Azərbaycanın qədim və sirli guşələrindən biri olan Xınalıq, təkcə qədim tarixi və unikal dili ilə deyil, həm də özündə saxladığı mistik məkanlarla tanınır. Bu məkanlardan biri də "Atəşgah" adlanan müqəddəs yerdir. Xınalıq kəndindən təxminən 4-5 kilometr aralıda, dəniz səviyyəsindən 2500-2600 metr yüksəklikdə yerləşən Atəşgah, əsrlərdir burada yaşayan insanların inanc sisteminin bir parçası olub.

Atəşgahın Tarixi və Mifologiyası
Atəşgah Xınalıq dilində "Ca yuvr ciğa" (od yeri) adlanır. Burada təbii qazın yerin altından çıxması nəticəsində davamlı yanğın müşahidə olunur. Yerli əhali bu alovu müqəddəs sayır və qədim zamanlardan bu yerə böyük hörmətlə yanaşır. Tarixi mənbələrə görə, Atəşgah qədim dövrlərdə Hindistandan gələn atəşpərəstləri də özünə cəlb edib. Onlar buranı ibadət yeri kimi qəbul edib və müqəddəs odun ətrafında dualar ediblər.Məşhur tədqiqatçı Adam Olearius (1599–1671) öz qeydlərində Qafqaz dağlarını "Elburz" adlandırmış və burada daim yanan odlar haqqında məlumat vermişdir. Onun yazdığına görə, zərdüştilər bu müqəddəs ocağı qoruyub saxlamış və ona ibadət etmişlər. Atəşin heç vaxt sönməməsi isə bu yerin ilahi bir qüvvəyə sahib olduğu inancını formalaşdırmışdır.

Atəşgahın Arxeoloji Tədqiqatları
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, doktor İdris N.Əliyev Xınalıq yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı bu ərazidə qədim qurbangah tikililərinin izlərinə rast gəldiklərini bildirir. O qeyd edir ki, Xınalıq sakinlərinin əksəriyyəti hazırda müsəlman olsalar da, onların dini baxışları islam və zərdüştilik inanclarının sinkretik birləşməsidir. Bu səbəbdən atəşə olan hörmət və inam hələ də davam edir.
Xınalıq Atəşgah: Əvvəl və İndi
Atəşgahlar, yəni od məbədləri, tarix boyu Azərbaycan ərazisində geniş yayılmışdır. Xüsusilə Zərdüştilik dövründə müqəddəs hesab edilən bu məbədlər təbii qaz sızmaları nəticəsində daim yanan alovlarla tanınırdı. 2016-cı ilə qədər mövcud olan Atəşgahda od qayaların arasından təbii olaraq çıxırdı. 5 oktyabr 2016-cı il tarixində Dünya Zərdüşti Evinin dəstəyi ilə mühəndis Fərrux Coratın rəhbərlik etdiyi işçi qrupu qədim Atəşgahın yenidən bərpası istiqamətində mühüm bir addım atdı. Azərbaycan Respublikasının ən yüksək yaşayış məntəqəsi olan Xınalıq ərazisində qədim Atəşgahın yerində yeni bir Od Məbədi – Zərdüşti Atəşgahı yenidən quruldu. Bu layihə çərçivəsində Atəşgah və Odlar Evi yenidən inşa edilərək tarixi və dini dəyərlərin qorunması istiqamətində mühüm bir iş görülmüşdür. Məbədin yenidən qurulmasından sonra xüsusilə Hindistandan gələn ziyarətçilərin sayı artmağa başladı. Atəşpərəstlər məbədə gələrək ayinlər icra edir və dualar edirlər.

Atəşgaha Səfər: Nə Gözləmək Olar?
Əgər Atəşgah məbədinə çıxmaq istəyirsinizsə, Xınalıq kəndindən piyada və ya yolsuzluq avtomobilləri ilə gedə bilərsiniz. Maşınla getdikdən sonra son hissədə təxminən 200 metr piyada yol qət etmək lazımdır. Piyada yolu hazırda yaxşı vəziyyətdədir və səyyahlar üçün nisbətən rahatdır. Qeyd etmək lazımdır ki, Atəşgah ərazisinə səfər etməzdən əvvəl Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə müraciət edərək icazə almaq tələb olunur.