mənzərələri ilə dağ turizmi, ekoturizm, təbiət turları və elmi turizm üçün geniş imkanlar yaradır. Parkda yerləşən Gəmiqaya zirvəsi (3906 m) və Soyuq dağ silsiləsi alpinistlər və dağ yürüşü həvəskarları üçün cəlbedici marşrutlar təklif edir. Dağlıq relyef, kəskin iqlim dəyişiklikləri və əlçatmaz təbiət parkı macəra axtaran turistlər üçün cazibədar edir. Zəngəzur silsiləsi nadir bitki və heyvan növləri, xüsusilə "Qırmızı Kitab"a

daxil edilmiş flora və fauna ilə tanınır. Bu isə parkı təbiət fotoqrafları, bioloqlar və elmi tədqiqatçılar üçün xüsusi əhəmiyyətə malik məkan edir. Parkın ərazisində 217 növ quş, 32 növ məməli və 77 növ nadir bitkiyə rast gəlinməsi onu biodiversitet turları üçün ideal məkana çevirir.Zəngəzur Milli Parkı yalnız təbiət deyil, həm də mədəni və  tarixi turizm üçün böyük potensiala malikdir. Gəmiqaya və ətraf ərazilər qayaüstü təsvirlər, tarixi abidələr və mədəni irs nümunələri ilə zəngindir. Bu xüsusiyyət parkı tarix və mədəniyyət maraqlılarına da cəlbedici edir.Parkın dağ çayları, bulaqları və sərin yay havası yay turizmi üçün əlverişli şərait yaradır. Eyni zamanda, az inkişaf etmiş və müdaxiləsiz təbiət sayəsində sakitlik və tənha təbiət axtaran turistlərə uyğun məkandır. Burada təşkil ediləcək ekoloji maarifləndirmə düşərgələri, təbiət turları və yerli bələdçilərlə yürüşlər bölgənin sosial-iqtisadi inkişafına da töhfə verə bilər.

                                          

                                                                  Abşeron Milli Parkı
Yaradıldığı il: 2005
Sahə (hektar): 783
Olduğu yer: Bakı şəhərinin Xəzər rayonunun ərazisində, Abşeron yarımadası.

Abşeron Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 fevral tarixli Sərəncamı ilə 783 hektar sahədə, Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılmışdır. Milli Park yarımadanın cənub-şərq qurtaracağında — Şah Dili ərazisində yerləşir. Abşeron Milli Parkının yaradılmasında başlıca məqsəd ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin (Xəzər suitisi, ceyran, kəkilli dalğıc, gümüşü qağayı, yaşılbaş ördək və s.) qorunub saxlanılması, ekoturizmin inkişaf etdirilməsi, turizm və istirahət (rekreasiya) zonalarının yaradılması, ekoloji monitorinqin həyata keçirilməsi və əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təmin etməkdir. Abşeron Milli Parkının heyvanat aləmi çox zəngindir. Quşlardan gümüşü qağayı, fısıldayan qu quşu, boz və qırmızıbaş qazlar, bizquyruq, yaşılbaş ördək, ağgöz qara ördək, kəkilli dalğıc, böyük ağ vağ, qumluq cüllütü, qaşqaldaq, bataqlıq belibağlısı, dəniz bozcası və s., məməli heyvan növlərindən isə ceyran, canavar, çaqqal, çöl pişiyi, yenot, oxlu kirpi, tülkü, porsuq, dovşan, Xəzərin sularında suiti və həmçinin müxtəlif növ balıqlar məskunlaşmışdır. Abşeron Milli Parkının Xəzər dənizi ərazisində xeyli miqdarda Xəzər suitisi yayılmışdır. Bu növ, pərayaqlıların yeganə nümayəndəsidir ki, Dünya okeanının ən kiçik suitisi kimi "Ginnes"in rekordlar kitabına daxil edilmişdir.

 

Turizm üçün Əhəmiyyəti

Abşeron Milli Parkı, Bakı şəhərinə yaxınlığı, unikal təbiəti və biodiversiteti ilə həm yerli, həm də xarici turistlər üçün əlçatan və maraqlı ekoturizm məkanıdır. Xəzər dənizinə çıxışı, qumlu sahilləri və bozqır çölləri parkı şəhər həyatı ilə təbiət arasında körpü rolu oynayan unikal məkana çevirir.

Parkın ərazisində ceyranlar, Xəzər suitisi, canavar, yenot, çöl pişiyi kimi nadir heyvanlara, həmçinin kəkilli dalğıc, gümüşü qağayı, ördəklər, qazlar, vağlar və digər su quşlarına rast gəlmək mümkündür. Bu xüsusiyyətlər parkı quş müşahidəsi (birdwatching), vəhşi təbiət fotoqrafiyası və təbiət gəzintiləri üçün ideal məkana çevirir.

 

Xəzər suitisinin burada geniş yayılması Abşeron Milli Parkını regionun nadir və diqqətçəkən su-bataqlıq ekosistemlərindən birinə çevirir. Suiti müşahidəsi və Xəzərin sahilində təbiətə yaxın vaxt keçirmək istəyənlər üçün park xüsusi cazibəyə malikdir. Suitilər "Ginnesin Rekordlar Kitabı"na düşmüş pərayaqlıların ən kiçik nümayəndəsidir və bu da turistlər üçün əlavə maraq yaradır.

Bakıdan sadəcə bir neçə saatlıq məsafədə yerləşməsi sayəsində Abşeron Milli Parkı həm günübirlik səyahətlər, həm də ekoloji maarifləndirici ekskursiyalar üçün əlverişli yerdir. Burada ekoturizm fəaliyyəti ilə yanaşı, ətraf mühitin qorunması və ekoloji maarifləndirmə tədbirləri də həyata keçirilə bilər.

Parkda yaradılacaq turizm marşrutları, məlumatlandırıcı stendlər, bələdçi xidməti və təbiət müşahidə nöqtələri vasitəsilə turistlər həm istirahət edir, həm də ətraf təbiət barədə biliklər əldə edə bilərlər.

                                                                         Altıağac Milli Parkı
Yaradıldığı il: 2004
Sahə (hektar): 11035
Olduğu yer: Xızı və Siyəzən rayonlarının ərazilərində.
Qısa məlumat: Altıağac Milli Parkı Altıağac Dövlət Təbiət Qoruğu və ona həmsərhəd olan dövlət meşə fondu torpaqlarının bazasında 11035 hektar ərazidə yaradılmışdır. Milli Parkın yaradılmasının başlıca məqsədi Böyük Qafqazın cənub-şərqi yamaclarının təbii landşaftlarının qorunub saxlanılması, flora və fauna növlərinin bərpası, təbii komplekslərin mühafizəsinin gücləndirilməsi, ekoloji monitorinqin həyata keçirilməsi və eləcə də, turizm və istirahət (rekreasiya) üçün şərait yaradılması və əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təmin etməkdir.

 

Milli Parkın ərazisində qonur dağ-meşə, çürüntülü-karbonatlı dağ-meşə, qəhvəyi dağ-meşə, bozqırlaşmış dağ-çəmən və s. torpaq tipləri yayılmışdır. Ərazidə qışı quraq keçən mülayim-isti və yayı quraq keçən mülayim-isti iqlim tipləri hakimdir. Milli Parkın ərazisinin çox hissəsini meşələr əhatə edir. Buradakı meşələri əmələ gətirən əsas ağac növləri Qafqaz palıdı, Qafqaz vələsi, Şərq fısdığı, adi göyrüş, itiyarpaqlı ağcaqayındır. Burada yemişan, böyürtkən, əzgil, qaratikan, itburnu və s. kimi kol bitkiləri üstünlük təşkil edir. Altıağac Milli Parkının ərazisində məməlilərdən cüyür, qonur ayı, çöl donuzu, vaşaq, yenot, dovşan, tülkü, dələ, canavar, quşlardan qırqovul, alabaxta, bildirçin, çobanaldadan, çöl qartalı, kəklik, qaratoyuq və s. növlərə rast gəlinir. Ərazidə adları Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilmiş qonur ayı, çöl qartalı kimi məməli heyvan və quş növləri diqqəti daha çox cəlb edir.

Turizm üçün Əhəmiyyəti

Altıağac Milli Parkı, Böyük Qafqazın cənub-şərq yamaclarında yerləşən zəngin təbii ehtiyatları və əlverişli coğrafi mövqeyi ilə Azərbaycanda ekoturizmin inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Bakı şəhərinə yaxınlığı sayəsində bu park günübirlik təbiət turları, ailəvi istirahət, təbiət yürüşləri (hiking) və təhsil məqsədli ekskursiyalar üçün ideal məkandır.

Parkın ərazisindəki geniş meşə massivləri, dağ-çəmən landşaftları, Qafqaz palıdı, vələs, Şərq fısdığı kimi nadir ağaclar və böyürtkən, itburnu, yemişan kimi meyvə verən kol bitkiləri turistlər üçün həm gözoxşayan mənzərə, həm də təbiətə yaxınlıq imkanı yaradır. Bu ərazi fəsil turizmi üçün də əlverişlidir – yazda yaşıllıqlar, payızda isə rəngarəng meşələr xüsusi cazibə daşıyır.

Parkın faunası da ekoturizm üçün böyük imkanlar yaradır. Qonur ayı, vaşaq, çöl qartalı, kəklik, cüyür, dovşan kimi nadir heyvan və quş növləri burada müşahidə oluna bilər. Bu, vəhşi təbiət müşahidəsi (wildlife watching), fotoqrafiya turları və təbiət araşdırmaları üçün əlverişli şərait yaradır. Qonur ayı və çöl qartalı kimi “Qırmızı Kitab”a düşmüş növlər isə xüsusi maraq doğurur.

Altıağac Milli Parkı həm də sakitlik axtaranlar, şəhər həyatından uzaqlaşıb təbiətlə baş-başa qalmaq istəyənlər üçün dəyərli məkandır. Ərazi boyu salınacaq turizm marşrutları, piknik və istirahət zonaları, ekoloji informasiya stendləri və bələdçi xidmətləri parkı daha da cəlbedici edə bilər.

Altıağac Milli Parkı Azərbaycanın təbiət turizmi xəritəsində mühüm yer tutur və həm yerli, həm də xarici turistlər üçün unikal təbii sərvətləri ilə zəngin bir ekosistem təqdim edir.

                                                                               Göygöl Milli Parkı
Yaradıldığı il: 2008
Sahə (hektar): 12755
Olduğu yer: Göygöl, Goranboy və Daşkəsən rayonlarının ərazilərində.
Qısa məlumat: Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 01 aprel tarixli 2744 nömrəli Sərəncamı ilə Göygöl, Goranboy və Daşkəsən rayonlarının inzibati ərazilərinin 12755 hektar sahəsində Göygöl Milli Parkı yaradılmışdır. Milli Park Göygöl Dövlət Təbiət Qoruğunun bazasında və ona bitişik meşə və dövlət torpaqlarının hesabına yaradılmışdır.

Qoruq içməli su mənbəyi kimi Göygölün suyunun saxlanılması və təmizliyinin təmin edilməsi, Kiçik Qafqazın tipik landşaftının, faunasının və florasının qorunub saxlanılması, mühafizəsi və öyrənilməsi məqsədilə yaradılmışdır. Göygöl Milli Parkının əsas hissəsinin relyefi üçün dərin dərələr, uzun suayırıcıları, müxtəlif meyllikli yamaclar səciyyəvidir. Ərazi müxtəlif çayların dərələri ilə  xeyli parçalanmışdır. Ərazidə qışı quraq keçən soyuq iqlim və qışı quraq keçən mülayim-isti iqlim tipləri hakimdir. Havanın orta illik temperaturu 4-100 arasında tərəddüd edir. İllik yağıntının miqdarı 600-900 mm-dir. Kiçik Qafqazın şimal yamaclarının subalp    zonasının bir hissəsi və orta dağlıq meşələri, Göygöl, Maral, Zəli göllərinin ekosistemi qoruğun əsas mühafizə olunan obyektlərindəndir. Parkın heyvanlar aləmi bir çox vəhşi məməli və  quş növlərindən ibarətdir    ki, bunlardan nəcib Qafqaz maralı, ayı, cüyür, porsuq, meşə pişiyi,  samur, vaşaq, dovşan, dələ, quşlardan Xəzər uları, qara kərkəs, kəklik və s. göstərmək olar. Ərazidə məskunlaşan heyvanlardan ikisinin — Şərqi Qafqaz təkəsi və Zaqafqaziya qonur ayısının adı "Qırmızı Kitabı"a düşmüşdür. Qırmızı kitablarda Göygöldə yaşayan və və qorunan forel balığının və bir çox quşların da adı vardır. Göygöl Milli Parkının əsas hissəsi zəngin bitki örtüyünə malikdir.Burada dağ-meşə, dağ-bozqır, subalp və alp dağ-çəmən bitki ekosistemləri yayılmışdır. 1100-2200 m hündürlükləri əhatə edən dağ meşələri çox zəngin bitki örtüklü olub, 80-ə qədər ağac və kol növünə malikdir. Meşələrin əsas hissəsini kiçik yarpaq ağaclardan şərq fısdığı, şərq palıdı, Qafqaz vələsi, tozağacı, adi göyrüş, itiyarpaqlı ağcaqayın, cökə, iynəyarpaqlı ağaclardan qarmaqvari şam təşkil edir. Kol bitkilərindən zoğal, zirinc, itburnu, əzgil, gərməşov, böyürtkən və s. yayılmışdır. Ot bitkilərindən Qafqaz bənövşəsi, alp dişəsi, steven zəncirotu, xırdaçiçəkli ziboldiya, zəngçiçəyi, çobanyastığı, şırımlı topal, ağbığ, qırtıc və göstərmək olar.

 Turizm üçün Əhəmiyyəti

Göygöl Milli Parkı Azərbaycanın ən məşhur və sevilən təbiət turizmi mərkəzlərindən biridir. Gözəl və bənzərsiz təbiəti, zəngin florası və faunası, füsunkar gölləri ilə bu park ekoturizm, istirahət və maarifləndirici səfərlər üçün mükəmməl məkandır.

Parkın əsas cazibə mərkəzlərindən biri olan Göygöl — saf təbiəti, kristal təmizliyi və ətrafındakı meşələrlə birlikdə bənzərsiz mənzərə təqdim edir. Bu göl yalnız təbiət sevərlər üçün yox, həm də fotoqrafiya, video çəkiliş, yürüş (trekking) və meditasiya ilə maraqlanan turistlər üçün də cəlbedicidir. Göygöl ilə yanaşı Maral və Zəli gölləri, dağ çayları və dərələri də parkın ecazkar mənzərəsini tamamlayır.

Ərazi müxtəlif dağ ekosistemlərini — dağ-meşə, subalp və alp çəmənliklərini əhatə etdiyindən, burada fəsillərə görə fərqli turizm təcrübələri yaşamaq mümkündür. Yazda      al-qırmızı laləliklər və çiçəkli çəmənlər, yayda meşələrdə gəzinti və sərin hava, payızda isə rəngarəng yarpaqlar və romantik mənzərələr turistləri cəlb edir.

Parkın faunası da ekoturistlər üçün çox maraqlıdır. Burada Qafqaz maralı, Şərqi Qafqaz təkəsi, Zaqafqaziya qonur ayısı, vaşaq, meşə pişiyi kimi nadir və qorunan heyvanlara rast gəlmək mümkündür. Quş müşahidəçiləri üçün Xəzər uları, qara kərkəs, kəklik və digər quşlar əvəzsiz müşahidə imkanı yaradır.

Göygöl Milli Parkı həmçinin təbiətə əsaslanan təhsil və ekoloji maarifləndirmə proqramları, təhsil turları, gənclər düşərgələri üçün də ideal məkandır. Dağlıq relyef, iqlim müxtəlifliyi, bitki və heyvan zənginliyi onu ekoloji tədqiqat və elmi ekskursiyalar üçün də önəmli edir.

Göygölə gedən yol boyunca salınmış istirahət zonaları, marşrutlar, bələdçi xidmətləri, turizm infrastrukturu bu parkı ilboyu minlərlə turist üçün əlçatan və rahat edir.

Göygöl Milli Parkı həm təbiətə sevgi aşılayan, həm də Azərbaycanın turizm potensialını dünyaya tanıdan unikal bir məkan olaraq yüksək dəyərə malikdir.

                                                                                Şahdağ Milli Parkı

Yaradıldığı il: 2006
Sahə (hektar): 115895
Olduğu yer: Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonlarının ərazilərində.
Qısa məlumat: Şahdağ Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 8 dekabr tarixli 1814 nömrəli Sərəncamı əsasında yaradılmışdır. Ərazisi ilkin olaraq 115895 hektar təşkil edir ki, bundan İsmayıllı və Pirqulu Dövlət Təbiət Qoruqları 21014 hektar, Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu torpaqları 81797 hektar və həmin rayonların hüdudlarındakı yüksəkliklərdə yerləşən və istifadəsiz yaylaqlar 13084 hektar təşkil edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 08 iyul 193/S saylı Sərəncamı ilə Şahdağ Milli Parkın ərazisi 14 613,1 hektar genişləndirilərək, 130 508,1 hektara çatdırılmışdır. Şahdağ Milli Parkının yaradılmasında məqsəd çoxlu sayda endemik və nəsli kəsilməkdə olan növlər və transsərhəd köçəri heyvanlar da daxil olmaqla qlobal əhəmiyyətli dağ meşələri və yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosisteminin bərpası, qorunması və idarə edilməsi, torpağın münbit qatının qorunub saxlanılması, ərazi üçün xarakterik olan fauna və flora növlərinin qorunması, artırılması və zənginləşdirilməsi, həmçinin, təbii kompleksin sabitliyinin tənzimlənməsi, elmi-tədqiqat işlərinin aparılması üçün daha əlverişli şəraitin yaradılması, eləcə də ətraf mühitin monitorinqi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və böyük turizm potensialı olan ərazidə ekoturizmin inkişafının təmin edilməsidir. Milli Parkın ə razisinin yerləşdiyi yüksəklik onun iqliminin müxtəlifliyinə, bitki örtüyünün torpaqlarının və heyvanlar aləminin zənginliyinə əsaslı təsir göstərmişdir. Buradakı meşələr zəngin, füsunkar və gözəl mənzərələr yaratmaqla məşhurdur. Relyefin şaquli dəyişməsi və parçalanması, mürəkkəb iqlim şəraiti və torpaq örtüyü burada bitki örtüyünün olduqca müxtəlifliyinə səbəb olmuşdur.

 Turizm üçün Əhəmiyyəti

 Şahdağ Milli Parkı Azərbaycanın və Cənubi Qafqazın ən böyük və ən zəngin təbiət ərazilərindən biri olmaqla, turizm baxımından ölkənin əsas ekoturizm mərkəzlərindən sayılır. 130 min hektardan artıq sahəni əhatə edən bu park həm yerli, həm də xarici turistlər üçün dünyada nadir rast gəlinən təbiət və istirahət imkanları təqdim edir.

Parkın yerləşdiyi Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonları onsuz da turizm baxımından tanınmış bölgələrdir. Şahdağ Milli Parkı bu bölgələrin təbiət potensialını birləşdirərək genişmiqyaslı ekoturizm və aktiv turizm imkanları yaradır. Ərazinin müxtəlif hündürlüklərdə yerləşməsi, iqlim dəyişkənliyi və zəngin landşaftı burada turizm fəaliyyətlərinin çoxçeşidli olmasına səbəb olur. Yay aylarında yürüşlər (hiking, trekking), dağ velosipedi turları, foto-turlar, təbiət müşahidəsi (birdwatching, wildlife watching) kimi fəaliyyətlər geniş yayılıb. Qış aylarında isə bu ərazinin yaxınlığında yerləşən Şahdağ Qış-Yay Turizm Kompleksi turistlərə dağ-xizək idmanı, snowboard və digər qış turizmi növlərini təqdim edir. Parkda rast gəlinən endemik və nadir heyvan və bitki növləri, təbiət sevərlər, tədqiqatçılar və ekoturizm həvəskarları üçün unikal müşahidə imkanları yaradır. Qafqaz dağkeçisi, cüyür, ayı, vaşaq, qartal kimi heyvanların müşahidəsi və foto çəkilişi ilə maraqlanan ekoturistlər üçün bu park əvəzolunmaz məkandır. Şahdağ Milli Parkı həm də ekoloji maarifləndirmə və təbii elmlər üzrə tədris proqramları üçün ideal şəraitə malikdir. Tələbə və məktəblilər üçün maarifləndirici səfərlər, yay düşərgələri və təbiət dərsləri burada geniş tətbiq oluna bilər. Parkın ərazisində salınmış turizm marşrutları, bələdçi xidmətləri, nəqliyyat əlçatanlığı və turizm infrastrukturu onun turizm dəyərini daha da artırır. Şahdağ Milli Parkı, həmçinin, regionda dayanıqlı turizm modelinin qurulması üçün mühüm nümunə ola bilər. Bütün bu imkanlar Şahdağ Milli Parkını təbiət turizmi, ekoloji turizm, idman turizmi və elmi-tədris səfərləri üçün ideal və çoxşaxəli bir istiqamətə çevirir. Park həm də Azərbaycanın daxili və beynəlxalq turizm potensialının inkişafına töhfə verən strateji məkanlardan biridir.

                                           

                                                                            Samur-Yalama Milli Parkı
Yaradıldığı il: 2012
Sahə (hektar): 11772,45
Olduğu yer: Xaçmaz rayonu ərazisində.
Samur-Yalama Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Xaçmaz rayonunun inzibati ərazisində yaradılmışdır. Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazisində olan dövlət meşə fondu torpaqlarının əlavə olunan yerquruluşu planında göstərilmiş 11772,45 hektarlıq sahəyə malikdir. Milli Parkın florasında itburnu, sarmaşıq, dazı otu, yağı otu, ballı nanə və başqa dərman bitkiləri geniş yayılmışdır. Torpaqları çəmən-meşə, şabalıdı və açıq şabalıdıdır. Çəmən və kolluqlar geniş yayılmışdır. Düzənlik meşələri də var. Xaçmaz faunasının əsas nüməyəndələri Çöl donuzu, yenot, qırqovul, kəklik və s.-dir. Sahil suları balıqla zəngindir. Termal və mineral su bulaqları vardır. Xaçmazda ovçuluq və balıqçılıq üçün yaxşı şərait var, Ovçular Cəmiyyəti fəaliyyət göstərir. "Gülalan gölü" qoruğu bu Cəmiyyətin nəzdindədir.

Turizm üçün Əhəmiyyəti

Samur–Yalama Milli Parkı, Azərbaycanın şimal-şərqində — Xaçmaz rayonunun ərazisində yerləşməsi və Qafqaz dağlarından Xəzər sahilinə qədər uzanan təbii keçid zonasında   olması ilə seçilir. Bu coğrafi mövqe parkı ekoturizm və istirahət baxımından çox əlverişli   bir məkana çevirir. Xəzər dənizinə yaxınlığı, sahil meşələri, çəmənliklər, termal bulaqlar və zəngin fauna/flora müxtəlifliyi ilə bu park unikal turizm resurslarına sahibdir.

Ərazidə geniş yayılan düzənlik meşələri, kolluqlar və dərman bitkiləri ilə zəngin təbiət turistlərə relaksasiya, istirahət, gəzinti və ekoloji təcrübə qazanmaq imkanı yaradır. Parkın florasında yer alan itburnu, sarmaşıq, ballı nanə və dazı otu kimi nadir və müalicəvi bitkilər xüsusilə təbiət sevərlərin, fotoqrafların və botanika tədqiqatçılarının marağına səbəb olur.

Milli Parkın faunasına daxil olan çöl donuzu, yenot, qırqovul, kəklik kimi heyvan növləri heyvan müşahidəsi (wildlife watching) və ovçuluq turizmi üçün əlverişli imkanlar yaradır. Ərazidə fəaliyyət göstərən Ovçular Cəmiyyəti və onun nəzdindəki "Gülalan gölü" qoruğu, idman ovçuluğu və balıqçılıq kimi turizm fəaliyyətlərini təşkil etmək baxımından potensial sahibidir.

Ərazidəki sahil suları balıqla zəngin olduğu üçün balıqçılıq turizmi, həmçinin termal və mineral bulaqların olması sağlamlıq və spa turizmi növlərinin inkişafı üçün münbit şərait yaradır. Bu isə daha geniş turist auditoriyasını — aktiv istirahət axtaranları, təbiət sevərləri, sağlamlıq məqsədli səyahət edənləri cəlb edə bilər.

Samur–Yalama Milli Parkı həmçinin ailəvi istirahət, düşərgə turları və məktəblilər üçün ekoloji maarifləndirici səfərlər baxımından da böyük imkanlara malikdir. Parkın paytaxta və digər iri şəhərlərə yaxın olması, yol infrastrukturunun inkişaf etmiş olması, regionda qonaqlama və xidmət infrastrukturunun mövcudluğu bu ərazidə turizmin inkişafını sürətləndirə bilər.

Bütün bu amillər Samur–Yalama Milli Parkını Azərbaycanın dayanıqlı ekoturizm inkişaf strategiyası üçün əhəmiyyətli bölgələrdən birinə çevirir. Park həm daxili, həm də xarici turistlər üçün yeni, dincəlməyə və təbiətlə əlaqə qurmağa imkan verən alternativ məkandır.

                                                                         Qızılağac Milli Parkı

Yaradıldığı il: 2018
Sahə (hektar): 88400
Olduğu yer: Lənkəran, Masallı və Neftçala 

Qızılağac Milli Parkı Xəzər dənizinin cənub-qərb sahilində, Lənkəran rayonu ərazisində, Lənkəran şəhərinin mərkəzindən 35 km aralıda, Sara yarımadası istiqamətində yerləşir. Qoruq 3 iyun 1929-cu ildə yaradılmış, 26 sentyabr 2018-ci ildə isə Milli Park statusu almışdır. Milli Parkın ərazisinə Qızılağac körfəzi, Kiçik Qızılağac körfəzi və onların sahil zonası daxildir.

 

Ərazidə qızılağac ağaclarının çoxluğuna görə qoruq bu adı almışdır. Qızılağac – meşələrin kənarında, çay və göl sahillərində bitən, geniş qırmızı yarpaqları olan bir ağac növüdür.

Qızılağac Milli Parkı sahəsinə görə Azərbaycanda birinci, yaradılma tarixinə görə isə üçüncü qoruq hesab olunur. Parkın ilkin sahəsi 180 min hektar olmuş, hazırda isə 88,4 min hektar təşkil edir.

Milli Parkın yaradılmasında əsas məqsəd ərazidəki təbii kompleksin öyrənilməsi, burada yaşayan bitki və heyvan növlərinin qorunması və onların populyasiyasının artırılmasıdır.

Qızılağac qoruğu 1976-cı ildə YUNESKO-nun “Su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan sulu-bataqlıq yerlər haqqında” Konvensiyası (Ramsar Konvensiyası) çərçivəsində, quşların məskunlaşması baxımından beynəlxalq əhəmiyyətə malik 12 qoruqdan biri kimi tanınmışdır. Buna görə də Milli Parkın ərazisi beynəlxalq əhəmiyyətli qoruq hesab olunur.

 

Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilmiş quş növlərinin əksəriyyəti Milli Parkın və onun sərhəd ərazilərinin sakinləridir. Burada 248 növ quş, 30-dan çox balıq növü və bir çox başqa heyvan növləri yaşayır. Milli Park ərazisində hər il 300-ə yaxın quş növü məskunlaşır. Bunlara qıvrımlələk qutan, çəhrayı qutan, qara leylək, dəniz qartalı, məzar qartalı, boz kəklik, turac, adi dovdaq, sultantoyuğu, ərsindimdik, çəhrayı flaminqo və digərləri daxildir. Hər il Qərbi Sibir, Qazaxıstan, Cənubi Ural və Şimali Avropadan bir çox quş növü burada qışlamağa gəlir.

Milli Parkla yanaşı, 1978-ci ilin fevral ayından etibarən burada Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığı da fəaliyyət göstərir. Yasaqlıq Kiçik Qızılağac körfəzinin orta və cənub hissəsində yerləşir.

Turizm üçün Əhəmiyyəti 

Qızılağac Milli Parkı, Xəzər dənizinin cənub-qərb sahilində yerləşərək, zəngin təbiəti və biyoçeşidliliyi ilə turizm üçün mühüm əhəmiyyətə malikdir. Park, quş gözləmə turizmi üçün ideal bir məkandır, çünki hər il 300-ə yaxın quş növü burada məskunlaşır, o cümlədən çəhrayı flaminqo və qara leylək kimi nadir növlər. Bu park həm də ekoturizm və təbii gözəlliklər ilə maraqlanan ziyarətçilər üçün təbii bir cənnət təqdim edir. Xüsusilə, parkın sulu-bataqlıq sahələri və qızılağac ağacları ilə zəngin meşələri, təbiətsevərlər və fotoqraflar üçün cəlbedici bir məkandır.

                                                                                     Hirkan Milli Parkı

Yaradıldığı il: 2004
Sahə (hektar): 21435
Olduğu yer: Astara-Lənkaran

Milli Parkının ərazisi genişləndirilərək 40358 hektara çatdırılmışdır. Milli Parkın yaradılmasında əsas məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, Üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycan Respublikasının”Qırmızı Kitab”ına daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, ictimaiyyətin məlumatlandırılması, eləcə də tədqiqatlar, turizm və istirahət üçün şəraitin təşkilidir.

 

Hirkan Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 81 №-li Sərəncamı ilə 2004-cü ilin 9 fevral tarixində yaradılmışdır. Milli Park Azərbaycanın cənub-şərqində, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşir. Ərazisi 21435 hektardır. Milli Park Talış dağlarının öz unikal təbiət kompleksləri ilə fərqlənən təbii ərazilərini əhatə edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 23 aprel tarixli Qərarı ilə Hirkan Milli Parkının ərazisinin çox hissəsini meşələr və şimal-qərbdən cənub-şərqə doğru uzanan sıra dağlar əhatə edir. Ərazidə əsasən yayı quraq keçən mülayim-isti iqlim tipi hakimdir. Buranın yayı quraq, payızı rütubətli, qışı isə mülayimdir. Hirkan Milli Parkının ərazisi şaquli qurşaq üzrə çox ucalmasa da ( 1000 m-ə qədər), şərqdən qərbə dağlara qalxdıqca, meşələrin şaquli qurşaqlar üzrə dəyişdiyini müşahidə etmək olar: aşağı hissədə əsasən, şabalıdyarpaq palıd, dəmirağac və vələsin (İpək akasiya, Xəzər lələyi, Hirkan ənciri, Qafqaz xurması, azat ilə birlikdə) üstünlük təşkil etdiyi meşələr yayılmışdır. Hündürlüyə qalxdıqca, əsasən dəmirağac, qismən də şabalıdyarpaq palıd azalır, onları fısdıq meşələri əvəz edir. 

Ərazinin bitki aləminin zənginliyi burada çoxsaylı heyvanların yaşamasına imkan yaratmışdır. Parkın heyvanat aləmi çox zəngindir. Burada məməlilərdən bəbir, xallı maral, vaşaq, porsuq, çöl donuzu, cüyür, yenot və s. novlərə rast gəlmək olar. Ərazidə suda-quruda yaşayan heyvan növlərindən adi triton, daraqlı triton, Suriya sarımsaqiyli qurbağası, Qafqaz xaçlıcası, adi quru qurbağası yayılmışdır. Milli Parkın ərazisində sürünənlərdən Aralıq dənizi tısbağası, zolaqlı çılpaqgöz kərtənkələ, girdəbaş yovşanlıq kərtənkələsi, xarabalıq kələzi, Eskulap ilanı və s. növlər mövcuddur.

Hirkan Milli Parkının ornitofaunasına daxil olan qara leylək, məzar qartalı, qıvrımlələk qutan, turac, mərmər cürə, Talış qırqovulu, Hirkan arıquşu, toğlugötürən və s. quşların adları Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmişdir. Milli Parkın entomofaunası endem növlərlə zəngindir. Ərazidə “Qırmızı Kitab”a düşmüş növlərdən tündqırmızı Talış uzunbığı, Talış kökyeyəni, üçpərli Talış qaçağanı, palıd diserkası, eyfema, Talış brameyası, iri tənək hafı, Oxim qızılı kəpənəyi, Aleksandra sədəflisi, Talış məxməri kəpənəyi və başqa həşəratlara rast gəlmək olar.

Milli Parkın meşələrində ayıdöşəyi, Hirkan bigəvəri, Hirkan şümşadı, pırkal, müxtəlif lianlar geniş yayılmışdır. Bu bitkilərin əksəriyyətinin adı Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmişdir. Hirkan Milli Parkının yerləşdiyi Lənkəran zonasının subtropik meşələrinin ən səciyyəvi xüsusiyyətlərindən biri də burada Hirkan tipli meşələrin yaxşı saxlanılması, bir çox endemik, nadir ağac və kol bitkilərinin geniş yayılmasından ibarətdir. Hirkan Milli Parkı həmçinin öz nadir təbiət abidələri ilə də məşhurdur. Burada 100-dən çox təbiət və mədəniyyət abidələri var. Ən məşhur təbii meşə abidələrindən biri Astara rayonunun Züngüləş kəndi yaxınlığında yerləşir. Xəzər dənizinin yaxınlığı, təbiətin rəngarəngliyi ərazidə ekoturizmin inkişafı və ətraf mühitin öyrənilməsi üçün əlverişli şərait yaradır. 

Hirkan meşələrinin YUNESCO-nun Ümumdünya Mədəni və Təbii İrs Siyahısına daxil edilməsi üçün layihə smeta sənədləri hazırlanaraq, Ümumdünya İrs Siyahısına göndərilmişdir.

Turizm üçün Əhəmiyyəti

Hirkan Milli Parkı, Azərbaycanın cənub-şərqində yerləşən və zəngin təbiətə sahib olan unikal bir ərazidir. Bu parkın turizm üçün böyük əhəmiyyəti vardır, çünki o, həm ekoturizm, həm də kultural turizm üçün çoxsaylı imkanlar təqdim edir.

 

Parkın flora və fauna müxtəlifliyi, xüsusilə endemik bitki növləri, çoxsaylı nadir və qorunan heyvanlar, həmçinin zəngin ornitofauna, təbiətsevərlərə və fotoqraflara təbii gözəllikləri kəşf etmək üçün əlverişli şərait yaradır. Hirkan meşələri, Talış dağlarının unikal təbiət kompleksləri və subtropik iqlim şəraiti, təbiət və ekosistemin fərqli üzlərini göstərən bu parkı həm təbiət həvəskarları, həm də tədqiqatçılar üçün cazibədar edir.

Parkda həmçinin ekoturizm fəaliyyətləri, gəzinti turları, trekking və səyahətlər üçün mükəmməl şərait mövcuddur. Xüsusilə Hirkan arıquşu, qara leylək, məzar qartalı kimi xüsusi quş növlərinin müşahidəsi, quş müşahidəçiləri və təbiətsevərlər üçün unikal təcrübələr təqdim edir.

Hirkan Milli Parkı, həmçinin kultural turizm baxımından da mühüm əhəmiyyətə malikdir. Burada 100-dən çox təbiət və mədəniyyət abidəsi mövcuddur. Parkın yaxınlığında yerləşən Züngüləş kəndi və digər təbii abidələr, tarix və təbiətin birləşdiyi unikal məkanlardır.

Xəzər dənizinin yaxınlığı və müxtəlif təbii abidələrin olması parkın turizm potensialını daha da artırır. Ekoturizm və təbii mühitin qorunması məqsədilə bu park, həm yerli, həm də xarici turistlər üçün təbiətlə iç-içə olmaq, təmiz hava almaq və ekologiyanı yaxından öyrənmək imkanı təqdim edir.

YUNESCO-nun Ümumdünya Mədəni və Təbii İrs Siyahısına daxil olmaq üçün müraciət edilən bu ərazi, turizm inkişafı baxımından böyük bir potensiala sahibdir və Azərbaycanın ekoturizm sektorunun önəmli tərkib hissəsidir. Hirkan Milli Parkı, həmçinin yerli əhali üçün iqtisadi faydalar gətirir və bu sahədə iş imkanlarının yaradılmasına şərait yaradır.

İlisu Milli Parkı

Yaradıldığı il: 2025
Sahə (hektar): 13 966
Olduğu yer: Qaz-Zaqatala

İlisu Milli Parkı Azərbaycan Respublikasının şimal-qərbində, Böyük Qafqazın cənub makroyamacında yerləşən və yüksək təbii dəyərə malik qorunan ərazilərdən biridir. Parkın yaradılmasında əsas məqsəd bu regiona xas olan dağ-meşə ekosistemlərinin, alp və subalp çəmənliklərinin, nadir flora və fauna növlərinin kompleks şəkildə qorunması, elmi tədqiqatların aparılması, ekoloji monitorinqin təşkili və dayanıqlı turizm üçün şəraitin yaradılmasıdır.


 

Milli Park dəniz səviyyəsindən 550 metrdən 2500 metrədək yüksəklik intervalını əhatə edir. Bu hündürlük fərqi landşaft müxtəlifliyini daha da artırır: dağətəyi çəmənliklər və çay vadiləri, yüksək mailliyə malik dağ meşələri, qayalıqlar, eləcə də alp və subalp çəmənlikləri burada paralel şəkildə mövcuddur. Landşaftın bu qədər zəngin olması parkın ekoloji baxımdan strateji əhəmiyyətini yüksəldir.

İlisu Milli Parkının bitki örtüyü olduqca zəngindir. Ərazidə Şərq fıstığı, Şərq palıdı, Qafqaz vələsi, Trautfetter ağcaqayını, Litvinov tozağacı, giləmeyvəli qaraçöhrə, Qafqaz quşarmudu və Qafqaz xirniki kimi qiymətli ağac və kol növləri yayılmışdır. Eyni zamanda Mozalan quşsəhləbi, sarıçiçək səhləb və satirvari steveniella kimi nadir səhləb növləri parkın floristik dəyərini daha da artırır. Bu bitkilərin bir hissəsi Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmişdir.

Heyvanat aləmi də parkın əsas üstünlüklərindən biridir. Burada çöl donuzu, qonur ayı, boz canavar, adi tülkü, daşlıq dələsi, porsuq, meşə pişiyi, boz dovşan, Avropa vaşaqı, Avropa cüyürü, Qafqaz köpgəri, Şərqi Qafqaz turu və Qafqaz nəcib maralı kimi məməlilərə rast gəlinir. Park eyni zamanda zəngin quş faunası ilə seçilir; Qafqaz tetrası, Qafqaz uları, bərqud və saqqallı kərkəs kimi nadir quş növləri burada yaşayır. Bu növlərin bir qismi “Qırmızı Kitab”da qorunan fauna siyahısına daxildir.


Turizim üçün əhəmiyyətli

İlisu Milli Parkı ekoturizm və aktiv istirahət baxımından Azərbaycanın ən perspektivli ərazilərindən biri hesab olunur. Dağlıq relyef, geniş panoramlar, təmiz hava və zəngin biomüxtəliflik bu ərazini təbiətsevərlər, dağ yürüşü həvəskarları və fotoqraflar üçün cəlbedici edir.

Parkın alp və subalp çəmənlikləri trekking və hiking marşrutları üçün əlverişli şərait yaradır. Fərqli yüksəklik qurşaqları sayəsində turistlər qısa məsafədə müxtəlif landşaft tiplərini müşahidə edə, fəsillərə görə dəyişən təbiət mənzərələrini kəşf edə bilirlər. Yabanı fauna ilə zəngin olması isə vəhşi təbiətin müşahidəsi və quş müşahidəçiliyi (birdwatching) üçün geniş imkanlar açır.


 

İlisu Milli Parkı həm də regionun mədəni və təbii irsi ilə turizmi birləşdirmək baxımından mühüm rol oynayır. Parkın yaxınlığında yerləşən dağ kəndləri, xüsusilə İlisu ərazisi, tarixi-memarlıq irsi və yerli həyat tərzi ilə turizm təcrübəsini daha da zənginləşdirir. Bu, ekoturizmlə yanaşı, kultural turizmin də inkişafına şərait yaradır.

Dayanıqlı turizm prinsipləri əsasında idarə olunan İlisu Milli Parkı yerli əhali üçün yeni iqtisadi imkanların yaranmasına, regionda məşğulluğun artmasına və təbiətin qorunması ilə turizmin balanslı şəkildə inkişafına xidmət edir. Bu baxımdan park, Azərbaycanın şimal-qərb regionunda ekoturizmin əsas dayaq nöqtələrindən biri kimi strateji əhəmiyyət daşıyır.


Axar-Baxar Milli Parkı

Yaradıldığı il: 2025
Sahə (hektar): 23 901,99
Olduğu yer: Qax, Samux və Yevlax

Axar-Baxar Milli Parkı Azərbaycan Respublikasının mərkəz və şimal-qərb hissəsini əhatə edən, ekoloji baxımdan olduqca strateji ərazi kimi formalaşdırılmışdır. Parkın yaradılmasının əsas məqsədi yarımsəhra, bozdağ, tuqay meşələri və çayboyu ekosistemlərin kompleks şəkildə qorunması, nadir və endemik flora-fauna növlərinin mühafizəsi, eyni zamanda elmi tədqiqatlar, ekoloji monitorinq və dayanıqlı turizmin inkişafı üçün şəraitin yaradılmasıdır.

Milli Park mürəkkəb coğrafi quruluşa malikdir. Ərazidə ardıc və saqqızağacı cəngəllikləri ilə səciyyələnən bozdağ landşaftları, kserofit və efemer bitki assosiasiyalarının üstünlük təşkil etdiyi arid yarımsəhra bozqırları, eləcə də Qanıxçay boyunca uzanan tuqay meşəlikləri və qamışlıqlar geniş yayılmışdır. Bu landşaft müxtəlifliyi parkın biomüxtəlifliyini və ekosistem dəyərini əhəmiyyətli dərəcədə artırır.


 

Axar-Baxar Milli Parkının florası zəngin və nadir növlərlə təmsil olunur. Ərazidə ağıriyli ardıc, saqqızağacı, ağ qovaq, Şərq palıdı, Eldar armudu kimi qiymətli ağac və kol növləri ilə yanaşı, Qafqaz xarıbülbülü, nöqtəli səhləb, Eyxler dağlaləsi, şoranyer qarğasoğanı və Gürcü süsəni kimi nadir və qorunan bitkilərə rast gəlinir. Bu növlərin əksəriyyəti Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmişdir.

Parkın fauna aləmi də yüksək müxtəlifliyi ilə seçilir. Burada çöl donuzu, qonur ayı, boz canavar, adi tülkü, daşlıq dələsi, porsuq, meşə pişiyi, boz dovşan, Avropa vaşaqı, çöl pişiyi, zolaqlı kaftar, çay samuru, safsar və ceyran kimi məməli növləri yaşayır. Ərazi eyni zamanda zəngin ornitofaunaya malikdir: imperator qartalı, qara kərkəs, ağbaş kərkəs, ilanyeyən qartal, çay qaraquşu, ağquyruq dəniz qartalı, qara leylək, çöl qartalı və böyük xallı qartal kimi nadir quş növləri parkın mühüm ekoloji göstəricilərindəndir. Bu fauna nümayəndələrinin əhəmiyyətli hissəsi “Qırmızı Kitab”da qorunan növlər sırasındadır.


Turizim üçün əhəmiyyətli

Axar-Baxar Milli Parkı ekoturizm və təbiət əsaslı turizm növləri üçün geniş potensiala malikdir. Parkın yarımsəhra bozqırlarından tutmuş çayboyu tuqay meşələrinə qədər uzanan müxtəlif landşaftları turistlərə qısa məsafədə fərqli təbiət mühitlərini müşahidə etmək imkanı yaradır. Bu xüsusiyyət parkı təbiət fotoqrafları, tədqiqatçılar və macəra yönümlü səyahətçilər üçün cəlbedici edir.

Qanıxçay vadisi boyunca yerləşən tuqay meşələri və su-bataqlıq əraziləri quş müşahidəçiliyi üçün xüsusi maraq doğurur. Nadir yırtıcı quşların və köçəri növlərin izlənməsi bu ərazini ornitoloji turizm baxımından ön plana çıxarır. Eyni zamanda yarımsəhra və bozdağ zonaları biomüxtəlifliklə maraqlanan turistlər üçün fərqli ekoloji təcrübə təqdim edir.

Axar-Baxar Milli Parkı həm də regionlararası turizm marşrutlarının formalaşdırılması üçün əlverişli mövqedə yerləşir. Qax, Samux və Yevlax rayonlarını birləşdirən bu ərazi, təbiət turizmi ilə yerli mədəni mühitin tanıdılmasını paralel şəkildə inkişaf etdirmək imkanı yaradır. Dayanıqlı turizm prinsipləri əsasında idarə edildiyi halda, park həm təbiətin qorunmasına, həm də yerli icmalar üçün uzunmüddətli sosial-iqtisadi faydaların formalaşmasına xidmət edən mühüm ekoturizm mərkəzinə çevrilə bilər.

 

Mənbə: https://nationalparks.az/parklar/qizilagac-milli-parki

Paylaş
Babək Orabanlı

Babək Orabanlı

Babək İsgəndərov (Orabanlı) – Peşəkar dağçı, dağ bələdçisi və təlimçi. 15 illik təcrübəyə malikdir, 100-dən çox zirvəyə qalxıb. Azərbaycanın ən yüksək zirvəsi Bazardüzü dağına qışda solo dırmanan ilk azərbaycanlıdır. Dağçılıq və bələdçilik sahəsində müxtəlif beynəlxalq kursları bitirib.

Rəylər (0)

Rəy Bildirin

English